Milli təfəkkür, milli qürur, milli köklərinə bağlılıq hissi Ulu Öndər Heydər Əliyevin həyat amalı idi.
Xalq şairi Səməd Vurğunun “Azərbaycan” şeirinin ilk bəndinin dördüncü - “Ayrılarmı könül candan” misrasını söyləyərkən Ulu Öndərin gözlərinə dolan yaş, canı kimi sevdiyi vətəninə könlündən gözünə axan məhəbbətin nişanəsi idi. Vətənə olan məhəbbətin bundan üstün ifadəsi ola bilməzdi. Təsadüfi deyildir ki, Heydər Əliyevin sənətinə yüksək qiymət verdiyi görkəmli musiqiçi Müslüm Maqomayev Ulu Öndərin Vətənə olan böyük sevgisini nəzərə alaraq “Azərbaycan” (sözləri şair Nəbi Xəzrinindir) mahnısını ona ithaf edib. “Vətənə məhəbbət himni” kimi səslənən, bu mahnını dinləyəndən sonra Ulu Öndər deyib: “Mən bu mahnını çox sevirəm, o məni çox həyəcanlandırır, çünki mahnıda deyildiyi kimi, Azərbaycan, həqiqətən, həyatımın mənasıdır.”
Heydər Əliyev ölkəmizin gələcək inkişafını sürətləndirmək məqsədilə, elm, sənət, ədəbiyyat və mədəniyyət sahəsində əməyi olan savadlı, dünyagörüşlü, bacarıqlı insanların dəyərini yüksək qiymətləndirməklə, onlara daha yaxşı işləmələri, yeni ideyalarını gerçəkləşdirmələri üçün lazımi şəraiti yaradırdı. Azərbaycan mədəniyyətinin hər bir sahəsi onun diqqət və qayğısı ilə əhatələnmişdi.
Sovet Azərbaycanına rəhbərlik etdiyi dövrdə Heydər Əliyevin təqdimatı ilə mədəniyyət sahəsində çalışan sənətkarlarımızdan Mehdi Məmmədov, İsmayıl Dağıstanlı, İsmayıl Osmanlı, Zeynəb Xanlarova, Fərhad Bədəlbəyli, Lütfiyar İmanov, Fidan Qasımova sovet məkanında ən ali mükafatlardan sayılan “SSRİ Xalq artisti”, Toğrul Nərimanbəyov isə “SSRİ Xalq rəssamı” fəxri adlarına, yazıçı və şairlərimizdən Süleyman Rəhimov, Süleyman Rüstəm, Rəsul Rza, Mirzə İbrahimov, həmçinin incəsənət nümayəndələrimizdən Niyazi, Rəşid Behbudov, Qara Qarayev, Fikrət Əmirov, Tahir Salahov, Mikayıl Hüseynov Sosialist Əməyi Qəhrəmanı adına layiq görülüblər.
Heydər Əliyevin təklifi ilə “Nəsimi” (1974), “Dədə Qorqud” (1975 ), “Babək” (1979), “İstintaq” (1979), “Nizami” (1982) və s. filmlərin çəkilişləri reallaşdırılıb və həmin filmlərin çəkiliş prosesləri onun birbaş nəzarətində saxlanılıb. Həmin dövrdə şəxsən Heydər Əliyevin təşəbbüsü ilə yazıçı, dramaturq İlyas Əfəndiyevin “Mahnı dağlarda qaldı” əsəri Azərbaycanda SSRİ Dövlət mükafatına layiq görülən ilk teatr tamaşası idi.
Heydər Əliyevin Azərbaycanın dilbər guşəsi olan Qarabağ bölgəsinə, xüsusilə də Azərbaycan mədəniyyətinin beşiyi adlandırılan Şuşaya xüsusi önəm verməyinin səbəbi, həmin bölgənin məhz Molla Pənah Vaqif, Xurşidbanu Natəvan, Molla Vəli Vidadi kimi şairlərin, Sadıxcan, Cabbar Qaryağdıoğlu, Keçəçi oğlu Məhəmməd, Seyid Suşinski, Zülfi Adıgözəlov, Bülbül, Xan Suşinski, Məşədi Cəmil Əmirov, Qurban Pirimov, Üzeyir Hacıbəyov, Fikrət Əmirov, Niyazi, Əfrasiyab Bədəlbəyli, Soltan Hacıbəyov, Əşrəf Abbasov, Süleyman Ələsgərov, Rəşid Behbudov kimi görkəmli mədəniyyət xadimlərinin vətəni olması idi.
Hələ 1967-ci ildə klassik şairimiz M.P.Vaqifin dağılmış, pis vəziyyətdə olan məzarını ziyarətə gedən Ulu Öndər bu məzarın şairə layiq olmadığını söyləmiş, Azərbaycana rəhbər təyin olunduqdan sonra 1980-81-ci illərdə Cıdır düzünə yaxın ərazidə Vaqifin məzarı üzərində abidə və türbə tikdirmişdi. 1982-ci ilin yanvar ayında Heydər Əliyevin iştirakı ilə Molla Pənah Vaqifin məqbərəsinin təntənəli açılışından sonra hər il avqust ayında şairin doğulduğu Qazaxdan başlayıb Şuşada başa çatan “Vaqif Poeziya Günləri” keçirilib.
Heydər Əliyev Azərbaycanın hər bölgəsində mədəniyyətin inkişafına xüsusi önəm verirdi. Hələ sovet dönəmində ölkəmizin hər yerində iqtisadiyyatın, sosial həyatın, mədəniyyətin inkşafında böyük irəliləyişlər əldə edildi. Bu dövrdə Naxçıvan Muxtar Respublikasında da bir çox sahələrdə olduğu kimi mədəniyyət sahəsində də yeniliklərə imza atıldı. 1975-ci il aprel ayının 28-də Naxçıvanda Orta ixtisas Musiqi məktəbinin yaradılması burada musiqi mədəniyyətinin inkişafında, həmçinin görkəmli musiqiçilərin yetişdirilməsində mühüm rol oynadı. “Araz” Mahnı və Rəqs ansamblı, daha sonra Arif Quliyevin rəhbərliyi ilə “Nəqşicahan”, Əkrəm Məmmədlinin rəhbərliyi ilə “Əcəmi naxışları” adlı ansambllar, həmçinin Naxçıvan Dövlət Filarmoniyasında Xalq Çalğı Alətləri Orkestri, instrumental ansamblı yaradılması Ulu Öndərin Naxçıvanda mədəniyyətin inkişafına göstərdiyi qayğının bariz nümunəsi idi.
Ulu Öndər Heydər Əliyevin Naxçıvanda təhsil və mədəniyyətin inkişafında gördüyü ən böyük işlərdən biri də Naxçıvan Dövlət Universtitetinin yaradılması idi. Universitetin nəzdində mədəniyyətin inkişafında mühüm rol oynayacaq musiqi, təsviri-sənət kafedralarının yaradılması, həmçinin 1996-cı ildə tərkibində dirijorluq, bəstəkarlıq, musiqişünaslıq, musiqi təhsili, simli və nəfəs alətləri və təsviri-incəsənət ixtisasları üzrə yüksək ixtisaslı mütəxəssislər hazırlayan İncəsənət fakültəsinin açılması Ulu Öndərin bu bölgədə mədəniyyətin inkişafına verdiyi xüsusi önəmin göstəricisi idi. Naxçıvana göstərdiyi qayğının, əməyin bəhrəsini görən Ulu Öndər 1999-cu ildə Naxçıvan Muxtar Respublikasının yaradılmasının 75 illiyinə həsr olunmuş yubileyindəki konsertdə iştirak edən musiqiçilərlə tədbirdən sonrakı görüşündə deyirdi: “Sevinirəm ki, Naxçıvanda, bu qədim diyarda belə gənc incəsənət ustaları yetişir. Musiqiçilər, müğənnilər tərəfindən həm milli musiqimiz, həm də Avropa musiqisinin ifası, kamera orkestri, xor kopellasının çıxışları çox xoş təsir bağışladı. Burada gördüklərimizin hamısı onu göstərir ki, Naxçıvan Azərbaycanın ayrılmaz bir hissəsi olaraq demokratiya, dünyəvi dövlət quruculuğu, hüquq, haqq yolu ilə gedir”.
