"Bizim düşünülmüş siyasətimiz, iqtisadi potensialımız, güclü sosial siyasətimiz vardır. Bütün siyasətimizin başında Azərbaycan vətəndaşı dayanır".
İlham Əliyev
Bəşər tarixi boyunca cəmiyyətin bütün inkişaf mərhələlərində, formasiyalarında sosial müdafiə və sosial ədalətin bu və ya digər formaları işlənib hazırlanmış və dövlət quruculuğunda onun hər dövrə uyğun modelləri mövcud olmuşdur. Bu modellərin təməlində əxlaq və dinin formalaşdırdığı, adət-ənənələrlə təsbitlənmiş təsəvvür və anlayışlar dururdu. Vətəndaş-cəmiyyət, cəmiyyət-hakimiyyət münasibətləri müxtəlif dövrlərdə formasını dəyişsə də, məzmun etibarı ilə insanların həyat şəraitinin yaxşılaşmasına yönəlmişdir. Hələ eramızdan əvvəl müxtəlif elm məktəblərinin nümayəndələri təsdiq edirdilər ki, dövlətin son məqsədi - öz vətəndaşlarının qayğısına qalmaqdır. Sosial siyasətin dövlətin və cəmiyyətin spesifik funksiyası kimi izahı və öyrənilməsi sosial dövlətin əsaslarının təməli qoyulan dövrə təsadüf edir. Bu kimi sosial instituta elmi maraq XIX və XX əsrlərin astanasında formalaşıb.
Ümummilli lider Heydər Əliyev 1993-cü ildə hakimiyyətə qayıtdıqdan sonra ölkəni tənəzzüldən çıxarmaq üçün bir sıra cəsarətli və ardıcıl addımlar atdı. Bu siyasətin mərkəzində əhalinin sosial güzəranını yaxşılaşdırmaq, yoxsulluğun səviyyəsini azaltmaq, sığorta-pensiya sisteminin modernləşməsi, bir sözlə, sosial siyasətin transformasiyası dururdu. Sevindirici haldır ki, ulu öndər Heydər Əliyev dühasının demokratik cəmiyyət və liberal iqtisadiyyat qurmaq istiqamətində məharətlə apardığı uzunmüddətli siyasət bu gün özünün müsbət nəticələrini verir və həyatın bütün sahələrində uğurlar qazanır.
Ulu öndər Heydər Əliyevin səyləri və dünya ölkələrinin qabaqcıl təcrübəsindən istifadə edilməsi sayəsində ölkədə strukturlaşmış, ayrı-ayrı əlaqədar sahələri özündə birləşdirən sosial müdafiə sistemi yaranmağa başladı. Eyni zamanda sosial siyasətin prioritet sahələri müəyyən olundu və problemlərlə birbaşa məşğul olan yeni dövlət qurumları yarandı.
Bütövlükdə, sosial müdafiə sisteminin müasir idarəetmə strukturu özündə bir neçə baş istiqamətləri ehtiva edir. Bunun birincisi sosial müdafiədə qabaqlayıcı, yarana biləcək problemlərin qarşısının alınması tədbirləri, ikincisi, sosial reabilitasiya, cəmiyyətə adaptasiya, sağlamlığın bərpası, əməyə qaytarma istiqamətli tədbirlər, üçüncüsü isə ünvanlı sosial müdafiədir.
Bu gün ulu öndər Heydər Əliyev tərəfindən yaradılmış müasir və modern dövlət modeli Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Cənab İlham Əliyevin dövründə əsası Heydər Əliyev tərəfindən qoyulmuş mütərəqqi sosial islahatlar davam etdirilib və daha da dərinləşdirilib. Prezident İlham Əliyevin rəhbərliyi ilə əmək münasibətlərinin tənzimlənməsi sahəsində ciddi tədbirlər hazırlanıb həyata keçirilib. Onların içərisində minimum aylıq əməkhaqqının mütəmadi olaraq artırılması qeyd oluna bilər. Qeyri-məşğul əhalinin işlə təmin olunması, müasir məşğulluq sisteminin formalaşdırılması, yeni iş yerlərinin açılması diqqət mərkəzində olub. Azərbaycanda həyata keçirilən nümunəvi sosial siyasətin ən səciyyəvi cəhətlərindən biri odur ki, ölkəmizdə ədalətli resurs bölgüsü təmin edilir və qayğıya ehtiyacı olan bütün insanlar dövlət tərəfindən dəstəklənirlər. Bu kontekstdə respublikamızda dövlət başçısının siyasi iradəsi əsasında şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə, məcburi köçkün soydaşlarımıza göstərilən qayğı diqqəti xüsusi olaraq cəlb edir. Azərbaycanda həssas qruplardan olan insanların güzəşt və imtiyazlarının ildən-ilə daha da artırılması dövlət siyasətinin prioritet istiqamətlərindən biridir.
