Niderland-Belçika Azərbaycanlıları Koordinasiya Şurası BMT-ni ölkəmizin sülh səylərini dəstəkləməyə çağırıb
Niderland-Belçika Azərbaycanlıları Koordinasiya Şurası ölkəmizin sülh səylərinin dəstəklənməsi və Cənubi Qafqaz regionunda yaranmış mövcud durumla bağlı beynəlxalq ictimaiyyətə müraciət edib.
Diasporla İş üzrə Dövlət Komitəsindən NUHÇIXAN-a bildiriblər ki, Koordinasiya Şurasının adından Birləşmiş Millətlər Təşkilatının Cenevrədəki nümayəndəliyinə ünvanlanan bəyanatda Azərbaycan əsilli niderlandlılar və belçikalılar Ermənistanda mövcud olan revanşist əhvali-ruhiyyəli qüvvələrin və erməni diasporunun yolverilməz əməlləri nəticəsində regionda yaranmış mövcud vəziyyətdən dərin narahatlıq hissi keçirdiklərini qeyd ediblər.
Bəyanatda 2020-ci ildə baş vermiş müharibədən sonra qalmış aktual problemlərin həll olunmadığı, Ermənistan silahlı qüvvələri tərəfindən döşənmiş minalar nəticəsində indiyədək Azərbaycanın 300-dən çox günahsız mülki vətəndaşının və hərbi qulluqçusunun öldüyü və yaralandığı, regional əməkdaşlığa sadiqliyini qonşu Gürcüstanın timsalında sübut edən Azərbaycanın beynəlxalq hüquqa uyğun olaraq öz ərazilərində, o cümlədən nəqliyyat-kommunikasiya yolları üzərində suverenliyini qorumağa çalışdığı, Xankəndi-Laçın yolunun açıq olduğu kimi faktlar sadalanıb.
Niderland-Belçika Azərbaycanlıları Koordinasiya Şurası beynəlxalq təşkilatları erməni uydurmalarına inanmamağa, işğaldan azad edilmiş Qarabağ bölgəsində irimiqyaslı bərpa-yenidənqurma layihələri həyata keçirmək məqsədilə çoxmilyardlı sərmayələr yatıran Azərbaycanın sülhsevər mövqeyini dəstəkləməyə və tərəflər arasında konstruktiv dialoqun təşkilinə yardım göstərməyə çağırıb.