1982-ci ilin oktyabrın 26-da Naxçıvan torpağının yetirdiyi çox böyük bir şəxsiyyətin - türkçülüyü, turançılığı təbliğ etdiyi üçün sovet imperiyasının repressiyasına məruz qalan şair, dramaturq Hüseyn Cavidin cənazəsinin Sibirdən gətirilməsinə nail olması, şairin doğma şəhərində dəfn olunması, burada ev-muzeyinin açılması, Cavidlər Kompleksinin yaradılması, Bakıda şairin əzəmətli heykəlinin ucaldılması - bütün bunlar Ulu Öndərin vətənpərvər şairinə verdiyi sonsuz dəyərin ifadəsi idi.
Ulu Öndər Heydər Əliyev 8 noyabr 1996-cı ildə Respublika Sarayında türkdilli xalqlar içərisində ana dilində yazdığı əsərləri ilə tanınan, sevilən klassik Azərbaycan şairi Məhəmməd Füzulinin anadan olmasının 500 illiyinin keçirilməsinə, 2000-ci ildə Azərbaycanın, “Kitabi-Dədə Qorqud” dastanının Türkdilli Dövlətlər Birliyinin Bakıda keçirilən zirvə toplantısında iştirak edən dövlət başçılarının iştirakı ilə 1300 illiyinin keçirilməsinə nail oldu.
Sovet imperiyası dövründə bir çox böyük vəzifələrdə çalışan Ümummilli Lider Heydər Əliyev 1969-cu ildə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçildikdən sonra ölkəmizdə milli ideologiyanın qorunub saxlanmasına, milli dəyərlərimizin yaşadılmasına böyük səylər göstərib, həmçinin kənd təsərrüfatı, iqtisadiyyat, sənaye, elm və mədəniyyətin butün sahələrinin inkşafında sovet respublikaları içərisində öncül yerlərdən birinə sahib olmaq üçün var qüvvəsini sərf edərək istəklərinə nail olub. Belə ki, maestro Niyazi, Arif Məlikov, Zeynəb Xanlarova, Lütfiyar İmanov və başqa mədəniyyət və incəsənət nümayəndələrinin Türkiyə ictimaiyyətinə təqdim olunması o dövr xalqımız üçün böyük nailiyyət sayılırdı. Maestro Niyazinin Türkiyədə P.İ.Çaykovskinin “Qu gölü” baletini, C.Verdinin “Aida” operasını təqdim etməsi, Leyla Vəkilova və Zeynəb Xanlarovanın rəhbərlik etdiyi Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının İstanbul, İzmir şəhərlərindəki çıxışları xalqlarımıza yenidən bir-birinə doğmalıq, yaxınlıq hiss etdirən milli özünüdərk ideyalarının təbliğində mühüm nailiyyətlər idi. Ölkəmizdə türk yazıçı və şairlərindən Orxan Kamal, Yaşar Kamal, Rəşad Nuri Güntəkin kimi ədiblərin əsərlərinin çap olunması və xalqımız tərəfindən sevilərək oxunması da o dövr üçün əldə edilmiş nailiyyyətlərdən sayılırdı. Sovet dövründə Ulu Öndər təkcə Türkiyə Cumhuriyyəti ilə deyil, SSRİ tərkibindəki türkdilli respublikalarla - Qazaxıstan, Özbəkistan, Türkmənistan, Qırğızıstanla da əlaqələr yaradır, bir-birinə yaxın milli adət-ənənələrə, ümumi dil qrupuna, mədəniyyətə, dinə malik olan bu xalqların bir - birinə yaxınlaşmasının labüd olduğunu düşünürdü.