2021-ci ilin fevralın 2-də təsdiqlənmiş Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlərə görə, növbəti onillikdə ölkənin sosial-iqtisadi inkişafına dair beş milli prioritet formalaşdırılıb. Bu prioritetlərdən biri də “dinamik, inklüziv və sosial ədalətə əsaslanan cəmiyyət”dir. Bu sənədə görə, “Sosial təminat sisteminin daha effektiv və ədalətli olması hesabına aşağıgəlirli və yoxsulluğa həssas təbəqənin, əlilliyi olan şəxslərin, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşadək uşaqların sosial müdafiəsi və sosial təminatının gücləndirilməsi" nəzərdə tutulur.
Uğurlu sosial-iqtisadi və siyasi nailiyyətlər, milli və multikultural dəyərlər qarşıdakı illərdə Şərqlə Qərbin qovşağı olan Azərbaycanın qüdrətinin daha da artacağına əminlik yaradır. Bu imkanlar 2030-cu ilə qədər olan mərhələdə Azərbaycanın iqtisadi suverenliyinin möhkəmləndirilməsinə və müasir həyat standartlarına əsaslanan yüksək sosial rifah cəmiyyətinə malik qüdrətli dövlətə çevrilməsinə zəmanət verir. Azərbaycan dövləti ölkədə əhalinin rifahının daha da artırılması üçün sosialyönümlü bazar iqtisadiyyatının inkişaf etdirilməsi yolunu seçmişdir. Milli sosial rifah səviyyəsinin davamlı artması məqsədilə yüksək, dayanıqlı, inklüziv və başlıca olaraq özəl təşəbbüslərə arxalanan iqtisadi artımın sürətlənməsi, azad edilmiş ərazilərə əhalinin qayıdışının təmini Azərbaycanın yeni inkişaf magistralının ideoloji nüvəsini təşkil edir. Ölkəmizin uzunmüddətli davamlı və sürətli inkişafı üçün cəmiyyət, biznes və dövlət üçlüyünün uğurlu əlaqəsi möhkəmləndiriləcəkdir.
Ötən dövr ərzində ölkə iqtisadiyyatının inkişafının müxtəlif istiqamətlərinin vahid dövlət proqramları çərçivəsində tənzimlənməsi, iqtisadi inkişafın sürətləndirilməsi, sosial-iqtisadi inkişafda regionların rolunun yüksəldilməsi, iqtisadiyyat sahələrinin və regionların kompleks inkişafının təmin edilməsi nəticəsində əhalinin rifah halının və həyat standartlarının təkmilləşdirilməsi istiqamətində mühüm nailiyyətlər əldə edilmişdir.
Qeyd olunan ümumi inkişaf fonunda Naxçıvan Muxtar Respublikasının iqtisadiyyatı və sosial həyatı da özünəməxsusluğu ilə fərqlənir. Muxtar respublika iqtisadiyyatının yeni keyfiyyət mərhələsinə yüksəlməsində son on ildə regionların sosial-iqtisadi inkişafı ilə bağlı qəbul edilmiş dövlət proqramlarının uğurlu icrası böyük əhəmiyyət kəsb edir. İqtisadi və sosial inkişafda innovasiya amilinin nəzərə alınması son illərdə qəbul edilən mühüm dövlət proqramları və sənədlərdə aydın şəkildə ifadə olunur.
Muxtar respublikamızda iqtisadi və sosial sahələrdə innovasiyaların tətbiqinə hələ yeni əsrin əvvəllərindən başlanıb. İnnovasiyalar daha təkmil texnoloji proses yaradılması, bazara yeni məhsul çıxarılması, həmçinin sosial xidmətlərə yeni tərzdə yanaşma ilə ifadə olunur. Zaman keçdikcə bütün sahələrdə innovasiyaların artan sürətlə tətbiq olunması muxtar respublikanın sosial-iqtisadi inkişafının müasir və nəzərəçarpan mənzərəsini yaradıb. Muxtar respublikada sosial-iqtisadi inkişafın təməlində iqtisadi inkişafın sosialyönümlü olması, hər bir vətəndaşın maddi rifahının yüksəldilməsi, iqtisadiyyatın dövlət tənzimləmə mexanizmlərinin liberallaşdırılması, iqtisadi tərəqqinin əsas meyarlarından olan azad rəqabət, investisiya mühitinin daha da yaxşılaşdırılması, məhdudiyyətlərin aradan götürülməsi, investisiyaların və sahibkarlığın inkişafının təşviqi üsullarından geniş istifadə olunması və iqtisadi təhlükəsizliyin təminatı üçün aparılmış kompleks işlər dayanır.
