Rumıniyada Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edilən jurnal yayımlanıb

A- A A+

Rumıniyanın nüfuzlu “Paul Polidor” Fondu tərəfindən Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illiyinə həsr olunmuş “Heydər Əliyevin 100 illiyi” sərlövhəli xüsusi jurnal nəşr edilib.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, jurnalın ön səhifəsi Azərbaycanın Rumıniyadakı səfiri Hüseyn Nəcəfovun “Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi” sərlövhəli məqaləsi ilə başlayır. Həmçinin nəşrdə Rumıniyanın sabiq prezident Emil Konstantineskunun Ulu Öndər Heydər Əliyev ilə bağlı fikirləri, Türkiyənin Rumıniyadakı səfiri Özgün Altan Kıvançın, Rumıniya-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Dumitri Balanın, məqalələri, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın rumın dilinə tərcümə edilmiş “Elegiya” şeiri, Paul Polidorun Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən məqaləsi, Rumıniyanın sabiq prezidenti İon İliyeskunun Azərbaycan Prezidentinin şərəfinə təşkil etdiyi rəsmi qəbuldan nitqi və Ümummilli Liderin fotoşəkilləri dərc edilib.

Səfir Hüseyn Nəcəfovun məqaləsində müasir müstəqil Azərbaycanın qurucusu və xalqımızın böyük oğlu, Ümummilli Lider Heydər Əliyevin həyatı və siyasi fəaliyyəti, eləcə də onun dövlət və xalq qarşısında misilsiz xidmətləri barədə məlumat verilib. Bildirilib ki, dahi şəxsiyyət 1969-82-ci illərdə Azərbaycana rəhbərlik etdiyi dövrdə ölkəni keçmiş ittifaqın ən qabaqcıl respublikalarından birinə çevirib. Ulu Öndərin müdrikliyi, siyasi və dövlətçilik təcrübəsi və yenilməz iradəsi sayəsində ölkə fəlakətdən xilas oldu. Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışı nəticəsində Azərbaycanda siyasi sabitlik və təhlükəsizlik bərqərar oldu və xarici siyasət sahəsində müsbət dəyişikliklər edildi. Əbədiyaşar liderin müstəqil Azərbaycana rəhbərliyi dövründə yürütdüyü uğurlu daxili və xarici siyasət nəticəsində ölkəmizin nüfuzu artdı, dinamin inkişafa nail olundu, müstəqilliyimiz əbədi və dönməz xarakter aldı.

Qeyd edək ki, Rumıniyanın “AGERPRES” milli xəbər agentliyinin internet səhifəsində səfir Hüseyn Nəcəfovun Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə məqaləsi dərc olunub. Həmin məqalədə də Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətinin ən mühüm məqamlarından söz açılıb, Ulu Öndərin sovet hakimiyyəti dövründə və müstəqil Azərbaycana rəhbərlik etdiyi illərdə xalqının gələcəyi, rifahı və əmin-amanlığı üçün yorulmadan çalışdığı bildirilib. Yazıda qeyd olunub ki, dahi lider misilsiz xidmətləri ilə adını tarix səhifələrinə qızıl hərflərlə yazdırıb, müasir Azərbaycan dövlətinin memarı və qurucusu kimi xalqının əbədi ehtiramını qazanıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: