Azərbaycanın Kubadakı səfiri Ruslan Rzayev “Cubavisión Internacional” telekanalının “Enlace Cuba” proqramının Qoşulmama Hərəkatına həsr olunmuş xüsusi buraxılışında ölkəmizin bu təşkilata sədrliyi barədə müsahibə verib.
Bu barədə NUHÇIXAN-a səfirlikdən bildirilib. R.Rzayev Azərbaycanın Qoşulmama Hərəkatına (QH) sədrliyi dövründə həyata keçirdiyi mühüm tədbirlər, koronavirus pandemiyası ilə mübarizə sahəsində irəli sürdüyü beynəlxalq səviyyəli təşəbbüslər, QH-nin COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun təsis edilməsi, Prezident İlham Əliyev Qoşulmama Hərəkatının sədri qismində Azərbaycanın təşəbbüsü ilə BMT Baş Assambleyasının xüsusi sessiyasının çağırılması, habelə Ümumdünya Səhiyyə Təşkilatı vasitəsilə Azərbaycan tərəfindən inkişaf etməkdə olan ölkələrə göstərilən maliyyə və humanitar yardımlar barədə məlumat verib. Bununla yanaşı, Azərbaycanın sədrliyi müddətində Hərəkatın təsisatlanması istiqamətində görülən işlər çərçivəsində QH Parlament Şəbəkəsinin və QH Gənclər Təşkilatının yaradıldığını qeyd edib.
Səfir, həmçinin Kubanın Hərəkatın təsisçi üzvü kimi Azərbaycanın sədrliyi dövründə irəli sürdüyü təşəbbüslərə göstərdiyi dəstəyə, 2019-cu ildə Kuba Respublikasının Prezidentinin, 2023-cü ildə isə Kuba Respublikasının vitse-prezidentinin Bakıda keçirilmiş Zirvə görüşlərində, eləcə də digər tədbirlərdə Kuba nümayəndə heyətinin iştirakına toxunub.
İki hissədə, müvafiq olaraq iyunun 25-də və iyulun 2-də yayımlanan proqram çərçivəsində Azərbaycanın QH-yə uğurlu sədrliyi xüsusi vurğulanaraq, QH çərçivəsində ölkəmizdə təşkil edilən beynəlxalq tədbirlərlə bağlı videomateriallar nümayiş edilib.