Meksikanın aparıcı radiolarında Ulu Öndər Heydər Əliyevin həyat və yaradıcılığı barədə məlumat verilib
Azərbaycanın Meksikadakı səfiri Məmməd Talıbov bu ölkənin geniş dinləyici kütləsinə malik “El Heraldo” və “Kanyon” radiolarına Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə əlaqədar müsahibələr verib.
Ölkəmizin Meksikadakı səfirliyindən NUHÇIXAN İnformasiya Agentliyinə bildiriblər ki, müsahibələrdə Ümummilli Liderin Azərbaycanın dövlətçiliyi və xalqın tərəqqisi istiqamətindəki müstəsna xidmətləri haqqında məlumat verilib, məhz Ulu Öndərin ölkəni xaos və dərin böhrandan çıxardığı, xalqımızın taleyində misilsiz xilaskar missiyasını şərəflə yerinə yetirdiyi qeyd olunub.
Eyni zamanda, müsahibələrdə Ulu Öndərin Azərbaycanın müstəqilliyinin qorunub saxlanılmasında, dövlətçiliyimizin möhkəmləndirilməsində əvəzsiz rolundan bəhs edilib, dahi şəxsiyyətin təşəbbüsü ilə reallaşan dünya miqyaslı layihələr və iqtisadi sahədə aparılan uğurlu islahatlar nəticəsində Azərbaycan iqtisadiyyatının böhrandan qurtulduğu, ölkədə yoxsulluq səviyyəsinin kəskin azaldığı vurğulanıb. Ümummilli Lider Heydər Əliyevin uzaqgörən siyasəti və qətiyyəti nəticəsində reallaşmış Bakı-Tbilisi-Qars dəmir yolu, Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri, Cənub Qaz Dəhlizi kimi dünya miqyaslı layihələr sayəsində bu gün Avrasiyanın enerji və nəqliyyat xəritəsinin tamamilə dəyişdiyi, qitə miqyasında yeni reallığın yarandığı diqqətə çatdırılıb.
M.Talıbov Ulu Öndər Heydər Əliyevin siyasi kursunu müvəffəqiyyətlə davam etdirən Prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində Azərbaycanın dünyada nüfuzunun gündən-günə artdığını, 2020-ci ildə otuzillik həsrətə son qoyularaq torpaqlarımızın işğaldan azad olunduğunu və Vətən müharibəsində qazanılan Zəfər nəticəsində respublikamızın ərazi bütövlüyünün bərpa edildiyini vurğulayıb.
Ulu Öndərin anadan olmasının 100 illiyi ilə əlaqədar Meksikanın nüfuzlu və yeganə ingilisdilli “The Pulse News” qəzetində səfir Məmməd Talıbovun “Tarix yaradan Ümummilli Lider” sərlövhəli məqaləsi də dərc olunub.