Heydər Əliyev və demokratik seçki siyasəti

A- A A+

Çoxəsrlik dövlətçilik ənənələrinə malik olan xalqımızın tarixində  böyük düha, dünyaşöhrətli siyasətçi, ümummilli Lider Heydər Əliyev şəxsiyyəti, onun siyasi və idarəçilik fəaliyyəti müstəsna yer tutur. Xalqımız tarix boyu arzuladığı milli dövlətçilik amallarını məhz Heydər Əliyev epoxasında gerçəkləşdirərək dayanıqlı müstəqil Azərbaycan dövlətini qura bilib.

Müasir hüquqi, demokratik dövlətin, xalqın iradəsinə əsaslanan hakimiyyət orqanlarının, səmərəli özünütəşkil mexanizmlərinə malik cəmiyyətin mövcudluğunu azad və ədalətli seçkilərsiz təsəvvür etmək mümkün deyildir.

Ümummilli Lider Heydər Əliyevin 1993-cü ildə siyasi hakimiyyətə qayıdışından sonra ictimai-siyasi sabitliyin bərqərar edilməsi ölkə həyatının bütün istiqamətlərində, o cümlədən siyasi-hüquqi sahədə də köklü islahatların aparılmasına imkan yaratdı. Ötən dövr ərzində Azərbaycan Respublikasının seçki sistemi müxtəlif mərhələlərdən keçərək inkişaf edib, konstitusiya təminatları da daxil olmaqla, qanunvericilik və təcrübə baxımından təkmilləşdirilib və beynəlxalq standartlara uyğunlaşdırılıb. İndiyə qədər ölkəmizdə keçirilmiş prezident, parlament, bələdiyyə seçkiləri, ümumxalq səsvermələrinin (referendumların) təcrübəsi göstərir ki, Azərbaycanda əhalinin seçki mədəniyyəti kifayət qədər yüksəlib, effektiv ictimai nəzarəti təşkil etməyi bacaran, məsuliyyətli və tələbkar seçici nəsil yetişibdir. Məhz belə şəraitdə keçirilən seçkilər xalqın iradəsini dolğunluqla əks etdiribdir. Seçki prosesində bilavasitə iştirak etmiş maraqlı tərəflər, seçkilərin bütün mərhələlərini diqqətlə izləmiş yerli və xarici müşahidəçilər bu faktı təsdiq ediblər.

Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycanda demokratik seçki mühitinin formalaşdırılması ölkədə hüquqi dövlət quruculuğunun əsas istiqamətlərindən birinə çevrilibdir. Heydər Əliyevin Prezident seçilməsi ölkəmizdə xalqın öz rəhbərinə sonsuz məhəbbətinin ifadəsi olmaqla bərabər, demokratiyanın inkişaf etdirilməsinin, vətəndaş cəmiyyəti quruculuğunun, o cümlədən seçki sisteminin ildən-ilə təkmilləşdirilməsinin əsasını qoyubdur.

Demokratik ölkələrin seçki təcrübəsi göstərir ki, hər bir seçkinin uğurunu təmin edən şərtlər sırasında siyasi iradə və ictimai-siyasi sabitlik amilləri ilə yanaşı, təkmil seçki qanunvericiliyinin də olması vacibdir. Ulu Öndər Heydər Əliyevin rəhbərliyi altında hazırlanaraq, 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş müstəqil Azərbaycanın İlk Konstitusiyası ölkəmizdə demokratik standartlara cavab verən azad, ədalətli, obyektiv seçkilərin keçirilməsi üçün əsas prioritetləri müəyyənləşdiribdir.

Bütövlükdə respublikamızda demokratik institutlar inkişaf etdikcə seçki sistemi təkmilləşdirilib, ölkəmizdə keçirilmiş hər bir seçki əvvəlkinə nisbətən beynəlxalq standartlara uyğunlaşdırılıb. Təbii ki, bütün bunlar Böyük Öndər Heydər Əliyevin gərgin əməyi sayəsində mümkün olub. Onun seçki sistemində düşünülmüş mühüm addımları sayəsində beynəlxalq təşkilatlar Azərbaycanda keçirilən seçkilərə dair müsbət rəylər veriblər ki, bu da Azərbaycanda qurulan seçki sistemin son dərəcə mükəmməliyini  təsdiqləməkdədir.

Azərbaycanda geniş vüsət alan quruculuq və abadlıq işləri seçki komissiyalarının da rahat fəaliyyəti üçün daha müasir iş şəraitinin yaradılmasına mühüm təsir göstərib. Azərbaycanda mövcud olan əksər dairə və məntəqə seçki komissiyaları ən müasir tələblər səviyyəsində inzibati binalarla təmin olunub, bir qismi isə əsaslı təmir edilib. Azərbaycanın inkişaf edən seçki sistemində demokratik ab-havanın, şəffaflığın təmin edilməsi üçün müasir informasiya texnologiyalarının tətbiqi hər zaman diqqət mərkəzində olub. Bununla əlaqədar olaraq son prezident seçkilərində ölkəmizin seçki praktikasına daha bir yenilik əlavə edilib. Regionda ilk dəfə məhz Azərbaycanda seçkinin gedişatının internet vasitəsilə birbaşa izlənilməsi sistemi yaradılıb. Azərbaycan hakimiyyətinin aşkarlığın daha çox təmin edilməsi üçün bütün təşəbbüslərə, yeniliklərə yüksək həssaslıq nümayiş etdirməsi dünyada təqdir olunmaqdadır. Bütün bunlar Heydər Əliyev siyasi kursuna sədaqətin təntənəsi kimi qiymətləndirilməlidir.

Son 20 ildə beynəlxalq tələblər səviyyəsində həyata keçirilən hüquq islahatları deməyə əsas verir ki, hələ 2003-cü ildə prezident seçkiləri ərəfəsində hər bir vətəndaşın layiqli prezidenti olacağını bəyan etmiş möhtərəm İlham Əliyev bu vədini əməli işi ilə doğruldub, hüquq sisteminin daha da təkmilləşməsini uğurla təmin edib.

Azərbaycan xalqının etimadı əsasında ölkəyə rəhbərlik edən Prezident İlham Əliyev Ümummilli Lider Heydər Əliyevin siyasi kursunu şaxələndirərək uğurla reallaşdırması nəticəsində perspektiv baxımdan əhəmiyyətli nəticələrin əldə olunmasına səbəbkar olub. Ən əsası isə, 30 il həsrətində olduğumuz Qarabağ azadlığına qovuşub. Ali Baş Komandanın rəhbərliyi altında, Müzəffər Azərbaycan Ordusu cəmi 44 günə mümkünsüzü mümkün etdi! Ermənistanın hərbi kaputilyasiyasına nail olduq! Ölkə Prezidenti İlham Əliyev bəşəriyyətə haqqı, ədaləti böyük dövlətlərin tapdağından qurtara biləcək bir dövlətin - Azərbaycanın var olduğunu sübut etdi, “Şuşasız Qarabağ, Qarabağsız Azərbaycan yoxdur” - deyən Ulu Öndərin arzusunu reallaşdırdı. Bütün dünya Azərbaycanın nə qədər güclü və qüdrətli dövlət olduğunu bir daha gördü.

Bir sözlə, inanırıq ki, bundan sonra da Azərbaycanda keçirilən seçki sistemi demokratik inkişafın göstəricisi kimi tarixə həkk olunacaq, seçki təcrübəsi baxımından yaxşı bir nümunə olacaq.

Toğrul  Cəfərli

Naxçıvan Dövlət Universitetinin müəllimi

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: