Məşhur fransız səyyahı Jan Batist Şardenin İrəvan qeydləri…

A- A A+

Xristian səyyahların yazdıqlarından bir daha aydın olur ki, tarixən İrəvan şəhərində və ətraf bölgələrdə azərbaycanlılar aborigen əhali olmuş, ermənilər isə həmin ərazilərə sonradan axışıb gəlmişlər.

Tarixi Azərbaycan şəhəri olan İrəvanın əhalisi haqqında məlumatları dövrlərdə yaşamış, ayrı-ayrı salnaməçilərin və səyyahların yol qeydlərindən, Osmanlı işğalı dövründə tərtib edilmiş vergi dəftərlərindən əldə etmək mümkündür. İrəvan xanlığının Rusiya qoşunları tərəfindən işğalından sonra keçirilən kameral siyahıyaalmalar, statistik hesabatlar, illik nəşr edilən təqvimlər şəhərin əhalisi haqqında kifayət qədər dolğun məlumat verir. İlk mənbələr İrəvan şəhərində aborigen əhalinin tamamilə Azərbaycan türklərindən ibarət olmasını təsdiq edir. Avropa səyyahları birmənalı olaraq təsdiqləyirlər ki, Qərbi Azərbaycanda yalnız Azərbaycan türkləri yaşayıblar, onlar ulularımızın həyatını, məişətini, məşğuliyyətini qələmə alıblar.

Azərbaycanın İrəvan xanlığı ərazisində yaşamış məşhur fransız səyyahı Jan Batist Şardenin qeydlərini oxuyarkən baxsaq, bunu bir daha görmüş oluruq. Bu gün təəssüf ki, özünü Ermənistanın yaxın himayədarı kimi aparan Fransa bu gerçəyi görmək, tarixi vərəqləyib ermənilərin o ərazilərə nə zaman köçürüldüyünü yada salmaq istəmir. Uzağa getməsinlər, Şardenin Fransa Milli Kitabxanasında saxlanılan “Səyahətnamə” (“Parisdən İsfahana səyahət”) əsərinə diqqət yetirsələr, görərlər ki, o kimlərdən, nələrdən danışıb, İrəvanın əsl sahibləri kimlər olub. Erməni və fransız saxtakarlığı dünyanı başına götürüb və onlar birləşib yalan iddialarla dünyanı aldadırlar. Halbuki, fransız səyyahının yazdıqları onların boş və mənasız iddialarını bir daha heçə endirir.  

Xatırladaq ki, bir neçə il əvvəl Dövlət Tərcümə Mərkəzi orta əsrlərdə Azərbaycanın İrəvan xanlığı ərazisində yaşamış məşhur fransız səyyahı Jan Batist Şardenin Fransa Milli Kitabxanasında saxlanılan “Səyahətnamə” əsərində azərbaycanlılar, onların həyatı, adət-ənənələri haqqında yer almış fikirlərini əks etdirən “Məşhur fransız səyyahın İrəvan təəssüratları” adlı sənədli material hazırlayaraq yayıb. İngilis, rus, türk, fars, ərəb, gürcü, fransız, ukrain, ispan və alman dillərinə tərcümə edilmiş materialın xarici ölkələrin Azərbaycanda akkreditə olunmuş səfirlik və nümayəndəliklərinə, dünyanın aidiyyəti mətbuat orqanlarına göndərilməsi, beynəlxalq internet məkanında, sosial şəbəkələrdə yerləşdirilməsi həyata keçirilib. Materialda Jan Batist Şarden haqqında yazılır ki, 1643-cü ildə Parisdə anadan olub və  Səfəvi hökmdarı II Şah Abbasın 1666-cı ildə imzaladığı Xüsusi fərmanla Səfəvi hökmdarının taciri vəzifəsinə təyin edilib. 1685-ci ildə İngiltərəyə köçüb və ömrünün sonunadək (1713) orada yaşayıb. Şardenin Paris Milli Kitabxanasında saxlanılan “Səyahətnamə” əsərinin “Parisdən İsfahana səyahət” adlı II fəsli Azərbaycan haqqında qeydlərlə zəngindir. Mərkəzin saytında yer alan bəzi faktlara diqqət yetirək: “...Bir çox şəhər və qəsəbələrdən keçib, şər qovuşanda İrəvana çatdıq... Tiflisdən İrəvana məsafə 48 lyödür. İrəvan böyük şəhərdir. Şəhərin böyük hissəsi bağlardan və üzümlüklərdən ibarətdir. Bircə dənə də olsun, gözəl binası yoxdur. Şəhər hər tərəfdən dağlarla əhatə edilmiş düzənlikdə yerləşir. Şimal-qərb tərəfdən Zəngi, cənub-qərb tərəfdən isə Qırxbulaq çayları axır. Bu çaya bulaqlarının sayına görə  “Qırxbulaq çay” deyirlər. ...İrəvan qalası həcmcə kiçik bir şəhərdən böyükdür. Qala oval formadadır, dairəsi dörd min addımdır və təxminən səkkiz yüz evdən ibarətdir. Orada ancaq təmizqanlı səfəvilər (təmizqanlı səfəvilər dedikdə, müəllif İrəvanın şiə məzhəbli türk qızılbaş əhalisini nəzərdə tuturdu) yaşayırlar... Qalanın müdafiəsi üçün iki min əsgər ayrılıb. İrəvan hakiminin sarayı qalanın içərisindədir... Qalanın şimal tərəfində yerləşən təpədə kiçik bir qala da var. Aralarındakı məsafə min addım olar. Bu yerin müdafiəsi ikiqat divarla və toplarla möhkəmləndirilib. Orada iki yüz adam yerləşə bilər. Buranın adı “Keçiqala”dır. Şəhər qaladan bir top mərmisi məsafəsi qədər uzaqdır... Şəhərdə qədim bir qüllə də var. Onun nə vaxt tikildiyini öyrənə bilmədim... Qarşıda yerləşən bazarın lap yaxınlığında kərpicdən tikilmiş və hazırda uçub-dağılmış qədim bir məscid var. Məbəd onu inşa etdirən şəxsin şərəfinə Div Sultan məscidi adlanır. Oradan üç yüz addım kənarda böyük bir meydan yerləşir... Şəhərdə və qalada çoxlu hamam və karvansara var...”

