Rumıniyada azərbaycanlıların əzəli torpaqlarına qayıdışına dair məqalə işıq üzü görüb - FOTOLAR

A- A A+

Rumıniyanın nüfuzlu “Punctul Critic” elmi jurnalı Azərbaycanın Rumıniyadakı səfiri Hüseyn Nəcəfovun “Azərbaycanlıların Qarabağa, Şərqi Zəngəzura və Qərbi Azərbaycana böyük qayıdışı” sərlövhəli məqaləsini dərc edib.

NUHÇIXAN xəbər verir ki, məqalədə, Ermənistan-Azərbaycan münaqişəsinin tarixi, onun nizamlanması prosesi, zəfərə aparan yol, böyük qayıdış proqramı haqqında geniş məlumat verilib.

Diqqətə çatdırılıb ki, beynəlxalq sülh və təhlükəsizlik üçün ciddi təhdid mənbəyinə çevrilən Ermənistan-Azərbaycan münaqişəsi beynəlxalq təşkilatlar çərçivəsində ciddi müzakirələrə səbəb olaraq, problemlə bağlı bir sıra mühüm sənədlər qəbul edilib. Beynəlxalq sülhün və təhlükəsizliyin əsas təminatçısı kimi çıxış edən BMT Təhlükəsizlik Şurasının Ermənistan-Azərbaycan münaqişəsi ilə əlaqədar qəbul etdiyi qətnamələr münaqişənin beynəlxalq hüququn norma və prinsipləri əsasında həlli üzrə siyasi prosesin hüquqi əsaslarını müəyyən edib. Qeyd edilib ki, ötən dövr ərzində Azərbaycan qətiyyətli və prinsipial siyasət həyata keçirərək, münaqişənin beynəlxalq hüququn norma və prinsipləri əsasında həlli üçün hüquqi baza formalaşdırmağa nail olub. Tarixi reallıq, beynəlxalq hüququn münaqişənin ədalətli həlli üçün etibarlı zəmin yaratmasına, habelə iqtisadi potensial, insan resursları, hərbi güc baxımından Azərbaycanın Ermənistandan dəfələrlə üstün olmasına baxmayaraq, rəsmi Bakı sonadək sülh danışıqlarına sadiqliyini nümayiş etdirib.

Vurğulanıb ki, ötən müddət ərzində Ümummilli Lider Heydər Əliyev uzaqgörənlik və müdrikliklə Azərbaycanın hərtərəfli inkişafı, siyasi və iqtisadi müstəqilliyinin möhkəmləndirilməsi üçün böyük işlər görüb, sağlam təməllər yaradıb. Bu yolu uğurla davam etdirən Azərbaycan Prezidenti İlham Əliyev ölkənin ərazi bütövlüyünün bərpası üçün ilk növbədə, iqtisadi gücün vacibliyini bəyan etdi və düzgün strategiya və düşünülmüş məqsədyönlü siyasət nəticəsində Azərbaycan güc toplamağa başladı, iqtisadi müstəqilliyini təmin etdi. Həmçinin, ölkənin iqtisadi cəhətdən yüksəlişi ordu quruculuğunda da dönüşə səbəb oldu, Azərbaycan Ordusu ən müasir silah və hərbi texnika ilə gücləndirildi, hərbçilərin bilik və bacarıqları artırıldı. Ən əsası Azərbaycan xalqı ötən 30 illik dövr ərzində işğalla barışmadı və ərazi bütövlüyünü bərpa etmək üçün sarsılmaz əzm göstərdi.

Diplomat qeyd edib ki, Ermənistanın növbəti hərbi təcavüz cəhdinə cavab olaraq Azərbaycan Ordusu əks-həmlə əməliyyatına başladı və 44 gün davam edən Vətən müharibəsi nəticəsində Ermənistan ordusunu məhv etməyə, işğal altında olan əraziləri azad etməyə nail oldu. Ali Baş Komandan, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə müzəffər Azərbaycan Ordusu tərəfindən icra edilmiş “Dəmir Yumruq” əməliyyatı Azərbaycan xalqının tarixinə qızıl hərflərlə yazıldı, işğalçılığı, nasizmin şöhrətləndirilməsini dövlət siyasətinə çevirən Ermənistanın təslim olması ilə nəticələndi. 2020-ci il noyabrın 10-da Ermənistan kapitulyasiya aktını imzaladı və bununla da Ermənistan-Azərbaycan münaqişəsinə son qoyuldu, Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi.

Bildirilib ki, Vətən müharibəsindən ötən müddət ərzində işğaldan azad olunmuş ərazilərə həyat yenidən qayıdır və bir milyondan çox soydaşımızın 30 il həsrətlə gözlədiyi Böyük Qayıdış başlayıb.

Qərbi Azərbaycan ərazisinin əzəli Azərbaycan torpaqları olmasına dair tarixi həqiqətlər barədə məlumat verən səfir son iki yüz ildə ermənilər tərəfindən dəfələrlə deportasiya, soyqırımı və etnik təmizləmələrə məruz qalan soydaşlarımızın tarixi-mənəvi haqqının bərpa olunmasının bütün beynəlxalq konsepsiyalara uyğun olduğunu diqqətə çatdırıb. Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyası haqqında məlumat verərək bildirib ki, BMT-də rəsmi sənəd kimi yayılan Konsepsiya indiki Ermənistan ərazisindən zorla çıxarılmış azərbaycanlıların öz yurdlarına sülh yolu ilə, təhlükəsiz və ləyaqətli şəkildə qayıtmasını müəyyən edən sənəddir.

Müəllif qeyd edib ki, Azərbaycanın İkinci Qarabağ müharibəsində mühüm qələbəsi beynəlxalq hüquq normaları əsasında münasibətlərin normallaşdırılması üçün tarixi imkan yaratdı və Ermənistanla Azərbaycan arasında sülh bütün Avrasiyanın rifahına töhfə verəcəkdir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: