Qoşulmama Hərəkatının formalaşması tarixinə nəzər salsaq görərik ki, 1955-ci ildə İndoneziyanın Bandunq şəhərindən başlanan yol, 1961-ci ildə Belqrad Zirvə Görüşündə Qoşulmama Hərəkatının institusional əsasının qoyulması ilə nəticələnib. “Bandunq prinsipləri”nə bağlı olan Qoşulmama Hərəkatının hazırda 120 üzvü, 18 müşahidəçi dövləti və 10 müşahidəçi beynəlxalq təşkilatı var.
Heç bir hərbi alyansa qoşulmayan Azərbaycan Respublikası 26 may 2011-ci ildə İndoneziyanın Bali adasında Qoşulmama Hərəkatına tam hüquqlu üzv qəbul olunub. Hərəkatın fundamental prinsiplərinə və dəyərlərinə sadiq olan Azərbaycan 2019-cu ildən Qoşulmama Hərəkatına uğurla sədrlik edir.
İyulun 5-də Bakı Konqres Mərkəzində Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun “Qoşulmama Hərəkatı: meydana çıxan çağırışlarla mübarizədə birgə və qətiyyətli” mövzusunda keçirilən nazirlər görüşündə Azərbaycan Respublikasının Prezidenti, Qoşulmama Hərəkatının sədri İlham Əliyev iştirak edib. Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi dövründə “Bandunq prinsipləri” əsasında ədaləti, beynəlxalq hüququ və üzv ölkələrin qanuni maraqlarını qətiyyətlə qoruduğunu deyən Prezident İlham Əliyev, COVID-19 pandemiyası ilə mübarizədə məhz Qoşulmama Hərəkatının qlobal səyləri birləşdirdiyini vurğuladı: “Ehtiyacı olan ölkələrə yardım göstərmək Azərbaycanın sədrliyinin digər prioriteti idi. Azərbaycan əksəriyyəti Qoşulmama Hərəkatına üzv olan 80-dən çox ölkəyə ya ikitərəfli qaydada, ya da Ümumdünya Səhiyyə Təşkilatı vasitəsilə COVID-19 ilə bağlı maliyyə və humanitar dəstək göstərib. Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon ABŞ dolları məbləğində könüllü töhfə verib. Biz, həmçinin beş ölkəni peyvəndlə təmin etmişik”.
Hərəkatın institusional inkişafına toxunan İlham Əliyev, 2021-ci və 2022-ci illərdə Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin və Qoşulmama Hərəkatı Gənclər Təşkilatının yaradılmasının Azərbaycanın sədrliyinin növbəti nailiyyəti adlandırıb.
BMT-də ciddi islahatların aparılmasının qaçılmaz olduğunu deyən İlham Əliyev, BMT Təhlükəsizlik Şurasında Qoşulmama Hərəkatına bir daimi yerin verilməli olduğunu bir daha qeyd edib.
Prezident İlham Əliyev çıxışı zamanı neokolonializm meyillərinin artmasından olduqca narahat olduğunu dilə gətirərək bildirib ki, Neokolonializmi hələ də davam etdirən ölkələrdən biri Fransadır: “Fransa öz müstəmləkə keçmişinə, qanlı müstəmləkə cinayətlərinə və soyqırımı aktlarına görə Qoşulmama Hərəkatına üzv olan Afrika, Cənub-Şərqi Asiya ölkələrindən və digər ölkələrdən üzr istəməlidir. Fransa hətta Korsika dilinə qadağa qoyur və etnik azlıqlar konsepsiyasını qəbul etmir, lakin, eyni zamanda, özünü Azərbaycandakı erməni milli azlığının müdafiəçisi kimi göstərməyə çalışır. Bu, riyakarlıq və ikili standartlardan başqa bir şey deyil. Fransa hakimiyyəti başqalarına mühazirə oxumağa cəhd etmək əvəzinə, öz ölkəsində bu cür narahatedici meyillərlə mübarizə aparmalıdır”.
