Almaniyada erməni mafiyasının mövcudluğu və Ermənistanın bu ölkədəki səfiri Aşot Smbatyanın erməni cinayətkar qruplaşmalarla əlaqələrinə dair noyabrın 7-də MDR televiziyasında efirə verilməli olan “Almaniyada xaç ataları: Erməni mafiyası və qanuni oğrular” adlı sənədli filmin nümayişi Ermənistan səfirinin iddiası əsasında Berlin məhkəməsi tərəfindən müvəqqəti olaraq təxirə salınıb.
NUHÇIXAN xəbər verir ki, 30 dəqiqəlik sənədli filmin nümayişi üçün nəzərdə tutulan efir vaxtında mövzuya dair təxminən 7 dəqiqəlik reportaj yayımlanıb. Həmin reportajda Almaniyada erməni mafiyasının fəaliyyəti və bununla əlaqədar hüquq-mühafizə orqanlarının araşdırmaları ilə bağlı məlumat verilir, məsələyə dair MDR televiziyasının və “Der Spiegel” jurnalının birgə jurnalist araşdırması apardığı diqqətə çatdırılır və həmin araşdırmanın həmmüəlliflərindən biri, MDR televiziyasının müxbiri Aksel Hemmerlinqlə müsahibə təqdim olunur.
Qeyd edilir ki, Almaniyada mövcud olan erməni mafiyası bütün ölkə ərazisinə səpələnib. Erməni cinayətkar qruplaşmalarına “avtoritarlar” rəhbərlik edir, onlar da öz növbəsində “qanuni oğrular”a tabe olurlar. Avropol və İnterpol təşkilatlarına istinadən, erməni “qanuni oğrular”ın sayının 670-900 arasında olduğunun ehtimal edildiyi və onların əksəriyyətinin Almaniyadan kənarda yaşadıqları diqqətə çatdırılır. Bildirilir ki, Almaniyada və Avropada mövcud olan erməni mafiyasının İtaliya mafiyası ilə işgüzar əlaqələrinə dair dəlillər mövcuddur. Məlumatda, eyni zamanda, Almaniyanın hüquq-mühafizə orqanlarının mütəşəkkil cinayətkarlıqla mübarizə aparmaq üçün texniki imkanlarının və qanunvericilik bazasının zəif olduğu qeyd edilir.
Reportajda daha sonra erməni mafiyası haqqında hazırlanmış sənədli filmin efirə getməsinin efir saatından bir neçə saat əvvəl məhkəmə qərarı ilə müvəqqəti təxirə salındığı diqqətə çatdırılır və qeyd edilir ki, Ermənistan səfiri jurnalistlərin araşdırmasında öz əksini tapan məlumatların təkzib olunmasını tələb edib, bu, MDR tərəfindən təmin edilmədikdən sonra isə məhkəmə qarşısında iddia qaldırıb. İddianın araşdırılması və MDR-in məsələyə hüquqi cavab verməsi üçün vaxtın məhdud olması səbəbindən məhkəmə reportajın efirə getməsinin müvəqqəti olaraq dayandırılmasına dair qərar verib. Reportajda qeyd olunur ki, sözügedən sənədli film hüquqi məsələlərə aydınlıq gətirildikdən sonra efirə gedəcək.
Almaniyada mətbuat azadlığı üçün maneə ola biləcək iddialar,- hətta AFR hökuməti ilə bağlı olan məsələlərə dair,- bir qayda olaraq məhkəmə tərəfindən təmin edilmir. Bu baxımdan çoxları Ermənistan səfirinin qaldırdığı iddianın da tezliklə MDR televiziyasının xeyrinə həll ediləcəyi və sənədli filmin yaxın zamanlarda efirə veriləcəyi qənaətindədirlər.
Bundan əlavə, Ermənistan səfirinin hüquqi addımlara əl atması ictimaiyyətin diqqətini bir qədər də bu məsələyə yönəldib və Almaniyanın bütün aparıcı KİV-ləri bu mövzunu xüsusilə mətbuat azadlığı üçün jurnalist həmrəyliyi kontekstində nəzarətə götürüblər.