Naxçıvan Muxtar Respublikasında infrastrukturun yenilənməsi, müasir müəssisələrin, yeni iş yerlərinin açılması istiqamətində sistemli tədbirlərin həyata keçirilməsi uzunmüddətli və hərtərəfli inkişaf konsepsiyasının reallaşdırılmasına əsaslı töhfələr verir. Azərbaycan Respublikası regionlarının, o cümlədən Naxçıvan iqtisadi rayonunun inkişafı ölkədə uğurla həyata keçirilən davamlı sosial-iqtisadi inkişaf strategiyasının mühüm tərkib hissəsidir. Bu strategiyanın həyata keçirilməsində, o cümlədən bölgələrin inkişafının yeni keyfiyyət mərhələsinə yüksəlməsində regionların sosial-iqtisadi inkişafı ilə bağlı qəbul edilmiş dövlət proqramları xüsusi əhəmiyyət kəsb edir.
2020-ci ildə 44 günlük Vətən müharibəsi nəticəsində torpaqlarımızın işğaldan azad edilməsi və ərazi bütövlüyümüzün bərpası ilə yaranmış yeni reallıq Orta Dəhlizin inkişaf perspektivlərini gündəmə gətirməklə, Zəngəzur dəhlizinin açılmasını zəruri etmiş və Naxçıvan Muxtar Respublikasının tranzit potensialını genişləndirmişdir. Azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı tikinti-quruculuq işləri və tətbiq olunan güzəştlər, həmçinin Zəngəzur dəhlizi vasitəsilə bu ərazilərin Naxçıvan Muxtar Respublikası ilə nəqliyyat əlaqələrinin qurulması perspektivi analoji güzəştlərin muxtar respublikada da tətbiqinə imkanlar yaradır. Hazırda bu imkanlardan istifadə edərək Naxçıvanda iqtisadi inkişafın sürətləndirilməsi, əhalinin layiqli məşğulluğu, sosial rifah halının daha da yüksəldilməsi və ekoloji təhlükəsizliyin gücləndirilməsi istiqamətlərində işlərin yeni keyfiyyət mərhələsinə keçməsi ön plana çıxmışdır. Mövcud potensialdan daha səmərəli istifadə etməklə bölgədə sosial-iqtisadi inkişafın sürətləndirilməsi və davamlılığının təmin edilməsi, Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafı ilə əlaqədar kompleks proqramların hazırlanaraq icra olunması məqsədilə “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı” hazırlanmışdır. Dövlət Proqramında Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının daha da sürətləndirilməsinə nail olunması üçün məqsədlər və prioritet istiqamətlər müəyyən edilmişdir.
Bu gün ölkəmizdə torpaqlarımızın azadlığı uğrunda vuruşan Qarabağ müharibəsi əlillərinə, veteranlarına və şəhid ailələrinə göstərilən qayğı xüsusi qeyd olunmalıdır. Azərbaycan dövləti ardıcıl olaraq bu kateqoriyalı insanların sosial müdafiəsinin daha da gücləndirilməsi istiqamətində sistemli tədbirlər həyata keçirir. Onu da qeyd etmək lazımdır ki, Azərbaycanda bu istiqamətdə görülən tədbirlər sistemində ünvanlılıq prinsipi əsas götürülür, aztəminatlı, ailə başçılarını itirən, eləcə də, şəhid və qazi ailələri, xüsusi qayğıya ehtiyacı olanlar dövlətin diqqət və qayğısı ilə əhatə olunurlar. Başqa sözlə, dövlətimiz tərəfindən xüsusi qayğıya ehtiyacı olan insanların sosial müdafiəsi yüksək səviyyədə təşkil edilir.
Azərbaycanın ərazi bütövlüyü uğrunda öz canından keçmiş şəhidlərin ailələrinə, həmçinin müharibə əlillərinə dövlət tərəfindən hər zaman böyük diqqət və qayğı göstərilir. Prezident İlham Əliyev 44 günlük Vətən müharibəsi zamanı döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi zamanı həlak olmuş və itkin düşmüş hərbi qulluqçulara, erməni hərbi təxribatı nəticəsində həlak olmuş və itkin düşmüş mülki vətəndaşlara, şəhidlik zirvəsinə ucalan hər bir şəhidin ailəsinə, qazilərimizə diqqət və qayğısını heç zaman əsirgəməmişdir.
Sağlamlıqlarını torpaqlarımız uğrunda itirən Qarabağ əlillərinin mənzil-məişət şəraitləri yaxşılaşdırılır. Şəhid ailələri və əlillərə mütəmadi olaraq yeni mənzillər, avtomobillər verilir. Onların müalicəsi üçün reabilitasiya mərkəzləri açılır və lazım gələndə isə müalicə olunmaq üçün xarici ölkələrə göndərilirlər. Bir sözlə, dövlətin bu təbəqəyə göstərdiyi qayğı göz önündədir və ilbəil artmaqdadır. Şəhid ailə üzvlərinə dövlət tərəfindən müəyyənləşdirilmiş pensiya və müavinətlərin ödənilməsi vaxtı-vaxtında təmin edilir. Həmçinin həlak olmuş hərbi qulluqçuların ailələrinə birdəfəlik sığorta ödənişinin verilməsi, aylıq olaraq şəhid ailəsinə Prezident təqaüdü verilməsi, şəhid uşaqlarının təhsil haqqını ödəməkdən azad olunması kimi humanist tədbirlərin həyata keçirilməsi şəhid ailələrinə dövlət qayğısının ən böyük nümunəsidir.
Dekabrın 8-də Prezident İlham Əliyev Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondunun (“YAŞAT” Fondu) yaradılması haqqında imzaladığı Fərman da bu humanist addımlardan biridir. “YAŞAT” Fondu şəhid ailələrinə və qazilərə əlavə dəstək üçündür. Bu Fondun vəsaiti Azərbaycan Respublikası vətəndaşlarının, xarici ölkələrdə yaşayan soydaşlarımızın, digər fiziki və hüquqi şəxslərin könüllü olaraq maliyyə vəsaiti şəklində verdiyi yardımlar (ianələr), habelə qanunla qadağan olunmayan digər mənbələr hesabına formalaşdırılır. “YAŞAT” Fondunun əməkdaşları ərazi bütövlüyümüzün bərpası uğrunda yaralananların və şəhid ailələrinin yaşadıqları ünvanlara üz tutaraq onların həyat şəraitinin yaxşılaşdırılması üçün tədbirlər görürlər. Prosesdə “YAŞAT” Fondunun və “ASAN xidmət” mərkəzlərinin əməkdaşları, ASAN könüllüləri iştirak edirlər. Bu Fondun əməkdaşları şəhid ailələrinin üzvləri və qazilərimizdən təşkil olunublar. Həyata keçirilmiş tədbirlər çərçivəsində hazırda hər bir şəhid ailəsi və qazinin həyat şəraitinin yaxşılaşdırılması üçün proses davam edir. Fondun fəaliyyəti çərçivəsində müvafiq kateqoriyadan olan şəxslərin ehtiyacları qarşılanır.
Naxçıvan Muxtar Respublikasında da Vətən müharibəsi veteranları və şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində ardıcıl tədbirlər həyata keçirilir. Müharibə veteranları və şəhid ailələri minik avtomobilləri, fərdi ev və mənzillərlə təmin olunur, onların müxtəlif sanatoriyalarda müalicələri təşkil edilir. Muxtar respublikada Vətən müharibəsi şəhidlərinə də böyük ehtiram göstərilib, şəhid ailələri hərtərəfli qayğı ilə əhatə olunublar. Göstərilən diqqət və qayğının daha bir nümunəsi məhz “Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına “Dəstək” Fondunun Himayəçilik Şurasının tərkibinin təsdiq edilməsi haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin 2023-cü il 22 iyun tarixli 328-06/S nömrəli Sərəncamıdır. Həmin sərəncama əsasən bu ilin iyul ayında Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına “Dəstək” Fondunun Himayəçilik şurası muxtar respublikada ictimai nüfuzu olan 7 nəfər şəxsdən ibarət təşəbbüs əsasında yaradılıb. Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, onların müalicə xərclərinin qarşılanması, təhsil və təhsillə bağlı xərclərinin ödənilməsi, bu sahədə muxtar respublikada həyata keçirilən tədbirlərə əlavə dəstək verilməsi “Dəstək” Fondunun əsas fəaliyyət istiqamətlərindən biridir.
Sosial-iqtisadi həyatında görülən işlər ölkəmizdə iqtisadi islahatların dərinləşməsini və vətənimizin bazar iqtisadiyyatı istiqamətində müvəffəqiyyətlə irəliləməsini, xalqın həyat səviyyəsinin dinamik olaraq yüksəlməsini bir daha sübut edir. Ölkəmizin iqtisadi inkişaf perspektivləri nəzərə alınmaqla qarşıdakı illərdə əhalinin rifah halının yaxşılaşdırılması istiqamətində işlər davam etdiriləcək.
Mirməcid Seyidov
Naxçıvan Muxtar Respublikası gənclər və idman nazirinin müavini, Azərbaycan Vətən Müharibəsi və Şəhid Ailələri Naxçıvan Muxtar Respublika Təşkilatının sədri