NAXÇIVAN BLOKADASI: Haradasan, ədalətsiz dünya? - TƏHLİL

A- A A+

Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının (QHT) beynəlxalq ictimaiyyətə ünvanlandığı müraciət ölkədə Naxçıvan blokadasından ən çox yazan jurnalist kimi yenə də bu yaramın qaysağını qopardı. Həqiqətən də bu ədalətsiz dünya haradadır? Müraciətdə də deyildiyi kimi, bəs bu 30 ildə Naxçıvanın blokada vəziyyətini görə bilməyən, bunu görməyə gözləri yumulu olan dünya nə üçün ermənilərin halına yanır? Hansı ki, orada əsaslı bir məsələ yoxdur və ermənilər saxta blokada söhbətində tamamilə haqsızdır. Lakin Naxçıvan hələ də blokada şəraitində yaşayır. Dəyişən sadəcə bir məsələdir: blokadanın ən acı illəri geridə qalıb... Belə isə o ağrılı-acılı illərə qayıtmağın tam məqamıdır.

Taleyin ümidinə buraxılmış tənha ada

Artıq 1989-1990-cı illərdə Naxçıvanda blokada çoxdan başlamışdı. İki il ərzində ayrı-ayrı vaxtlarda qatarların işləməməsi, elektrik, qaz xətlərinin kəsilməsi günlərini hesablayanda bir il idi ki, Naxçıvan blokada şəraitində yaşayırdı. Elektrik enerjisinin, təbii qazın yoxluğu, qatarların işləməməsi bütün istehsal müəssisələrinin fəaliyyətinin dayanmasına səbəb olmuşdu. Yollarda hərdənbir avtomobil görünürdü. Rayonlardan Naxçıvana gəlib-gedən marşrut avtobusları dayandırılmışdı. Çünki yanacaq yox idi. İnsanlar evlərində yandırmağa heç nə tapmırdı. Onlar soyuqdan donurdular. Bu, hələ blokadanın ilk ili idi. Qarşıda ərzaq qıtlığı, ümumiyyətlə, yanacağın olmaması fonunda dəhşətli bir həyat var idi. Naxçıvan günü-gündən məhvə doğru sürüklənirdi. Bir tərəfdən ermənilərlə bütün sərhədlərində, xüsusilə Sədərəkdə qanlı müharibələr gedirdi, bir tərəfdən region informasiya blokadasına məruz qalmışdı, digər tərəfdən isə aclıq, səfalət hökm sürürdü.

Naxçıvan həmin dövrdə bu çətinlikləri naxçıvanlılarla birlikdə yaşayan, çıraq işığında fəaliyyət göstərən Ulu Öndərimiz Heydər Əliyevin dediyi kimi, taleyin ümidinə buraxılmış tənha adanı xatırladırdı.

1988-1993-cü illərdə Ermənistan Azərbaycana qarşı tamah dişini qıcayanda və bir-birinin ardınca torpaqlarımızı işğal edəndə Naxçıvan üçün çətinliklər nə üçün yaradılırdı? Çünki Naxçıvanın işğalı da düşmənin baş planında əsas yer alırdı. Başlanğıc olaraq artıq 88-89-cu illərdə Bakı-Naxçıvan qatarlarında hər gün yeni hadisələr törədilırdi. Qatarlar əvvəlcə daş yağışına tutulur, daha sonra isə gülləbaran edilirdi. Vaqonlar da, pəncərələri də deşik-deşik idi, yaxud da pəncərə şüşələri tamamilə qırılıb tökülmüşdü, yerinə nazik taxta lövhələr vurulmuşdu. Maşinistlər iki gündən bir döyülüb, təhqir edilirdi. Sərnişinlərin taleyi təhlükə altında idi və bu, ozamankı Azərbaycan rəhbərliyini əsla narahat etmirdi. Lakin naxçıvanlılar yenə də qatarlardan istifadə etmək məcburiyyətində idilər. Çünki paytaxt Bakıya bu nəqliyyat vasitəsi ilə gedib-gəlmək ucuz başa gəlirdi və odövrkü iqtisadiyyatı tənəzzülə uğramış ölkənin unudulmuş regionu olan Naxçıvanın əhalisi çox kasıb vəziyyətdə yaşadığı üçün həyatları təhlükə altında olsa da, bu nəqliyyatdan istifadə edirdilər.

Ermənistan Naxçıvana gələn elektrik enerjisini mütəmadi kəsir, qaz kəmərini partladırdı. Nəticədə isə bu yerin əhalisi həftələrlə, aylarla işıqsız, qazsız qalır, qış aylarında Naxçıvanın sərt kontinental iqlimində soyuqdan donurdular. Elektrik enerjisinin kəsilməsi yuxarıda da qeyd etdiyim kimi, zavod, fabriklərin fəaliyyətinin dayanmasına, iş yerlərinin bağlanmasına, əhalinin aclıq, səfalətlə üzləşməsinə, xüsusilə isə informasiya blokadasına salınmasına səbəb olmuşdu. Əhali ölkədə olan hadisələrdən bixəbər yaşayırdı. Prezident İlham Əliyev həmin günləri belə xatırlayır:“Mənim yadımdadır, 1990-cı illərin əvvəllərində atamın yanına gələrkən qaranlıq içində yaşayırdıq, biz özümüzü şam işığı ilə təmin edirdik. Ulu öndər Heydər Əliyev iş kabinetində neft lampasının işığında işləyirdi. Yəni biz o günləri yaxşı xatırlayırıq.

Bütün bunlar müraciətdə də qeyd olunur: “Biz - Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən qeyri-hökumət təşkilatları beynəlxalq ictimaiyyətə üz tutaraq bildiririk ki, Naxçıvan Muxtar Respublikası 30 ildən çoxdur ki, blokada şəraitində yaşayır. Naxçıvan əhalisi 15 ilə yaxın blokadaya görə qazsız qalıb, hətta elektrik enerjisi yox idi. Azərbaycanın əsas hissəsindən gələn enerji xətləri Ermənistan tərəfindən kəsilmişdi. Naxçıvanla Bakı arasında əlaqələr dəmir yolu üzərindən idi və bu da 1992-ci ildə Mehridən gələn son qatar güllə-baran edildikdən sonra kəsildi.

Beynəlxalq birlik Naxçıvandakı dinc sakinlərin problemlərinin, eyni zamanda blokadanın aradan qaldırılması üçün heç bir addım atmayıb və Ermənistana bu məsələdə heç bir təzyiq etməyib. Niyə bu illər ərzində bizim haqq səsimiz eşidilməyib?”.

Ulu Öndər Heydər Əliyev olmasaydı...

Ozamankı Azərbaycan rəhbərliyinin Naxçıvana ögey münasibətini də xatırlatsaq, muxtar respublikanın son dərəcə acınacaqlı durumu göz önünə gəlir. Belə bir vaxtda Ulu Öndər Heydər Əliyevin Naxçıvana gəlişi əhalinin əsl nicatına çevrildi, hamı onun timsalında böyük xilaskarını tapdı. 22 iyul 1990-cı il tariximizə böyük bir mərhələnin başlanğıcı, eyni zamanda naxçıvanlıların xilası tarixi kimi daxil oldu. On minlərlə insan muxtar respublikanın şəhər, qəsəbə və kəndlərindən axın-axın Naxçıvan şəhərinə, Ulu Öndərin ziyarətinə gəlir, ona tükənməz sevgisini bildirirdi. Elə həmin gün Naxçıvan şəhərinin mərkəzi meydanında keçirilən möhtəşəm mitinqdə yüz minə yaxın insanın iştirakı da dahi rəhbərə xalqın sonsuz məhəbbət və inamının təntənəsi idi.

Təklənmiş bir adaya bənzəyən Naxçıvan görkəmli şəxsiyyətin gəlişi ilə nicat yoluna çıxdı. Azərbaycan Respublikasının Prezidenti cənab İlhаm Əliyev bu barədə deyir: Sovet İttifaqının dağıldığı ərəfədə və ondan sonra Naxçıvan çox ağır günlər yaşayıb. O illərdə ancaq Ulu Öndər Heydər Əliyevin əzmkarlığı, qətiyyəti və siyasi bacarığı Naxçıvanı böyük bəlalardan qorudu. Azərbaycana edilmiş hərbi təcavüzdən – 1990-cı ilin 20 Yanvar faciəsindən sonra Heydər Əliyev sovet rəhbərliyini kəskin şəkildə ittiham etdi və Sovet İttifaqı Kommunist Partiyasından çıxdı. Bundan sonra ona qarşı böyük təzyiqlər başlandı. O, məcbur olub Moskvadan Bakıya döndü. Ancaq Bakıda o vaxtkı rəhbərlik təzyiqləri davam etdirirdi və Heydər Əliyev öz Vətəninə, doğulduğu yerə – Naxçıvana gəldi. Onun gəlişi Naxçıvanı böyük bəlalardan qurtardı. Naxçıvanlılar Heydər Əliyevi qorudular, Heydər Əliyev isə Naxçıvanı qorudu.

