Azərbaycan səfirliyi İslamabadda keçirilən ənənəvi xeyriyyəçilik bazarında iştirak edib - FOTOLAR
Azərbaycanın Pakistandakı səfirliyi bu ölkənin Xarici İşlər Nazirliyinin Qadınlar Assosiasiyasının İslamabad şəhərində təşkil etdiyi ənənəvi xeyriyyəçilik bazarına qatılıb.
Səfirlikdən NUHÇIXAN-a verilən məlumata görə, xarici dövlətlərin Pakistandakı səfirliklərinin, eyni zamanda yerli şirkətlərin iştirak etdiyi bazarda ölkələrin milli və mədəni dəyərlərinə, adət-ənənələrinə, turizm potensialına, iqtisadiyyatına və digər sərvətlərinə dair materiallar sərgiyə çıxarılıb.
Tədbirin açılış mərasimini həyata keçirən Pakistanın birinci xanımı Samina Alvi çıxışında Qadınlar Assosiasiyasının xeyriyyəçilik tədbirinin müxtəlif xalqlar və mədəniyyətlər arasında vəhdət və həmrəyliyi təmsil etdiyini bildirib və assosiasiyanın Pakistanda yoxsulların dəstəyi naminə həyata keçirdiyi xeyriyyəçilik aksiyalarını təqdir edib.
Pakistan xarici işlər nazirinin həyat yoldaşı Mehrin Qureyşi, Pakistan Xarici İşlər Nazirliyi Qadınlar Assosiasiyasının prezidenti Anila Həsən nitqlərində 1947-ci ildən başlayaraq təşkilatın məramları, imkansız insanlara yardımı, keçirdiyi tədbirlər haqqında məlumat verərək, bu ilki bazarın “Müxtəlifliyin qeyd olunması” adı altında təşkil olunduğunu, xeyriyyəçilik məqsədilə yanaşı mədəni müxtəlifliyin təbliğinə və birliyə xidmət etdiyini diqqətə çatdırıblar.
Çıxışların ardınca “Ölkələr Paradı”nda da təmsil olunan Azərbaycan səfirliyi tərəfindən Azərbaycan bayrağı Azərbaycan milli geyimində diplomatların övladları tərəfindən səhnəyə gətirilib, dalğalandırılıb, həmçinin tədbirin mədəni hissəsində Nəzrin Əlizadənin ifasında Azərbaycanın “Nəlbəki” milli rəqsi tamaşaçılara təqdim olunub.
Azərbaycan səfirliyi “Ölkələr Paradında” və mədəni proqramda təmsil olunan azsaylı səfirliklərdən olub.
Azərbaycan səfirliyinin pavilyonunda isə Azərbaycan mətbəxinin ləziz nümunələrindən qoğal, şəkərbura, dolma, paxlava, qutab və sair təamlar, Azərbaycanın milli geyimləri, həmçinin Azərbaycan tarixini və mədəniyyətini təzahür etdirən milli suvenirlər, İçəri Şəhərin, Nizami məqbərəsini, Mömünə Xatın türbəsini, Qız Qalasını, eləcə də milli musiqi alətlərini, aşıq sənətini və digər mədəniyyət nümunələrimizi əks etdirən maketlər, Ermənistanın Azərbaycana qarşı təcavüzündən, Azərbaycan-Pakistan əlaqələrindən, Azərbaycanın görkəmli şəxsiyyətlərindən, Azərbaycanın turizm potensialından, sosial- iqtisadi inkişafından və digər Azərbaycan həqiqətlərindən bəhs edən kitablar, fotoşəkillər xeyriyyə bazarında nümayiş etdirilib. Tədbirə qatılanlar Azərbaycan pavilyonuna böyük maraq göstəriblər və milli musiqimiz alqışlarla qarşılanıb.
Pakistanın birinci xanımı Samina Alvi və digər rəsmi qonaqlar, o cümlədən, Pakistanın xarici işlər naziri Şah Mahmud Qureyşi səfirliklər arasında zəngin təşkil olunanlardan sayılan Azərbaycan pavilyonunu ziyarət edib, Azərbaycan təamlarının dadına da baxıblar.
Xeyriyyəçilik bazarında Azərbaycan səfirliyinin pavilyonundan əldə olunan vəsait yoxsul insanların ehtiyaclarına sərf olunan Pakistan Xarici İşlər Nazirliyi Qadınlar Assosiasiyasının fonduna təqdim edilib.