İqlim dəyişikliyi, su qıtlığı, ərzaq təhlükəsizliyi, məcburi miqrasiya kimi məsələlərə, mədəniyyətlərarası və dinlərarası dialoqun təşviqinə toxunan İlham Əliyev, Azərbaycanın Hərəkata sədrliyi dövründə Ermənistanı döyüş meydanında məğlub edərək 30 illik işğala son qoymasından və işğalçı ölkə kimi Ermənistanın kapitulyasiya aktını imzalamağa məcbur olmasından danışıb: “Ərazilərimiz işğaldan azad edildikdən sonra Azərbaycan indi bir sıra nəhəng çağırışlarla üz-üzədir. Keçmişdə işğal altında olmuş ərazilərdəki dağıntıların miqyasından dəhşətə gəldik. Azərbaycanın şəhər və kəndləri Ermənistan tərəfindən qəsdən dağıdılmış, talan olunmuş, bütün mədəni və dini abidələr, məscidlər təhqir olunmuş, qarət edilmişdir. Ermənistan işğal etdiyi ərazilərdə urbisid, kultursid və ekosid törətmişdir”.
Ermənistanın Naxçıvan Muxtar Respublikası ilə sərhəddə transsərhəd ekoloji fəlakət törətməkdə davam etdiyini bildirən Prezident İlham Əliyev. Azərbaycanın hazırda dünyada minalarla ən çox çirkləndirilmiş on ölkə sırasında yer aldığını vurğulayıb.
Azərbaycan Prezidenti Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində hələ də Ermənistan silahlı qüvvələrinin qalıqlarının mövcudluğundan, bölgədəki erməni hərbi və yarımhərbi elementlərin tərk-silah edilməsinin vacibliyindən danışıb. İlham Əliyev eyni zamanda qeyd edib ki, “Ermənistan, həmçinin təxminən 3 il əvvəl imzaladığı kapitulyasiya aktında yer almış digər öhdəliyi olan və Azərbaycanın əsas hissəsini onun Naxçıvan Muxtar Respublikası ilə bağlayacaq Zəngəzur dəhlizinin açılmasına mane olur”.
Prezident İlham Əliyev çıxışının sonunda işğal zamanı və işğaldan sonra Azərbaycanın ədalətli mövqeyini dəstəkləməkdə göstərdikləri prinsipial mövqeyə, həmrəyliyə və dəstəyə görə təşəkkür edib.
Azərbaycan Prezidentinin çıxışında dünyada baş verən proseslərin və mövcud reallıqların aydın mənzərəsi öz əksini tapıb. İlham Əliyevin sədrliyi ilə Qoşulmama Hərəkatı yeni dünya düzəninin formalaşmasında qətiyyətli rol oynamaqla bir çox yeniliklərə imza atıb. Azərbaycan Prezidentinin çağırışları və irəli sürdüyü təkliflər sayəsində xoşniyyətli səylər öz bəhrəsini verib, qlobal problemlərin həlli istiqamətində fəallıq nümayiş olunub.
Dörd il ərzində Qoşulmama Hərəkatına uğurla sədrlik edərək təşkilatın təsir dairəsini genişləndirmək, nüfuzunu qat-qat yüksəltmək Azərbaycan Prezidentinin apardığı uğurlu siyasətin bəhrəsidir. 120 ölkənin siyasi kordinatoru olan Azərbaycan Prezidentinin təşkilata uğurlu sədrliyi üzv dövlətlər tərəfindən yüksək qiymətləndirilir.
Bir sözlə Prezident İlham Əliyevin çıxışı zamanı vurğuladığı məqamlar onu göstərir ki, insan hüquq və azadlıqlarına, ölkələrin suverenliyi və ərazi bütövlüyünə hörmət etməklə bəşəri dəyərləri özündə ehtiva edən Qoşulmama Hərəkatı BMT Baş Assambleyasından sonra dünya dövlətlərinin təmsil olunduğu ən böyük siyasi təsisata çevrilib. Azərbaycanın uğurlu sədrliyi Qoşulmama Hərəkatını böyük qüvvəyə çevirməklə Hərəkatın nüfuzunu daha da artırıb.
Nəriman Nəcəfov