İllər ötdükcə blokada Naxçıvanı düşmənə meydan oxudu. Məhv olma­ması, yaşaması ilə düşmənin gözdağına çevrildi. Blokada Naxçıvanı informasiya blokadasını yarıb səsini dünyaya yaydı. Mənsub olduğu ölkə­nin rəhbərliyinin cəsarət edib toxuna bilmədiyi məsələlərə toxundu. 1990-cı il noyabrın 17-də Naxçıvan parlamentinin dahi şəxsiyyət Heydər Əliyevin sədrliyi ilə keçirilən sessiyasında Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağının dövlət bayrağı kimi qəbul edilməsi haqqında tarixi qərar imzalandı. Dahi şəxsiyyətin təşəbbüsü və rəhbərliyi ilə Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının adından “sovet sosialist” sözləri çıxarıldı.

Azərbaycanın müstəqilliyinə gedən yol Naxçıvandan başlandı. Bu yolun bələdçisi isə Ulu Öndərimiz Heydər Əliyev idi. 1991-ci ildə qazandığımız və 1920-ci ildəki kimi itirilmək təhlükəsi qarşısında olan müstəqilliyimiz məhz Ümummilli Liderimizin sayəsində xalqa bəxş olundu.

Ulu Öndər Heydər Əliyevin blokada Naxçıvanında yaşadığı, fəaliyyət göstərdiyi dövr iki ilədək olsa da, Azərbaycan tarixinin böyük bir hissəsini əhatə edir. Böyük şəxsiyyətin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyalarındakı çıxışlarını, Naxçıvana gələn qonaqlarla söhbətlərini, ayrı-ayrı sahələrdəki vəziyyətlə bağlı fikirlərini, müsahibələrini oxuduqca çox məqamlar açıqlanır. Bunlardan birincisi, Ulu Öndərə baxmayaraq ki, Naxçıvanda yaşadığı və fəaliyyət göstərdiyi vaxtlar da ölkə rəhbərliyi tərəfindən təzyiqlər var idi, lakin onun Azərbaycan rəhbərliyinə həmişə böyük hörmət hissi ilə yanaşması dahi şəxsiyyətin böyük idarəçilik qabiliyyətinin, insanlığının, alicənablığının nəticəsi idi. İkincisi, Ulu Öndərin qonaqlara, xarici ölkələrdən gələn nümayəndələrə Naxçıvanın Azərbaycanın qədim ərazisi olduğunu tarixi faktlarla izahının şahidi olursan. Üçüncüsü, onun ölkədəki, eləcə də muxtar respublikadakı ictimai-siyasi hadisələrin siyasi təhlilinin və təcavüzkar Ermənistanın, onun havadarlarının uzaq gələcəyə hazırlanmış planlarını nə qədər dəqiqliklə analiz etdiyini görürsən. Ümumilikdə isə Ulu Öndərin hər bir çıxışı, söhbəti bu günün bir tarix dərsidir ki, gələcək nəslin Naxçıvan blokadası haqqında məlumat almaları üçün bundan güclü ikinci bir mənbə yoxdur.

Həqiqi blokada görmək istəyən Naxçıvana baxsın

Müraciətdə deyilir: Ermənistan 2020-ci ildə 44 günlük müharibədən sonra imzalanmış 10 noyabr üçtərəfli bəyanatın müddəalarına əməl etmir, Zəngəzur dəhlizinin açılması istiqamətində heç bir tədbir görmür. Biz bu barədə dünya ictimaiyyətinin Ermənistana ardıcıl çağırışlarını, sanksiyalarını gözlədiyimiz bir vaxtda, tam əksi baş verir.

Laçın yolunun guya bağlı olması barədə yalan məlumatlar, böhtanlar əsasında bir-birinin ardınca bəyanat verənlər, Azərbaycan dövlətini əsassız olaraq qınayanlar niyə bir dəfə də olsun Naxçıvanın on illərdir blokadada qalması barədə məsələ qaldırmayıblar? Laçın yolu istiqamətinə gələrək binoklla Azərbaycan tərəfə baxan xarici ölkə səfirləri niyə bir dəfə Naxçıvanın blokadasının aradan qaldırılması barədə söz deməyiblər? Bu qərəzli, riyakar, yanaşma bizi hiddətləndirir. Əgər beynəlxalq aləm bölgədə həqiqi blokada görmək istəyirsə, Naxçıvan Muxtar Respublikasına baxa bilər.