Daha sonra deyilir ki, burada hakim bəylərbəyi (söhbət İrəvan hakimindən gedir) hələ də sərdar adlanır. ...Sərdarın adı Səfiqulu xandır. İrəvan bəylərbəyiliyi ən varlı və ən çox gəliri olan əyalətdir. Onun ildə otuz iki min tümən (500 min ekü) gəliri olur. Orada qadağan olunmuş yollardan istifadə etməklə bu gəliri ildə iki yüz min tümənə çatdırırlar.

“Azərbaycan tarixi” dərsliyində qeyd edilir ki, Osmanlı sultanı IV Muradın 1635-ci ildə İrəvanı ələ keçirməsi münasibətilə yazılan sənəddə bu şəhər Naxçıvan və Şirvanın qapısı, Azərbaycan mülkünün həsəd doğuran “İrəvan qalası” kimi qeyd edilir. 1655-ci ildə İrəvana gəlmiş Avropa səyyahı J.B.Taverniye yazır ki, şəhər qalasında yalnız müsəlmanlar (Azərbaycan türkləri) yaşayırdı. J.B.Taverniye və J.B.Şardenin məlumatlarının oxşar cəhətləri var və hər ikisi də İrəvanın azərbaycanlılara, türklərə məxsus olduğunu vurğulayıb.

Ermənilərin müxtəlif vaxtlarda İrəvan şəhərində məskunlaşmaları barədə məlumatlar da tarixdə öz əksini tapmışdır. 1736-cı ildə Muğanda keçirilən tacqoyma mərasimindən sonra Nadir şah xanların hamısına götürdüyü erməni əsrlərini paylamışdı. Nadir şahın qılığına girən Eçmiədzin katolikosu Abram Kretasi müxtəlif yerlərdən əsir alınmış ermənilərin bir qisminin İrəvana göndərilməsinə nail olmuşdu. 1740-cı ilin əvvəlində isə katolikos Qazar Çahçesinin təşəbbüsü ilə “Rumdan və Kürdüstandan” (Şərqi Anadoludan) xeyli erməni gətizdirilərək Eçmiədzində və ətraf bölgələrdə yerləşdirilmişdi.

Osmanlı işğalından sonra 1728-ci ildə tərtib edilən İrəvan əyalətinin müfəssəl dəftərində İrəvan şəhərində 428 evli türk müsəlman, 224 evli və 9 subay xristian qeydə alınmışdır. Evlilərin ailə tərkibi orta hesabla 5 nəfər götürdükdə şəhərdə yaşayan 3369 nəfərin 63,5 faiz türk-müsəlman, 36,5 faiz isə xristian olduğu aydın olur. Həmin vaxt şəhərdə 100 xristian qaraçı ailəsinin (təqribən 14,9 faiz) yaşadığını nəzərə alsaq, onda erməni xronikalarının müəlliflərinin iddia etdikləri kimi, İrəvan şəhərində ermənilər əksəriyyət deyil, əhalinin cəmisi 21,6 faizini təşkil etdiyi aydın olur. İrəvan şəhərinin əhalisi barədə məlumatları avropalı səyyahların, o cümlədən xristian missionerlərinin həm də Eçmiədzin katolikosluğundan aldıqlarını nəzərə alsaq, onda bir çox hallarda həmin məlumatların bilərəkdən ermənilərin xeyrinə saxtalaşdırılmasının səbəbləri də aydın olur. Məsələn, J.B.Şarden Parisdən İrəvanadək erməni nökəri Allahverdi müşayiət etmiş, İrəvandan Təbrizədək isə məlumatları erməni mehmandarı Arazindən almışdı. Lakin xristian səyyahların yazdıqlarında məlumatlar nə qədər təhrif edilsə də yenə də görünən mənzərə odur ki. İrəvan şəhərində və ətraf bölgələrdə azərbaycanlılar aborigen əhali olmuş, ermənilər isə həmin ərazilərə sonradan axışıb gəlmişlər. Ermənilərin İrəvan xanlığının ərazisinə kütləvi axını 1801-ci ildən rus qoşunlarının İrəvan xanlığının ərazilərinə daxil olması anından etibarən kütləvi xarakter almışdır. Rusiya işğalından sonra xan nəslindən olanların, imkanlı ailələrin, din xadimlərinin bir çoxu şəhəri tərk edərək, əsasən Cənubi Azərbaycanın müxtəlif şəhərlərində məskunlaşmışdılar. Bununla belə, şəhərdə imtiyazlı təbəqələr içərisində yenə də azərbaycanlılar çoxluq təşkil edirdi. Həmin dövrdə İrəvan şəhərində 4 xan, 51 bəy, 19 mirzə, 50 molla, 39 seyid, 3 dərviş ailəsi yaşadığı halda, cəmisi 8 erməni məlik və bəy, 1 erməni mirzə, 13 keşiş ailəsi yaşayırdı. Deməli, bu təbəqələrdən ibarət 188 ailənin 166-sını azərbaycanlı, 22-sini isə erməni ailələri təşkil edirdi.

Sevinc Azadi

“İki sahil” qəzeti

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: