Bir qərinədir blokadada olan Naxçıvanı görməzdən gəlmiş Qərbin erməni riyakarlığı

A- A A+

30 ildən çoxdur ki, Ermənistanın işğalçılıq siyasəti nəticəsində Azərbaycanın əsas hissəsi ilə əlaqəsi kəsilərək blokadaya düşən Naxçıvanla bağlı hələ də Qərbdən - ABŞ və Avropadan hər hansı bir bəyanat eşitməmişik. Nədir bu ayrıseçkilik? Bəlkə də, erməni lobbisinin pulları indi qərbliləri dilləndirməyə vadar edir.

Ermənistanın Qarabağda yaşayan bir ovuc erməniyə humanitar yardım adı altında ƏDV-si ödənilmiş mallar göndərməsini şouya çevirməyin bir adı var: Riyakarlıq! Azərbaycanın haqlı olaraq öz suveren ərazisinə erməni TIR-larını buraxmamasını “qınayan” bəyanatlar verən Qərb “rəsmiləri” nəyə görə Naxçıvan əhalisinin blokada şəraitində yaşaması ilə bağlı bir kəlmə də danışmayıblar. Ona görə ki, erməni lobbisindən ianə adı ilə aldıqları rüşvətin “haqqı”nı verməlidirlər.

44 günlük müharibədən sonra bölgədə yeni reallıqlar yarandı. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə qazanılan qələbə Naxçıvanın blokadadan çıxması ümidlərini daha da artırdı. Erməni riyakarlığı bütün kommunikasiyaların, xüsusilə də Zəngəzur dəhlizinin açılmasını ləngitsə də zaman Azərbaycanımızın xeyrinə işləyir. Bir ovuc erməninin Xankəndidə “humanitar böhran” yaşadıqları barədə qaldırdıqları hay-küyə tez bir zamanda “hay” verənlər bir qərinədir ki, Naxçıvanın blokadasına səssiz qalıblar.

Azərbaycan tərəfi həmişə olduğu kimi yenə də humanistlik göstərərək Qarabağ ermənilərinə Ağdam-Xankəndi yolundan istifadə etməyi təklif edib. Həm də Azərbaycanın Qarabağda yaşayan ermənilərin ərzaq və humanitar yardım tədarükü üçün Ağdam yolundan istifadə etməsi ilə bağlı təklifi Brüssel görüşündə Avropa İttifaqı Şurası Prezidenti Şarl Mişel tərəfindən də dəstəklənib. Ermənilərin bu yoldan istifadə etməkdən imtina etməsi siyasi spekulyasiyadır və rasist yanaşmanın göstəricisidir.

Bir məqamı qeyd etmək yerinə düşər ki, separatçıların girovuna çevrilmiş Qarabağ ermənilərinə ərzaq tədarükünün Ağdam yolu ilə həyata keçirilməsi logistik baxımdan daha sərfəlidir. Belə ki, Ağdam yolu daha qısadır və daşınma daha ucuz başa gəlir. Ermənistanda ƏDV-si ödənilmiş mallar nə üçün humanitar yardım adı altında Azərbaycan ərazisinə gətirilməlidir və Ermənistan bundan niyə qazanmalıdır? Deməli, humanitar yük adı ilə Ermənistanın oliqarxları qazanc əldə etməyi planlayırlar. Əslində onları milli təəssübkeşlik yox, cibləri düşündürür. Necə deyərlər, ədalətləri ciblərində olan Qərb rəsmiləri kimi.

 

Nəriman Nəcəfov

NUHÇIXAN

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: