Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin rəhbəri, səfir Peter Mixalko Ukraynaya növbəti humanitar yardımın göndərilməsinə görə Azərbaycana təşəkkür edib.
NUHÇIXAN xəbər verir ki, bu barədə Peter Mixalko öz tviter hesabında paylaşım edib. O yazıb: “Ukraynaya növbəti humanitar yardımın göndərilməsinə görə Azərbaycana dərin minnətdarlığımı bildirirəm!”.
Xatırladaq ki, Ukrayna tərəfindən daxil olmuş müraciət nəzərə alınaraq, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığı ilə iyunun 9-da Ukraynaya humanitar yardım göndərilib. Humanitar yardıma tullantı sularını vurmaq üçün tutumu 400 kubmetr olan iki ədəd VA150KS mobil dizel nasosu, çirkab suların vurulması üçün diametri 200 millimetr olan 1000 metrdən çox toplama boru kəməri, şlanqlarla birlikdə 10 ədəd motor nasosu, 20 sualtı nasos, 5 şişmə rezin qayıq, 24 ədəd qızdırıcı fen, 20 ədəd sukeçirməyən gödəkçə, hər birindən 40 dəst olmaqla yay və qış geyim dəstləri, 40 cüt uzunboğaz və 40 cüt rezin çəkmə, 41 cüt uzun balıqçı çəkməsi, 9 rezin kombinezon, 208 xilasedici jilet, 50 xilasedici halqa və 42 xilasedici önlük daxildir.
Qeyd edək ki, Azərbaycan dövləti tərəfindən Ukrayna xalqına humanitar məqsədli digər yardımların da göndərilməsi nəzərdə tutulur.