Polşanın paytaxtı Varşava şəhərində Ümummilli Lider Heydər Əliyevin büstü qoyulacaq. Azərbaycan xalqının Ümummilli Lideri, görkəmli dövlət və siyasi xadim Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar hazırlanan büst Azərbaycanın Polşadakı səfirliyinin inzibati binasının ərazisində yerləşdiriləcək.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən NUHÇIXAN-a bildirilib ki, Ulu Öndərin büstünün açılış mərasimində iştirak etmək üçün Milli Məclisin deputatı Müşfiq Məmmədli iyunun 27-də Varşavaya səfər edəcək.
Tədbirdə görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin həyatı və ictimai-siyasi fəaliyyəti barədə məlumat veriləcək, onun Azərbaycan dövlətçilik tarixindəki rolu və müstəsna xidmətlərindən bəhs olunacaq.
Açılış mərasiminə Polşa hökümətinin, Senatının və Seyminin, diplomatik missiyaların nümayəndələri qatılacaqlar.