“Ermənistan Azərbaycanla razılaşdırmadan populizm məqsədilə müxtəlif yük maşınlarını Azərbaycan sərhədinə - “Laçın” sərhəd-keçid məntəqəsinə gətirib. Dünən də bəzi erməni lobbisinin tərəfdarı və təsiri altında olan korrupsioner Avropa siyasətçiləri də bu teatr xarakteri daşıyan dramanın tərkib hissəsi olaraq Azərbaycan sərhədinə doğru gəliblər”.
NUHÇIXAN-ın məlumatına görə, bunu Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, bu kimi addımların heç bir mənası yoxdur:
“Bu kimi şou xarakterli addımlardansa, real məsələləri yerində həll etmək lazımdır. Azərbaycan öz ərazisində hər hansı bir boz zonanın olmasını qəbul etməyəcək”.