Azərbaycanın Los Ancelesdəki baş konsulluğunun təşəbbüsü ilə Azərbaycan, Pakistan, Türkiyə dövlətləri və xalqları arasındakı dostluq, qardaşlıq münasibətlərinə həsr olunmuş geniş tədbir keçirilib. Tədbir hər üç ölkənin Los Ancelesdəki baş konsulluqlarının birgə təşkilatçılığı ilə təşkil edilib. Bu barədə NUHÇIXAN-a Azərbaycanın Los Ancelesdəki baş konsulluğundan məlumat verilib.
Tədbirdə hər üç ölkənin Kaliforniyadakı icmalarının rəhbərləri və üzvləri, tanınmış ictimai xadimlər və jurnalistlər iştirak ediblər.
Hər üç ölkənin dövlət himnləri səsləndirildikdən sonra Azərbaycanın baş konsulu Nəsimi Ağayev hər kəsi bu qardaşlıq tədbirində görməkdən məmnunluğunu ifadə edib. Azərbaycan-Pakistan-Türkiyə münasibətlərinə toxunan baş konsul üç ölkə arasında həm ikitərəfli, həm də beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın yüksək səviyyədə olduğunu diqqətə çatdırıb. O, Pakistan və Türkiyənin xüsusilə Ermənistan-Azərbaycan münaqişəsində ölkəmizə göstərdikləri hərtərəfli dəstəyin Azərbaycan hökuməti və xalqı tərəfindən yüksək qiymətləndirildiyini vurğulayıb. Diplomat Pakistanın işğalçı Ermənistanı dövlət kimi tanımamasının və Türkiyənin Ermənistanla sərhədlərinin bağlı saxlanılmasının hər iki qardaş ölkənin Azərbaycan ilə həmrəyliyinin bariz göstəriciləri olduğunu qeyd edib.
Azərbaycan-Türkiyə münasibətlərindən danışan N.Ağayev Türkiyənin həm Azərbaycan Xalq Cümhuriyyəti dönəmində, həm də 1991-ci ildə müstəqilliyimizi bərpa etdikdən sonra hər zaman Azərbaycanın yanında olduğunu və bütün məsələlərdə ölkəmizə dəstək nümayiş etdirdiyini bildirib. Azərbaycan-Pakistan münasibətlərinə toxunan baş konsul ikitərəfli münasibətlərin siyasi, hərbi, humanitar və digər sahələrdə inkişaf etdiyini qeyd edib, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü və rəhbərliyi ilə Heydər Əliyev Fondunun Pakistanda həyata keçirdiyi humanitar layihələr barədə məlumat verib.
Sonra çıxış edən Türkiyənin baş konsulu Can Oğuz üç ölkə arasında münasibətlərin yüksələn xətlə inkişaf etdiyini qeyd edib, siyasi, iqtisadi, humanitar və digər sahələrdə əməkdaşlığın vacibliyindən danışıb.
Pakistanın baş konsulunun müavini Şoaib Sərvər çıxış edərək üç ölkə arasında sıx münasibətlərin Los Ancelesdəki baş konsulluqlar və buradakı icmalar arasındakı münasibətlərə çox önəmli təsir göstərdiyini bildirib, bu kimi birgə tədbirlərin davamlı olacağına əminliyini ifadə edib.
Daha sonra Azərbaycan icmasının fəal üzvü, Kaliforniya Azərbaycan Dostluq Assosiasıyasının icraçı direktoru Kimiya Məmmədova, Pakistan icmasından Los Anceles şəhərinin insan resursları üzrə müvəkkili Amna Qazi, Pakistan Şurasının icraçı direktoru İmran Şərif və Türkiyə icmasının fəal üzvü Ergün Kırlıkovalı çıxış edərək Azərbaycan, Pakistan və Türkiyə icmalarını bir araya gətirmək təşəbbüsünü alqışladıqlarını və bu tədbirin hər üç icmanı bir-birilərinə daha da yaxınlaşdıracağına ümidvar olduqlarını bildiriblər.