Səudiyyəli jurnalist Prezident İlham Əliyevin Qoşulmama Hərəkatının Bakı görüşündəki çıxışı barədə məqalə yazıb
Səudiyyə Ərəbistanı Krallığının Londonda çap olunan nüfuzlu “Əş-Şərq Əl-Avsət” qəzetində jurnalist Şövqi Ər-Rayisin “İlham Əliyev Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlər görüşündə Fransanın müstəmləkə keçmişini xatırladıb” sərlövhəli analitik məqaləsi dərc olunub.
NUHÇIXAN xəbər verir ki, Ş.Ər-Rayis yazısında cari ilin 05 iyul tarixində Bakı Konqres Mərkəzində Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun “Qoşulmama Hərəkatı: meydana çıxan çağırışlarla mübarizədə birgə və qətiyyətli” mövzusunda nazirlər görüşündə iştirak edən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin verdiyi vacib mesajlara toxunub.
Jurnalist Azərbaycanın Qarabağ regionu böhranı ilə bağlı Parisin mövqeyindən narazı olduğunu diqqətə çatdırıb.
O, yazısında Prezident İlham Əliyevin Fransaya, xüsusən də onun prezidenti Emmanuel Makrona qarşı sərt bəyanatlar verərək ondan müstəmləkə keçmişinə, Afrika, Cənub-Şərqi Asiya və digər ölkələrdə törətdiyi soyqırımı aktlarına görə üzr istəməsini tələb etdiyini bildirib.
Jurnalist Prezident İlham Əliyevin çıxışına istinad edərək yazıb: “Fransanın Əlcəzair xalqına qarşı törətdiyi soyqırımı zamanı bir milyon yarım əlcəzairli qətlə yetirilib, azadlıq uğrunda ölən əlcəzairli şəhidlərinin bəzi qalıqları (sümükləri) hələ də Paris muzeyində müharibə qənimətləri kimi qorunub saxlanılır. Prezident İlham Əliyev Fransa Prezidenti E.Makronu onları Əlcəzairə təhvil verməyə çağırıb”.
Məqalədə Prezident İlham Əliyevin Fransa prezidentinə qarşı bu sərt bəyanatının səbəbinin Fransanın Vaşinqton və Brüsselin Qarabağ regionunda vəziyyəti sakitləşdirmək üçün göstərdiyi səylərə zidd siyasət yürütməsi olduğu vurğulanıb.
Daha sonra jurnalist Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin sözçüsünə istinad edərək qeyd edib: “Fransa prezidenti regiondakı separatçıları açıq şəkildə dəstəkləyir, onun bu mövqeyi Avropa İttifaqına üzv olan dövlətlərin heç biri tərəfindən dəstəklənmir. Fransanın Cənubi Qafqazdakı siyasəti Azərbaycan və Ermənistan arasında sülh sazişinin əldə olunması üçün aktiv fəaliyyət göstərən Avropa İttifaqının xarici siyasətinə tamamilə ziddir”.
Məqalədə, həmçinin Azərbaycanın 2019-cu ildən bəri QH-yə sədrlik etdiyi, gələn ilin əvvəlindən isə bu sədrliyin Uqandaya keçəcəyi bildirilir.