Noyabrın 29-da Nazirlər Kabinetində Azərbaycan Hökuməti ilə BMT-nin Avropa üzrə Komissiyası arasında Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsi ilə bağlı əməkdaşlığa dair Birgə Bəyanat imzalanıb.
NUHÇIXAN xəbər verir ki, sənədi Azərbaycan Respublikası Baş nazirinin müavini, Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının sədri Əli Əhmədov və ölkəmizdə səfərdə olan BMT baş katibinin müavini, təşkilatın Avropa İqtisadi Komissiyasının icraçı katibi Olga Algayerova imzalayıblar.
Azərbaycanla BMT arasında əməkdaşlığın müzakirə olunduğu görüşdə bir çox sahələrdə uğurlu layihələrin reallaşdırıldığı bildirilib. Əli Əhmədov belə layihələrin bir çoxunun dayanıqlı inkişafla bağlı olduğunu vurğulayıb. Dayanıqlı İnkişaf Məqsədləri çərçivəsində tədbirlərin reallaşmasında BMT-nin dəstəyinin böyük önəm daşıdığını bildirən Baş nazirin müavini əməkdaşlığın bundan sonra da inkişaf edəcəyinə əminliyini ifadə edib.
Söhbət zamanı 2019-cu ildə Dayanıqlı İnkişaf Məqsədləri üzrə Azərbaycan Respublikasının ikinci Könüllü Milli Hesabatının təqdim ediləcəyi bildirilib.
BMT baş katibinin müavini, təşkilatın Avropa İqtisadi Komissiyasının icraçı katibi Olga Algayerova Azərbaycanla əməkdaşlıqdan məmnunluğunu qeyd edib. Qonaq Dayanıqlı İnkişaf Məqsədlərindən irəli gələn vəzifələri həyata keçirmək üçün reallaşdırılan layihələrə dəstək verməyə hazır olduqlarını deyib.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.