XİN: Qondarma rejimin “rəhbəri”nin ATƏT-in Minsk qrupu həmsədr ölkələrinə səyahəti münaqişə üzrə vəziyyətin gözlənilməz inkişafına gətirib çıxara bilər
Erməni kütləvi informasiya vasitələrində yer almış məlumata əsasən, Azərbaycan Respublikasının işğal edilmiş ərazilərində yaradılmış qondarma rejimin “rəhbəri” Rusiya Federasiyasına səfər edib. Qanunsuz separatçı rejimin nümayəndəsinin Rusiya Federasiyasının ərazisinə daxil olmasına icazə verilməsi Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə həlli prosesinin irəli aparılması səylərinə xələl gətirir və Rusiyanın ATƏT-in Minsk qrupunun həmsədri qismində vasitəçilik öhdəlikləri ilə ziddiyyət təşkil edir.
NUHÇIXAN xəbər verir ki, bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyinin yaydığı açıqlamada bildirilir.
Açıqlamada qeyd edilir ki, Rusiya tərəfinin bu addımı Azərbaycan ilə Rusiya arasında mövcud olan münasibətlərin yüksək səviyyəsinə uyğun gəlmir və ikitərəfli münasibətlərin normativ-hüquqi bazası ilə, xüsusilə də “Tərəflərin separatçı hərəkatları dəstəkləməmək, digər tərəfin suverenliyi, müstəqilliyi və ərazi bütövlüyünə qarşı yönələn şəxslərin fəaliyyətini qadağan etmək öhdəliyini” əks etdirən iki ölkə arasında dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizlik haqqında müqavilə ilə ziddiyyət təşkil edir.
“Qondarma rejimin “rəhbəri”nin ATƏT-in Minsk qrupu həmsədr ölkələrinə səyahəti münaqişə üzrə vəziyyətin gözlənilməz inkişafına gətirib çıxara bilər. Belə olacağı təqdirdə bütün məsuliyyət Ermənistan tərəfinin üzərinə düşür”, - deyə açıqlamada vurğulanır.