Baxa və görə bilər ki, 30 ilin başlanğıcında insanlar Naxçıvanda olmazın müsibətləri ilə üz-üzə qaldılar. Qaranlıq evlərdə yaşamaq, soyuq evlərdə axşamlayıb-səhərləmək nəsibləri oldu. Baxıb görə bilərlər ki, blokada insanları həyətlərindəki son ağacları da kəsib yandırmağa vadar etdi. Hansı ki, o ağacların hər biri dədə-baba yadigarı, həm də bar ağacları idi.

Baxa və görə bilərdilər ki, Naxçıvanda blokadanın ilk illərində soyuğa davam gətirə bilməyən yüzlərlə uşaq və qoca dünyasını dəyişdi. Qalanlar isə aclıq, səfalət yoxsulluq içində yaşamaq məcburiyyətində qaldı. O illərin canlı şahidi kimi deyə bilərəm ki, kasıblıq, yoxluq son həddə idi. İnsanlar ət, meyvə, şirniyyatın nə olduğunu çoxdan unutmuşdu. İnsanlar yağ tapıb yemək hazırlaya bilmirdi. Evlərdə aylarla bir tikə qənd tapmaq mümkün deyildi. Uşaqlar şirin çaydan ötrü səhərdən-axşamadək ağlayırdı.

Hər kəsin üzünə yoxsulluq dərin izlər salmışdı. Qocalı-cavanlı hər kəsin üzü eyni ifadəni-kədəri əks etdirirdi. Hər kəsin üst-başından evində sobasına guya istilik yaratmaq məqsədilə birtəhər tapıb qoyduğu yaş çör-çöpün, kağızın, kartonun iyrənc qoxusu gəlirdi. Naxçıvanda o illər havadan da eynilə insanlardan gələn qoxu gəlirdi.

Çörək qıtlığı günlərlə insanların ac qalması ilə nəticələnmişdi. Qışın şaxtalı günlərində soyuq evlərdən sübh vaxtı çörək növbələrinə yollananların əksəriyyəti saatlarla mağazaların qarşısında donmasına baxmayaq evlərinə əliboş qayıdırdılar. Əliboş qayıtmaq bilirsiniz nə demək idi? Bir gün ac qalmaq, bir gün uşaqların axşamadək “çörək” deyib ağlaması idi, ey dünya... Harada idiniz, ədalətsiz dünya o zaman? Nə üçün bunların bircəsini belə görən gözünüz olmadı?

Sonralar Ulu Öndərin Türkiyə və İranla apardığı danışıqlar nəticəsində ərzaq məsələsi yavaş-yavaş öz həllini tapdı. Ölkədə ikinci dəfə siyasi hakimiyyətə qayıdandan sonra isə Naxçıvana diqqət və qayğı daha da gücləndi. Çünki Ulu Öndər naxçıvanlıların nə vəziyyətdə yaşadıqlarına şahid idi. Onlarla birlikdə acınacaqlı günlər yaşamışdı. Onlarla birlikdə soyuq və qaranlıq evdə yaşamalı olmuşdu.

Budur, 30 ildən artıqdır ki, blokada davam edir. Naxçıvan əhalisi öz ölkəsinə quru yolla gedib-gələ bilmir. 30 ildən artıqdır ki, naxçıvanlılar Azərbaycanın ayrı-ayrı bölgələrində, paytaxt Bakıda yaşayan qohum-əqrəbasının toy, yas mərasimlərində ürəkləri istəyən kimi iştirak edə bilmirlər. Çünki hər kəsin maddi imkanı çatmır ki, ailəliklə təyyarə bileti alıb Bakıya, oradan da bölgələrə yollansın. Hansı ki, Naxçıvanda toy, yas mərasimlərində ailəliklə-uşaqdan-böyüyə iştirak etmək adətdir. Bu baxımdan artıq bir qərinədir ki, qədim yurd öz qədim adətlərindən də kənar düşüb. Bəs bunun haqqını kim verməlidir? Susan dünya, yoxsa, haqqı nahaqqa qurban verən dünya?..

