Ermənipərəst senator Menendez ilə bağlı prokurorluq və FTP araşdırma aparır

A- A A+

ABŞ-ın Manhetten Federal Prokurorluğu və Federal Təhlükəsizlik Bürosu (FTB) Nyu-Cersi ştatından olan senator Robert Menendez və onun erməni əsilli arvadı Nadine Arslanyanın “IS EG Halal” ət şirkətindən lüks avtomobil və Vaşinqtonda mənzil hədiyyə almaları barədə məsələni araşdırır.

NUHÇIXAN xəbər verir ki, bu barədə ABŞ-ın nüfuzlu “Nyu-York Tayms” nəşri məlumat yayıb.

Prokurorluğun nümayəndəsi ilə görüşən vəkilin dediyinə görə, Menendezlə bağlı bu istintaq ət şirkətinin ofislərində və onun sahibinin evində aparılan axtarışla bağlıdır.

2019-cu ildə həmin ət biznesi eksklüziv müqavilə qazanıb və Misirdən halal ət ixracı hüququnu əldə edən yeganə şirkət olub. Məhkəmənin qərarı ilə 2019-cu ildə “IS EG Halal” şirkətinin ofisində və şirkətin rəhbəri Vael Hananın evində aparılmış axtarış zamanı kompüterlər, mobil telefonlar və sənədlər müsadirə edilib. Məlum olub ki, Vael Hana Misirdən ABŞ-a mühacirət edən xristiandır. O, məhkəməyə ifadəsində etiraf edib ki, qlobal şirkəti idarə etməyə başlamazdan əvvəl İslam qanunlarına uyğun olaraq halal ət hazırlamaq təcrübəsinə malik olmayıb. V.Hananın sözçüsü onun, yaxud şirkətin Menendezə və onun həyat yoldaşı Nadine Arslanyana hədiyyə verməsi barədə faktları təkzib edib.

Menendez erməni əsilli Nadine Arslanyan ilə 2020-ci ilin oktyabrında evlənib. Onun 2021-ci ilin may ayında federal orqanların tələbinə uyğun olaraq təqdim etdiyi maliyyə hesabatına görə, onlar Nyu-Cersidəki nüfuzlu şəxslərdən toy hədiyyələri alıblar. 2022-ci ilin martında Menendez bu hesabata düzəliş edərək arvadına məxsus, dəyəri 100 min dollardan 250 min dollara qədər olan qızıl külçələri də daxil edib. Lakin senatorun maliyyə hesabatlarında nə “Mercedes-Benz” markalı avtomobilin, nə də mənzilin adı qeyd olunmayıb. Onun sözçüsü Cennifer Morril bu barədə heç bir fakt olmadığını bildirərək iddiaları yersiz adlandırsa da, lüks avtomobil və Vaşinqtondakı mənzillə bağlı istintaq məsələsinə, həmçinin senatorun arvadına məxsus qızıl külçələrlə bağlı sualları da cavablandırmayıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: