Brüssel görüşünün əsas yekunu: Ermənistan etiraf edir ki, Qarabağ Azərbaycandır

A- A A+

Bu günlərdə Brüsseldə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan rəhbərləri arasında üçtərəfli formatda görüşlərin beşinci raundu başa çatdı. Xatırladaq ki, bu formatda bundan əvvəlki raundlar 2021-ci il dekabrın 14-də, sonra 2022-ci ildə üç dəfə - aprelin 6-da, mayın 23-də və avqustun 31-də keçirilib.

Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan dövlət başçılarının görüşləri, habelə Moskvada 2021-ci il yanvarın 11-də və iki dəfə Soçidə - 2021-ci il noyabrın 26-da və 2022-ci il oktyabrın 31-də keçirilib.

Bundan başqa, 2022-ci il oktyabrın 6-da Praqada, “Avropa Siyasi Birliyi” birinci Zirvə Toplantısı çərçivəsində yuxarıda adıçəkilən Şarl Mişelin və Fransa Prezidenti Emmanuel Makronun vasitəçiliyi ilə dördtərəfli formatda və cari il fevralın 18-də Münxendə, Münxen Təhlükəsizlik Konfransı çərçivəsində ABŞ Dövlət katibi Antoni Blinkenin moderatorluğu ilə görüşlər də keçirilib.

Yeri gəlmişkən, Brüsseldə Şarl Mişelin vasitəçiliyi ilə keçirilən birinci görüşdən dərhal sonra Emmanuel Makronun təşəbbüsü ilə (lakin onun iştirakı olmadan) Azərbaycan və Ermənistan liderləri arasında təkbətək görüş keçirilib.

Bir az irəli gedərək, ötən bazar günü, son görüşdən dərhal sonra Şarl Mişel tərəfindən səsləndirilən mətbuat üçün bəyanatda artıq açıqlandığı kimi bildirək: iyunun 1-də Kişineuda “Avropa Siyasi Birliyi” ikinci Zirvə Toplantısı çərçivəsində Almaniyanın Federal kansleri Olaf Şolts və Fransa Prezidenti Emmanuel Makronun həmmoderatorluğu ilə danışıqların daha bir raundu gözlənilir, sonra bu ilin oktyabrında Qranadada artıq “Avropa Siyasi Birliyi” üçüncü Zirvə Toplantısında keçiriləcəyi ehtimal olunur. Bundan başqa, yəqin ki, iyulda danışıqların sayca altıncı raundu - ənənəvi üçtərəfli Brüssel formatında Əliyev-Mişel-Paşinyan görüşü keçiriləcək.

Beləliklə, artıq bu gün paralel rejimdə birbaşa bir neçə danışıqlar formatının formalaşdırılmasını söyləmək olar: üçtərəfli Brüssel formatı (Şarl Mişelin vasitəçiliyi ilə), üçtərəfli Rusiya formatı (Vladimir Putinin vasitəçiliyi ilə) və “Avropa Siyasi Birliyi” çərçivəsində dördtərəfli format (Mişel, Makron, Şolts və ehtimal ki, digərlərinin dəyişən iştirakı ilə). Hər bir formatın öz xüsusiyyəti və öz ab-havası var. Onların ortaq cəhəti budur – kənardan təsirə və yaxud təzyiqə məruz qalmayan rəsmi Bakının məqsədyönlülüyü və prinsipial mövqeyi, kənardan təsirə və yaxud təzyiqə məruz qalmayan və nəticəyə köklənmək.

Hər görüşdən sonra tərəflərin “kasasına” irəliləyişin dərəcəsi və sülh istiqamətində atılan addımın miqyası barədə danışmağa imkan verən yeni damla əlavə olunur. Avropa İttifaqı Şurasının Prezidentinin mətbuat üçün bəyanatına görə, Brüsseldəki son görüşü nisbətən səmərəli kimi dəyərləndirmək olar.

Birincisi, xarici siyasət idarələrinin başçıları səviyyəsində sonuncu Arlinqton danışıqlar marafonunu tərəflər müsbət qiymətləndirib. Görünür, ABŞ-da müəyyən irəliləyiş əldə etmək mümkün olub və bu, iki lideri Avropa İttifaqının paytaxtında bazar günü keçirilən görüşə sövq edib. Burada açıq qalan məsələlərin geniş spektri müzakirə olunub, onların arasında sərhədlərin delimitasiyası, kommunikasiyaların açılması, humanitar məsələlər və Azərbaycanın Qarabağ iqtisadi rayonu sakinlərinin mövzusu seçilir.

Son görüşün sensasiyası kimi İrəvanın bizim dövlətin ərazi bütövlüyünü artıq abstrakt və qeyri-müəyyən şəkildə deyil, məhz tərkibində Qarabağ olmaqla tanımağa hazır olmasını göstərmək olar. Ermənistanın ölkəmizin bütövlüyünü tanımağa hazır olması çərçivəsində Azərbaycanın sahəsinin göstərilməsi (86,6 min kvadrat kilometr) o deməkdir ki, rəsmi İrəvan de-yure bununla razıdır ki, “Qarabağ – Azərbaycandır!” Bu isə sıçrayışdır!

Sözsüz ki, işğal edilmiş Azərbaycan anklavları məsələləri də görüşdə müzakirə olunub (bu mövzu gündəlikdən çıxa bilməz), lakin Mişelin bəyanatında qeyd olunur ki, delimitasiya üzrə ikitərəfli komissiya öz işini bərpa edəcək və sərhəd onun fəaliyyəti nəticəsində delimitasiya olunacaq. Şübhəsiz, bu, anklavların son taleyinin həllini nəzərdə tutur.

Tərəflər Naxçıvana və bu muxtar respublikanın ərazisi üzərindən dəmir yolunun açılması məsələsi üzrə, - bu isə Naxçıvan ərazisindən keçməklə Ermənistanla İran arasında dəmir yolu anlamını verir, - konsensusa çox yaxınlaşdılar. Həm dəmir yolunun tikintisi, həm də bir-birinə yaxın məsələlərin həlli üçün vaxt tələb olunması barədə razılaşma əldə olunub. Şarl Mişelin bəyanatında Ümumdünya Gömrük Təşkilatına - mənzil-qərargahı Brüsseldə yerləşən hökumətlərarası beynəlxalq təşkilata istinad da səsləndi. Ehtimal etmək qalır ki, tərəflərin müraciət etmək niyyətində olduqları bu təşkilatın dəstəyi, elə ona istinadın özü Prezident Əliyevin 2021-ci il dekabrın 14-də, ən birinci Brüssel görüşü ərəfəsində dediyi həmin praktikanın, məhz Ermənistan-Azərbaycan sərhədinin həm Gorus-Laçın hissəsində, həm də Zəngəzur dəhlizinin (diqqət: “dəhliz” sözü “dəhliz” sözünün özündən başqa qeyri-adi heç nəyi nəzərdə tutmur) hər iki başında kəsişmə rejimlərinin dəqiqləşdirilməsinin həyata keçməsini nəzərdə tutur. Beləliklə, Zəngəzur dəhlizi olacaq və Ermənistan bu dəhlizin hər iki başında gömrük nəzarəti məntəqələrinin yaradılması şərtilə onun açılmasına razılıq verir. Bu nəzarətin hansı şəkildə olacağı barədə danışmaq hələ tezdir, lakin Mişelin bəyanatında Ümumdünya Gömrük Təşkilatına istinad görünür ki, təsadüfi edilməyib.

Bununla bağlı hələ də açıq qalan iki məsələ var. Birincisi, avtomobil yolunun müqəddəratı və marşrutu, ikincisi isə Mehri rayonu ərazisində dəmir yolu zolağının bərpasına İrəvanın razılığına həddən artıq qısqanc cənub qonşunun reaksiyası. Tehranda bu dəfə nə deyəcəklər? Yenə də “geosiyasi dəyişiklərin və sərhədlərin yenidən cızılmasının yolverilməz olmasından” danışacaqlar?

Brüsseldə tərəflər saxlanılmış şəxslərin (Ermənistanda onları əsassız olaraq “hərbi əsir” adlandırırlar) növbəti dəfə azad olunmasına dair də razılıq əldə ediblər. Avropa İttifaqı Şurasının Prezidenti öz bəyanatında qeyd edib ki, əlverişsiz hava şəraiti nəticəsində sadəcə yolunu azan və ya digər şəraitlərdə başqa ölkənin ərazisində olan şəxslər yumşaldılmış rejimdə vətənə qaytarılmalıdır. Görüşdə itkin düşən şəxslərin taleyi və minalardan təmizləmə ilə bağlı məsələlər də müzakirə olunub.

Ermənistan hökumətinin başçısı onunla razılaşdı ki, Qarabağ hər hansı “suveren dövlət” deyil, xüsusən də ehtiyatsız olaraq bəyan etdiyi kimi “Ermənistan” deyil, keçmiş Dağlıq Qarabağ muxtar vilayətidir. Orada yaşayan ermənilər isə “xalq” deyil, “əhali”dir. Həmin böyük “keçmiş vilayət”in həmin “əhalisi”nin nümayəndələri ilə Bakı arasında dialoq üçün “beynəlxalq görünüş”ə və ya “beynəlxalq nəzarət mexanizmləri”nə nail olmaqdan ötrü bütün səylər (əsasən də ABŞ Dövlət Departamentinin) iflasa uğradı. Şarl Mişel etiraf edir ki, “beynəlxalq ictimaiyyətlə əməkdaşlıq şəraitində” (razılaşın ki, “beynəlxalq görünüş”ə və ya “beynəlxalq nəzarət mexanizmləri”nə mütənasib deyil) Bakını bu əhali ilə dialoqa çağırıb.

Şarl Mişelin bəyanatından belə nəticə hasil olmur ki, Ermənistan KİV-lərində “Bakı təslim oldu” və təmaslar indi “beynəlxalq ictimaiyyətin iştirakı ilə” olacaq kimi məlumatlar yayılsın və bu, onların zəngin fantaziyalarının bəhrəsidir.

Bu saata olan yeganə məlumat “sızma”sından hələ ki, bu qənaətlərə gəlmək mümkündür. Brüsseldəki son görüş iki xalqı sülhə yaxınlaşdırıbmı? Sözsüz. Avropa siyasətçisinin bəyanatı sayəsində üzə çıxan yeni elementlər buna sübutdur. Lakin biz çoxdan gözlənilən sülhə yaxınıqmı? Bax bununla bağlı müəyyən şübhələr var. Hər halda irəlidə hələ yüksək səviyyəli üç görüş – Kişineu, Brüssel, daha sonra Qranada görüşləri var. Bu isə o deməkdir ki, hələ həllini gözləyən məsələlər qalır.

Sülhə gedən yol enişli-yoxuşludur. Lakin tərəflərin xoş məramı olduqda bu yolu büdrəmədən keçmək mümkündür. Azərbaycanda bu istək var. Əgər Ermənistan Azərbaycan kimi nəticəyə köklənərsə, o halda regionumuzda nəhayət sülh bərqərar olar.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: