Astanada Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının son sammitində müzakirə edilən məsələlərin əks-sədası hələ də davam edir. Ermənistan müxtəlif bəhanələrlə bu təşkilata üzv olan Belarus və Qazaxıstanı ittiham etməyə çalışır. Ermənistan rəhbərləri bu iki ölkənin Azərbaycanla əlaqələri inkişaf etdirməsini "qeyri-demokratik" addım adlandırır. Xüsusilə Belarusun Azərbaycanla əməkdaşlığının yüksək dinamikası erməni liderləri çox narahat edir. Belarus Prezidenti A.Lukaşenkonun sözlərinə görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə bu il ərzində Azərbaycanla ticarət dövriyyəsi üç dəfə artıb ki, bu da yüksək inkişaf tempi deməkdir. Və Belarus bu istiqamətdə yeni addımlar atmağa hazırdır. Azərbaycan rəhbərliyi də Belarusla əlaqələrin inkişaf etdirilməsinə çalışdığını ifadə edib. Bütün bunlar İrəvanda isterika yaradır. Ekspertlər Ermənistanın bu cür reaksiyasının səbəbsiz olmadığı qənaətindədirlər. Məsələnin bu tərəfinin təhlili üzərində bir qədər geniş dayanmağa ehtiyac görürük.
Sammitdən sonra: erməni siyasilərinin psixoz tutmaları
Ermənistan siyasi dairələri çoxdandır ki, rasional məntiqi düşüncələrini itiriblər. İndi isə buna bir epileptik psixoz vəziyyəti də əlavə olunur. Astanada keçirilən KTMT-nin son sammitindən sonra bu, daha aydın hiss edilməkdədir. Öncə bir qədər detallı şəkildə hansı proseslərin getdiyinə nəzər salaq.
Orada KTMT-yə üzv dövlətlərin sərhədləri çevrəsi üzrə təhlükəsizliklə bağlı olan və müşahidə edilən bir sıra məsələlər dinlənilib. N.Paşinyan dekabrın 9-da keçiriləcək seçki haqqında, Belarus tərəfi Münxen təhlükəsizlik konfransı barədə məlumat veriblər. Digər üzv dövlətlərin başçıları da özlərinin aktual hesab etdiyi, xarici və daxili vəziyyətə aid məsələlərdən bəhs ediblər. Bu, sammitin başlıca mövzusu olub.
Eyni zamanda, təşkilata kimin rəhbərlik edəcəyi məsələsi də müzakirə edilib. Belarus Prezidenti Aleksandr Lukaşenkonun dediyinə görə, təşkilata rəhbər təyin etmək əsas məsələ olmayıb, cəmi 15 dəqiqə müzakirə aparılıb. Belə qərara gəlinib ki, dekabrda növbəti toplantıda bu məsələ konkretləşdirilsin. Çünki hazırda KTMT-yə rəhbərlik edən Ermənistanda daxili siyasi vəziyyət gərgindir və onun Aİİ ilə KTMT-yə eyni zamanda rəhbərlik etmək imkanına malik olub-olmadığı aydın deyil. Həmin səbəbdən məsələ yalnız N.Paşinyanın dekabrda verəcəyi məlumatlardan sonra tam həll edilə bilər.
Erməni siyasi dairələri və KİV-lər isə bütün bu normal prosesləri bir kənara qoyaraq, iki faktordan bərk yapışıblar. Birincisi, A.Lukaşenko niyə Azərbaycanın bu ölkədəki səfirini qəbul edərək, KTMT ilə bağlı məlumat verib. İkincisi, Prezident İlham Əliyevi niyə tədbirə dəvət etmək istəyiblər. Bu məsələlərin fonunda Belarusun Azərbaycana silah satması, Qazaxıstanın prinsipial mövqe tutması və Ermənistanın KTMT-yə yeni namizəd verməsinin guya əngəllənməsi də erməni ekspertlər tərəfindən "analiz" edilir.
Ədalət naminə deyək ki, bu məsələlərin də heç biri olduğu kimi təqdim edilməyib, xəstə erməni siyasi və ideoloji şüurunun təhrifləri süzgəcindən keçirilərək ictimaiyyətə zorla yeridilir. Bu da səbəbsiz deyil. Məsələnin mahiyyəti ondan ibarətdir ki, Azərbaycan Prezidenti İlham Əliyev təcavüzkarlığına görə Ermənistanın siyasi-iqtisadi və kommunikativ təcridi prosesini başa çatdırır. Bununla yanaşı, müstəqil siyasət yeridən dövlətlər artıq dərk edirlər ki, Azərbaycanla əməkdaşlıqdan yalnız faydalana bilərlər. Rəsmi Bakı real konstruktiv, sivil, demokratik və beynəlxalq hüquq normalarına tam uyğun siyasət yeridir və qarşılıqlı faydalı əməkdaşlıq üçün açıqdır.
Bu bağlılıqda Rusiya, Belarus və Qazaxıstan kimi ölkələrin də Azərbaycanla əməkdaşlığa yüksək maraq göstərməsi tamamilə təbiidir. Çünki Azərbaycanın bu ölkələrlə əməkdaşlığının layiqli tarixi vardır. Belarus Prezidenti A.Lukaşenko bu barədə açıq və konkret fikir bildirib. O, Azərbaycanın bu ölkədəki səfirini qəbul edərkən deyib: "Azərbaycan üçün bizim qapılar açıqdır... Siz bilməlisiniz ki, biz sizin dostunuzuq və həmişə əməkdaşlığa hazırıq. Bizim İlham Əliyevlə razılaşmalarımız müqəddəsdir, razılaşmışıq ki, onları yerinə yetirək. Belarusun Azərbaycanla qapalı mövzusu yoxdur".
Azərbaycan Prezidenti də Belarusun ölkəmizdəki səfirini qəbul edərək, iki ölkə arasında əməkdaşlığın müxtəlif aspektləri haqqında fikir bildirib. Dövlət başçısı bu əlaqələrin yüksək səviyyədə olduğu və yüksəliş dinamikasının davam edəcəyini vurğulayıb. Bu prosesə İlham Əliyevin yaxın zamanda Belarusa səfərinin yeni təkan verəcəyi ayrıca qeyd olunub.
Azərbaycanın uğurlarına qısqanclıq və paxıllıq: köhnə xislətin yenidən qabarması
Prezident İlham Əliyev Ermənistanın psixoz vəziyyətdə Azərbaycan-Belarus əməkdaşlığına reaksiya verməsinin səbəbini də görüş zamanı açıqlayıb. Rəsmi İrəvan Belarusun inkişafına qısqanclıqla yanaşdığını ifadə edib. Çünki Ermənistan özü problemlər içində çapalayır, geosiyasi olaraq da qəti mövqe müəyyənləşdirə bilmir. Ermənistan rəhbərliyi heç bir ölkə ilə faydalı əməkdaşlıq modelinə malik deyil. Onun fəaliyyəti ancaq Ermənistana yardım fəlsəfəsi üzərində qurulub. Kim yardım edirsə – yaxşıdır, etmirsə – pisdir. Bundan başqa, hansı dövlət Azərbaycanla əməkdaşlıq edirsə, o, "antidemokratik", "qeyri-sivil"dir və "aqressor"a yardım edir. Erməni siyasiləri o dərəcədə haqdan, ədalətdən, reallıqdan uzaqlaşıblar ki, artıq açıqca və abırsızcasına öz əməllərini başqa ölkələrin üzərinə atmağa çalışırlar.
Burada təbii ki, Azərbaycanın xarici siyasətdə əldə etdiyi böyük uğurlar da rol oynayır. Ermənistan özünün bacarıqsız və müasir tələblərə cavab verməyən siyasətinin fonunda Azərbaycanın bu dərəcədə uğurlu olmasını həzm edə bilmir. Onlar havadarlarının dəstəyi ilə uzun illərdir ki, özlərinin yaratdıqları yanlış təsəvvürlərin necə puç olub getdiyini duyurlar.
Hər kəs görür ki, reallıqda ermənilərin başqalarına paxıllıq çəkmək, müsbət işləri qaralamağa çalışmaq, öz eqoist və ultraşovinist maraqlarını bütün dünyanın marağı kimi təqdim etməyə çalışmaq kimi nəticəsiz fəaliyyəti artıq son mərhələsindədir. Azərbaycan rəhbərliyi özünün uzaqgörən, ədalətli, peşəkar, müasir tələblərə cavab verən və beynəlxalq hüquq normalarına tam uyğun olan siyasəti ilə dünyada böyük hörmət və rəğbət qazanmaqda davam edir. Rusiya, Belarus və Qazaxıstan niyə belə bir uğurlu dövlətlə əməkdaşlığı inkişaf etdirməsinlər?
Ermənilərin Belarusa irad tutmağa çalışdıqları başlıca məsələ silah satışı ilə bağlıdır. Burada da erməni eqoizmi psixoz səviyyədə özünü göstərir. Onlar Belarusun Azərbaycana müasir silahlar satmasını "cinayət" hesab edir, özlərinin "İsgəndər" əldə etmələrini "Azərbaycana yaxşı cavab" adlandırırlar. Azərbaycanın "Polonez"ləri almasını isə "Belarusun satqınlığı" kimi təqdim etməyə cəhd göstərirlər. Yəni faktiki olaraq bəsit xəstə məntiqi ilə çıxış edirlər. Adi insan belə sual edə bilər ki, "bütün dünya sənin aqressiv, yaramaz, ədalətsiz siyasətini dəstəkləməlidir?!". Bu, niyə elə olmalıdır?
Erməni terrorçuları Dağlıq Qarabağda və ətraf rayonlarda dünyada görünməmiş vəhşilik törədib, faktiki olaraq soyqırımı həyata keçiriblər. İndi bu cinayətə Belarus, Rusiya və Qazaxıstan da ortaq olmalıdırlar?! Siyasətçi üçün bu, o qədər absurd bir müddəadır ki, heç şərh etməyə dəyməz. Ancaq aydın görünür ki, erməni siyasi şüuru özünün mənfur şovinist və eqoist gölündə boğulur.
Bu proseslər başqa bir maraqlı və əhəmiyyətli reallığı da yenidən ortaya qoyur. Cənubi Qafqazda Azərbaycan xarici siyasətini ədalətli, beynəlxalq hüquq çərçivəsində və qarşılıqlı faydalı əməkdaşlıq müstəvisində aparmaqla ciddi uğurlar qazanır və onlardan bütövlükdə regional əməkdaşlıq imkanlarını genişləndirmək üçün istifadə edir. Ermənistan isə hətta üzvü olduğu təşkilat daxilində belə hörmət qazana bilmir. Həmin dövlətlər onun haqsız, ədalətsiz və beynəlxalq normalara zidd olan iddialarına ortaq olmaqdan imtina edirlər. Prezident İlham Əliyev bununla bağlı çox dəqiq fikir ifadə edib. Dövlət başçısı Belarus səfiri ilə görüşdə vurğulayıb ki, KTMT-nin bir problemi varsa, o da Ermənistandır və Ermənistanın törətdiyi problemlərdir.
Bunlar bir daha təsdiq edir ki, Azərbaycan rəhbərliyi müdrik və sistemli siyasəti ilə Ermənistanın əsl simasını dünyaya yaxşı tanıdır. Eyni zamanda, müxtəlif ölkələrlə əməkdaşlığı genişləndirib, növbəti uğurların təməlini qoyur.
Newtimes.az
Digər xəbərlər