Zəngəzur dəhlizi Naxçıvan əhalisinin ümididir

2020-ci ilin payızında, 44-cü gün içində Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi və milli ordumuzun şücaəti ilə İkinci Vətən müharibəsi qələbə ilə nəticələndi. 10 noyabrda Azərbaycan Respublikasının Prezidenti, Ermənistan Respublikasının baş naziri və Rusiya Federasiyasının Prezidentinin imzaladıqları Bəyanat isə ondan bir gün öncəki qələbənin üzərinə bir qələbə də əlavə etdi. Ermənistan kapitulyasiya aktını imzalamaqla təslim olduğunu bildirdi. Beləliklə, Ağdam, Kəlbəcər və Laçın rayonları döyüşsüz, itkisiz Azərbaycana qaytarıldı. Bəyanatın 9-cu bəndi isə Naxçıvanın blokadadan çıxması üçün cənab İlham Əliyevin təkidi ilə bir maddə olaraq sənədə salındı.

Bu, bir reallıqdır ki, Zəngəzur dəhlizi Naxçıvan blokadasını yaracaq. İllərlə bu blokadanın yarılmaması üçün canla-başla çalışan ermənilərin əllərindən gələni etmələrinə rəğmən bu, dövlətimizin prioritetidir. Çünki Zəngəzur dəhlizi naxçıvanlıların ümididir: Vətəninə, torpaqlarına qovuşmaq ümidi...

Müraciətdə də bütün bunlar ətraflı təhlil olunur: “Azərbaycan Respublikası öz sərhədlərinə nəzarət və Ermənistanın təxribatlarının qarşısını almaq məqsədilə Laçında sərhəd buraxılış məntəqəsi yaradılıb. Bu sərhəd buraxılış məntəqəsi Qarabağın minalanmasının, bölgəyə terrorçu diversiya qruplarının göndərilməsinin qarşısını alır. Dinc insanların ölümünə bais olanları necə müdafiə etmək olar? Necə ola bilər ki, Ermənistan başqa dövlətin suveren ərazisindən “dəhliz” istəyir, amma özü suverenliyini bəhanə gətirib bundan imtina edir. “Suverenlik” anlayışı məgər universal deyil? Yoxsa, “suverenlik” anlayışı Ermənistan üçün başqa məna kəsb edir və ya onun üçün əlavə imtiyazdırmı? Əgər belə deyilsə, onda Zəngəzur dəhlizi niyə açılmır? Niyə bu barədə Ermənistana təzyiq yoxdur? Təəssüf ki, bu suallara cavab verilmir.

Biz 30 illik işğaldan sonra torpaqlarını öz gücü ilə azad edən, Ermənistanın tamamilə dağıtdığı, yer üzündən sildiyi ərazilərdə sıfırdan şəhərlər və kəndlər inşa edən, məcburi köçkünləri öz yurdlarına qaytaran Azərbaycana qarşı həyata keçirilən ikili standartlar siyasətini kəskin şəkildə pisləyirik.

30 ildən artıq blokada şəraitində yaşayan Naxçıvan əhalisinin ümidi Zəngəzur dəhlizi vasitəsilə Azərbaycanın digər bölgələri ilə quru əlaqəsinin yaradılması, regionda kommunikasiyaların açılmasıdır. Zəngəzur dəhlizi açılmalı, blokada aradan qaldırılmalıdır. Necə ola bilər ki, Azərbaycan hökuməti Qarabağda yaşayan erməni sakinlər üçün Laçın yolu ilə kommunikasiya imkanları yaradır, üstəlik Ağdam-Xankəndi yolunu da təklif edir, ancaq Ermənistan Naxçıvan əhalisinin hətta humanitar əsasda belə Azərbaycanın digər hissəsinə keçməsinə şərait yaratmır. Biz tələb edirik ki, dünya birliyi Ermənistanı Zəngəzur dəhlizi layihəsini icra etməyə məcbur etsin!

Biz tez-tez humanitar əsasda Beynəlxalq Qırmızı Xaç Komitəsinin Laçın yolu ilə daşımalar həyata keçirdiyini müşahidə edirik. Beynəlxalq Qırmızı Xaç Komitəsinə də çağırış edirik ki, Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında kommunikasiyanı təmin etsin”.

Bəli, ermənilərin saxta blokada çağırışlarını eşidib reaksiya verənlər, buyurun, Naxçıvanın 30 ildən artıq blokadasını, bu gün də naxçıvanlıların blokadanın əziyyətini çəkdiklərini duymağa çalışın. Çalışmadığınız təqdirdə biz yenə də “haradasan, ədalətsiz dünya” deyə ədalət axtarmağa davam edəcəyik.

Mətanət Məmmədova

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: