Çunçin şəhərinin nümayəndə heyətinin Naxçıvana səfəri başa çatıb - VİDEO
Çin Xalq Respublikasının Çunçin şəhərinin Ümumçin Xalq Nümayəndələri Yığıncağının Daimi Komitəsinin sədr müavini Çuy Çyanın başçılıq etdiyi nümayəndə heyəti muxtar respublikaya səfəri başa çatıb.
NUHÇIXAN xəbər verir ki, səfərin ikinci günündə nümayəndə heyəti Duzdağ Fizioterapiya Mərkəzi ilə tanış olub. Məlumat verilib ki, burada astma-bronxit və digər tənəffüs yolları xəstəlikləri təbii üsullarla effektiv müalicə olunur. Mərkəzdə il ərzində minlərlə yerli və xarici pasiyent qəbul edilir. Duzdağ şaxtalarında mövcud olan sabit hava şəraiti, buranın quruluşu, sabit temperatur, rütubət, atmosfer təzyiqi və oksigenin faizlə miqdarı təyin olunan müalicənin ideal nəticə verməsinə şərait yaradır.
Sonra qonaqlar Naxçıvan Avtomobil Zavodunda olublar. Qonaqlara məlumat verilib ki, zavodun illik istehsal gücü 5 min ədəddir. Zavodda istehsal edilən avtomobillər xüsusi ayrılmış ərazidə yoxlanılır, test yürüşü edilərək satış salonlarına göndərilir.
Qeyd edilib ki, Naxçıvan Avtomobil Zavodu yeni “Maple X3 PRO” avtomobillərinin istehsalına və satışına da başlayıb. Dinamik görünüşə malik olan yeni model iki variantda mexaniki və avtomat sürətlər qutusu ilə təchiz edilərək satışa çıxarılır. Sonda qarşılıqlı xatirə hədiyyələri təqdim edilib.
Naxçıvan Biznes Mərkəzində olan qonaqlara məlumat verilib ki, burada muxtar respublikada istehsal olunan müxtəlif növ ərzaq və sənaye məhsulları, əl işləri sərgilənir. Qeyd edilib ki, muxtar respublikadakı iri özəl sektor, orta və kiçik biznes qurumlarının məhsulları da mərkəzdə öz yerini tutub.
Gəzintinin davamında heyət “Cahan Sənaye Kompleksi”ni ziyarət edib. Qonaqlar Sənaye Kompleksində yerləşən polimer boru və radiator istehsalı sahələri ilə tanış olublar. Onlar burada müəssisədəki müasir avadanlıqlar, istehsal prosesi və istehsal olunan məhsul nümunələri ilə tanış olublar.
Daha sonra nümayəndə heyəti Qafqazın ən böyük enerji və sərinləşdirici içkilərin istehsalı zavodunda olublar. Burada onlar ən yeni texnologiyalar əsasında qurulan və minimum insan müdaxiləsi tələb edən içki istehsalatını əyani olaraq müşahidə ediblər.