Azərbaycanın görkəmli bəstəkarı Arif Məlikovun 1981-ci ildə Özbəkistan yazıçısı Şərəf Rəşidovun “İki qəlbin dastanı” əsərinin motivləri əsasında yazdığı eyniadlı baleti həm sovet dövründə, həm də ölkələrimiz müstəqillik qazandıqdan sonra dəfələrlə Daşkənd Opera və Balet Teatrında müvəffəqiyyətlə tamaşaya qoyulub.
Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə Qazaxıstanla da əlaqələri möhkəmləndirməyə çalışıb, Qazağıstanın rəhbəri Nursultan Nazarbayevlə səmimi, isti münasibətlər yaradıb. 3 aprel 2017-ci ildə Azərbaycana rəsmi səfərə gələn, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən “Heydər Əliyev” ordeninə layiq görülən və ordenin təqdimat mərasimində çıxış edən Nursultan Nazarbayev demişdir: “Məni çox riqqətə gətirən odur ki, bu orden Heydər Əlirza oğlu Əliyevin adını daşıyır. Mən Heydər Əliyevlə 1970-ci ildən tanış idim. Heydər Əliyev Sovet İttifaqının rəhbərliyində olanda mən ona güvənirdim, onun dəstəyini hiss edirdim”.
Ulu Öndər Türkmənistan və Azərbaycan arasında da dostluq və əməkdaşlıq münasibətlərinin yaradılması və inkişafını təmin edib.
1995-ci ildə Türkdilli Dövlət Başçılarının III sammitində iştirak etmək üçün Qırğızıstana gedən Ulu Öndər Heydər Əliyev Qırğızıstan Prezidenti Əsgər Akayevlə görüşü zamanı iki ökə arasında münasibətləri möhkəmləndirmək üçün mədəniyyətin, adət-ənənələrin, dinin ümumiliyi, dil yaxınlığı kimi möhkəm bünövrənin olduğunu xatırladıb, səfər zamanı Bişkekdə “Manas” dastanının 1000 illik yubileyinə həsr edilmiş bayram konsertində iştirak edib. Eləcə də Azərbaycan nümayəndə heyəti Qırğızstanın Os şəhərinin 3000 illik yubleyində iştirak edib.
Azərbaycanın siyasi rəhbərliyinə ikinci dəfə qayıtdığı gün - 1993-cü ilin 15 iyununda Heydər Əliyev Ali Sovetdəki çıxışında türkdilli ölkələrlə işbirliyinin yaradılmasını ön plana çəkərək demişdir: “Xarici siyasət sahəsində görüləcək işlər çoxdur. Birinci növbədə yaxın qonşularımızla sıx münasibətlər yaradılmalıdır. Bu baxımdan Türkiyə ilə əlaqələr, şübhəsiz ki, önəmli yer tutur. Eyni zamanda keçmiş Sovet İttifaqına daxil olan türkdilli ölkələrlə əlaqələrimiz sürətlə inkişaf etməlidir. Bizim bu ölkələrlə əlaqələrimiz uzun illər çox yaxın olub. Bu əlaqələri qırmaq olmaz, əksinə, daha da inkişaf etdirmək lazımdır”. Ulu Öndər Azərbaycan ikinci dəfə hakimiyyətə qaydışı zamanı bu əlaqələrin tam şəkildə həyata keçirilməsinə geniş imkanlar yaratdı. Heydər Əliyev hələ xalqın istəyi ilə 1991-ci ildə Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə Sədr seçildiyi vaxtdan xalqı düşdüyü ağır vəziyyətdən çıxartmaq və təhlükəsizliyini təmin etmək üçün Türkiyə ilə əlaqələrin yaradılması və inkişafının labüd olduğunu başa düşürdü. 1992-ci ildə Sədərəkdə, sərhədlərimizin 10 kilometrliyində Ermənistanın başlatdığı hərbi əməliyyatların durdurulması üçün Türkiyə Prezidenti Süleyman Dəmirəldən 13 oktyabr 1921-ci ildə Naxçıvanın toxunulmazlığı ilə bağlı imzalanan Qars müqaviləsinin şərtlərinə əsasən Ermənistana təzyiq göstərməsi üçün yardım istədi və 1992-ci il martın 28-də əhalinin ərzaqla təmin edilməsinə şərait yaratmaq məqsədilə Naxçıvan Muxtar Respublikası ilə Türkiyə Cumhuriyyəti arasında uzunluğu 86 metr olan Sədərək-Dilucu körpüsünün salınmasına nail oldu. Ulu Öndər onu “Ümid” körpüsü adlandırırdı. Çünki həmin körpü blokada şəraitində yaşayan Naxçıvan əhalisinin həyatını xilas edən, qırılmış ümidləri bərpa edən mənəvi körpü idi.
