Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə Strasburqda konsert təşkil edilib - FOTOLAR

A- A A+

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə Azərbaycan Respublikasının Avropa Şurası yanında daimi nümayəndəliyi Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Strasburqun Musiqi və Konqres Sarayında klassik musiqi konserti təşkil edib.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, konsertdən əvvəl Azərbaycanın Avropa Şurası yanında daimi nümayəndəsi Fəxrəddin İsmayılov və Diasporla İş üzrə Dövlət Komitəsinin sədr müavini Elşad Əliyev çıxış ediblər. Çıxışlarda Ulu Öndər Heydər Əliyevin bütün həyatı boyu xalqına xidmət etdiyi, ölkəmizin taleyüklü anlarında məsuliyyəti üzərinə götürərək, Azərbaycanı dinamik inkişaf yoluna çıxardığı, müasir müstəqil Azərbaycan dövlətçiliyinin təməli üçün yorulmadan çalışdığı vurğulanıb, xalqımızın dahi şəxsiyyətin xatirəsini ehtiramla yad etdiyi qeyd olunub. Eyni zamanda, 1997-ci ildə Avropa Şurasının dövlət və hökumət başçılarının 2-ci Zirvə görüşündə müstəqil Azərbaycan dövlətinin Heydər Əliyevin rəhbərliyi ilə təmsil olunduğu diqqətə çatdırılıb. Həmçinin məhz Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycanın 2001-ci ildə Avropa Şurasına üzv qəbul olunduğu qeyd olunub.

Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edilmiş konsertdə Xalq artisti, Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəylinin (bədii rəhbər), Xalq artisti Yeganə Axundovanın (direktor) iştirakı və Əməkdar artist Fuad İbrahimovun (dirijor) rəhbərliyi ilə Bakı kamera orkestri Azərbaycan və Avropa bəstəkarlarının əsərlərindən ibarət zəngin musiqi proqramı ilə çıxış edib.

Tədbirdə Avropa Şurasının rəsmiləri, Strasburqdakı diplomatik korpusun üzvləri ilə yanaşı, yerli ictimaiyyətin və akademik dairələrin təmsilçiləri, Azərbaycan diasporunun üzvləri iştirak ediblər. Böyük rəğbətlə qarşılanan konsert proqramı solist Orxan Cəlilovun ifasında Müslüm Maqomayevin “Azərbaycan” mahnısı ilə yekunlaşıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: