Azərbaycanın Pakistandakı səfiri Əli Əlizadə bu ölkənin “Kay2TV” televiziya kanalının “Biznes-raund” proqramının qonağı olub.
NUHÇIXAN xəbər verir ki, proqramda Azərbaycan ilə Pakistan arasında iqtisadiyyat və ticarət sahələrində əlaqələrin inkişaf perspektivlərinə yer verilib.
Səfir proqramda Azərbaycanın Pakistanla bu sahələrdə əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu, cari ildə iki ölkə arasında bir çox birgə layihələrin, sərgi, biznes forum və görüşlərin, qarşılıqlı səfərlərin təşkil edildiyini, ticarət dövriyyəsində artımın müşahidə olunduğunu, bu sahədə potensial və imkanların daha dərindən araşdırılmasının vacibliyini bildirilib.
O, həmçinin Azərbaycanda xarici investorlar üçün yaradılan münbit şərait, kənd təsərrüfatı, sənaye və texnologiya parklarının, iqtisadi zonaların fəaliyyətləri haqqında məlumat verib. Azərbaycanla Pakistan arasında olan strateji tərəfdaşlıq münasibətlərinin olduğunu xatırladan səfir ticarət-iqtisadi, hərbi-texniki, enerji, turizm və digər sahələrdəki əməkdaşlıqdan bəhs edib, 2017-ci ildə iqtisadi-ticari və kənd təsərrüfatı sahələrində əməkdaşlığın genişləndirilməsi üçün iki birgə işçi qrupunun yaradıldığını, viza rejiminin Pakistan vətəndaşları üçün sadələşdirildiyini və qarşılıqlı investisiya üçün imkanların artdığını qeyd edib.
Əli Əlizadə, eyni zamanda, Heydər Əliyev Fondunun fəaliyyəti, Fondun Pakistanda həyata keçirdiyi humanitar və sosial yönümlü layihələr haqqında məlumat verib, layihələrin bu il də davam etdirildiyini vurğulayıb.
Səfir, həmçinin Azərbaycan-Pakistan siyasi münasibətlərinin yüksələn xətlə inkişaf etdiyini, hər iki ölkənin hər zaman bir-birinə dəstək verdiyini ifadə edib. Diplomat təhsil sahəsində həyata keçirilən layihələr, Azərbaycanın turizm potensialı, mədəniyyəti, terrorla mübarizə sahəsində görülən işlər, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, Ermənistanın işğalçılıq və etnik təmizləmə siyasəti, təxribatları haqqında da tamaşaçılara ətraflı məlumat verıb.