Heydər Əliyevin türkdilli ölkələrlə yaratdığı möhkəm əlaqələr üçün çəkdiyi zəhmətlər hədər getmədi. Zaman Ulu Öndər Heydər Əliyevin Türkiyə ilə Azərbaycan arasında “Bir millət, iki dövlət” kimi dəyərləndirdiyi iki qardaş xalqın möhkəm təməllər üzərində qurduğu birliyinin sarsılmaz və əbədi olduğunu dünyaya göstərdi. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin siyasi iradəsi, şanlı ordumuzun qəhrəmanlığı, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan başda olmaqla bütün türk xalqının dəstəyi ilə Qarabağ Zəfərini dünyaya bəyan etdi.
Ulu Öndər Heydər Əliyevin layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu gün də həmin siyasətin davamı kimi qardaş Türkiyə Respublikası və bütün türkdilli respublikalarla həm iqtisadi-siyasi, həm də mədəni əlaqələrin daim inkişaf etdirilməsinə xüsusi diqqət yetirir. 2018-ci il mayın 16-da Astana şəhərində Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən, ön sözü Qazaxıstan Prezidenti Nursultan Nazarbayev tərəfindən yazılmış “Идущий впереди” adlı kitabın qazax dilindəki nəşrinin təqdimat mərasiminin keçirilməsi, Azərbaycan Respublikasının Hökuməti ilə Türkmənistan arasında “2019-2021-ci illər üçün elm, təhsil, mədəniyyət və incəsənət sahəsində Əməkdaşlıq Proqramı”nın imzalanması, 6-9 aprel 2022-ci ildə Özbəkistanda “Azərbaycan mədəniyyəti günləri”nin keçirilməsi, Azərbaycan klassik şairi Nizami Gəncəvinin heykəlinin açılması, Azərbaycanda “Özbəkistan kinosu günləri”nin keçirilməsi, Qırğızıstanda “Qırğızıstan-Azərbaycan dostluq parkı”nın, habelə Heydər Əliyev və Nizami Gəncəvi adına ümumtəhsil məktəblərinin yaradılması ölkələrimiz arasında qarşılıqlı mədəni əlaqələrin günü-gündən yüksələn xətlə inkişaf etdiyindən xəbər verir.
12 noyabr 2021-ci il tarixində İstanbulda keçirilmiş Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşündən sonra təşkilatın adının Türk Dövlətləri Təşkilatı adına dəyişdirilməsi haqqında qərar qəbul edildi. Bu təşkilatın yaradılması eyni soya, kökə malik türkdilli ölkələrin daha da sıx birləşdiyini dünyaya bəyan etdi.
Ulu öndər zamanın fövqündə dayanan, bütün dövrlər üçün öz ucalığını, böyüklüyünü, milli liderliyini qoruyub saxlayan, həmişəyaşar əməlləri ilə xalqın qəlbində özünə monumental abidə ucaldan tarixi şəxsiyyətdir. Elə bir sahə yoxdur ki, orada onun izi, himayəsi və qayğısı olmasın. Mədəniyyətimizin ən böyük hamisi kimi dahi şəxsiyyətin xalqımız qarşısındakı tarixi xidmətləri hər zaman minnətdarlıqla anılır, “Heydər Əliyev İli”ndə də Böyük Öndərin ömür və siyasi yolu tədqiq edilir, çoxşəxali fəaliyyəti geniş ictimaiyyətə təqdim edilir.
Fətəli Axundzadə
Babək Rayon Mədəniyyət İdarəsinin müdiri