Latın Amerikasında fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları ölkəmizin sülh səylərinin dəstəklənməsi ilə bağlı beynəlxalq ictimaiyyətə müraciət edib.
Diasporla İş üzrə Dövlət Komitəsindən NUHÇIXAN-a bildiriblər ki, Latın Amerikasının Azərbaycan Cəmiyyəti adından Birləşmiş Millətlər Təşkilatının müvafiq institutlarına və digər beynəlxalq təşkilatlara ünvanlanan bəyanatda soydaşlarımız Ermənistanda mövcud olan revanşist əhvali-ruhiyyəli qüvvələrin və erməni diasporunun yolverilməz əməlləri nəticəsində Cənubi Qafqaz regionunda yaranmış mövcud vəziyyətdən dərin narahatlıq keçirdiklərini qeyd ediblər.
2020-ci ildə baş vermiş müharibədən sonra qalmış aktual problemlərin indiyədək həll olunmadığı, regional əməkdaşlığa sadiqliyini qonşu Gürcüstanın timsalında sübut edən Azərbaycanın beynəlxalq hüquq normalarına uyğun olaraq öz ərazilərində, o cümlədən nəqliyyat-kommunikasiya yolları üzərində suverenliyini qorumağa çalışdığı, Xankəndi-Laçın yolunun açıq olduğu nəzərə çatdırılıb.
Latın Amerikasındakı soydaşlarımız beynəlxalq təşkilatları ermənilərin əsassız iddialarına inanmamağa, işğaldan azad edilmiş Qarabağ bölgəsində irimiqyaslı bərpa-yenidənqurma layihələri həyata keçirən, yeni iğtişaşların yaranmasında maraqlı olmayan Azərbaycanın mövqeyini dəstəkləməyə və tərəflər arasında konstruktiv dialoqun təşkilinə yardım göstərməyə çağırıblar.