Keniya Milli Assambleyasının spikeri Ermənistanın sülh prosesinə törətdiyi maneələr barədə məlumatlandırılıb

A- A A+

Azərbaycanın Keniya Respublikasındakı səfiri Sultan Hacıyev Keniyanın Milli Assambleyasının spikeri Moses Vetangulu ilə görüşüb.

NUHÇIXAN səfirliyə istinadla xəbər verir ki, Keniyada fəaliyyətinə yeni başlamış ilk Azərbaycan səfiri ilə görüşdə spiker Moses Vetangulu ölkələrimiz arasında əməkdaşlıq üçün əlverişli olan sahələrdən danışıb, Keniyanın xarici işlər naziri olduğu zaman regionumuzla tanışlığını, habelə 1970-ci illərin sonunda Bakıya etdiyi səfərini məmnunluqla xatırlayıb.

Azərbaycanın müstəqilliyini bərqərar edəndən sonra Ermənistanın təcavüzkar siyasəti ucbatından minlərlə vətəndaşının qətlə yetirildiyini və itkin düşdüyünü, yüz minlərlə dinc sakininin doğma yurdlarından didərgin salındığını, şəhər və kəndlərinin yerlə yeksan olunduğunu qeyd edən səfir 2020-ci ilin sentyabr müharibəsindən sonra torpaqlarımızın işğaldan azad edildiyi barədə məlumat verib.

Azərbaycanın minalarla ən çirklənmiş ölkələrindən biri olduğunu diqqətə çatdıran səfir həm minatəmizləmə, həm də bərpa və yenidənqurma işləri haqqında ətraflı məlumat verib.

Ermənistanın müxtəlif bəhanələrinin, o cümlədən süni şəkildə ortalığa atılmış Laçın yolu ətrafında dırnaqarası böhran haqqında iddialarının sülh prosesinə törətdiyi maneələr diqqətə çatdırılıb.

Spiker ölkəmizin Qoşulmama Hərəkatında sədrliyi müddətində əldə etdiyi nailiyyətlərini xüsusi olaraq qeyd edib. Hərəkatın müasir dünyada mühüm rolundan danışan qarşı tərəf parlament diplomatiyasının əhəmiyyəti və bu müstəvidə Azərbaycan Prezidentinin təşəbbüsü ilə yaradılmış Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin xüsusi əhəmiyyətindən söhbət açıb.

Ölkələr arasında qarşılıqlı dostluq və səmərəli əməkdaşlığın daha da inkişaf etdirilməsi və bu prosesdə həm ikitərəfli, həm də regional və qlobal platformaların fəal istifadəsi istiqamətində addımlar müzakirə edilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: