Beynəlxalq Cinayət Məhkəməsində Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ayrıca tribunalın yaradılması təklifi irəli sürülüb
2002-ci ildə fəaliyyətə başlayan Beynəlxalq Cinayət Məhkəməsi artıq bir sıra ölkələrdə, xüsusilə keçmiş Yuqoslaviya üzrə ayrıca beynəlxalq tribunal yaradıb. Bu təcrübədən yararlanaraq Beynəlxalq Cinayət Məhkəməsi Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ayrıca tribunal yaratmalıdır.
NUHÇIXAN xəbər verir ki, bu fikri Ukrayna parlamentində Qlobal Təşəbbüsləri Dəstəkləyən Parlamentarilər Təşkilatının 40-cı illik Forumu və Beynəlxalq Cinayət Məhkəməsi və Qanunun Aliliyinə dair Parlamentarilərin 10-cu Konsultativ Assambleyasının açılış mərasimində çıxışı zamanı Milli Məclisin deputatı, ATƏT Parlament Assambleyasının vitse-prezidenti Azay Quliyev söyləyib.
A.Quliyev bildirib ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ayrıca tribunalın yaranması üçün yetərincə əsaslar var. Belə ki, münaqişə başlayandan bəri Ermənistan azərbaycanlılara qarşı bir sıra beynəlxalq cinayətlər törədib. Xüsusilə, insanlıq əleyhinə cinayətlər, hərbi cinayətlər, o cümlədən Xocalı soyqırımını törədib. Bununla bağlı Azərbaycanın hüquq-mühafizə orqanları, xüsusilə Baş Prokurorluq kifayət qədər ciddi dəlil və sübutları özündə əks etdirən istintaq materialları hazırlayıb. İnsanlıq əleyhinə cinayət törətmiş 305-dən çox erməninin beynəlxalq tribunallara verilməsi və tutularaq Azərbaycan hüquq-mühafizə orqanlarına təhvil verilməsinə dair cinayət işi açıb. Təəssüflər olsun ki, həmin şəxsləri cinayət məsuliyyətinə tam olaraq cəlb edə bilmirik. Ona görə də ayrıca beynəlxalq tribunalın yaradılmasına böyük ehtiyac var. Bu gün ermənilər beynəlxalq cinayətin bütün növünü Azərbaycan ərazisində azərbaycanlılara qarşı törədiblər.
ATƏT PA-nın vitse-prezidenti çıxışında vurğulayıb ki, Beynəlxalq Cinayət Məhkəməsi siyasi mövqe sərgiləməməli və Xocalıda törədilmiş soyqırımı cinayətini törədənlərin cəzalandırılmasında Azərbaycanın təşəbbüsünü dəstəkləməlidir.
Beynəlxalq Cinayət Məhkəməsinin vitse-prezidenti Mark Perrin Biçambaut cavab olaraq bildirib ki, Azərbaycan Beynəlxalq Məhkəmənin üzvü olmasa da, onun Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi üzrə cinayət tribunalının yaradılması təklifinə baxıla bilər. Bunun üçün müvafiq qurumların rəsmi müraciəti lazımdır. Əgər belə bir müraciət daxil olarsa, biz onu dəyərləndirəcəyik.