Uzun əsrlər boyu Afrikada müstəmləkəçilik siyasəti yürüdən Fransa, görünür, bu gün ciddi problemlərlə üzləşdiyi “qara qitə”də itən nüfuzunu Cənubi Qafqazda bərpa etmək niyyətindədir. Azərbaycanın öz suveren ərazisində Laçın sərhəd-nəzarət buraxılış məntəqəsini yaratması “böyük bacı” Fransanı bərk narahat edib. Hətta ermənipərəst dövlət Azərbaycanı guya ermənilərə “etnik təmizləmə” etməkdə günahlandırır. Yarım milyondan çox afrikalı və asiyalının qanını əlinə bulayan, Parisdə hələ də insan kəllələrinin sərgiləndiyi “İnsan Muzeyi”ni qoruyan və bataqlıq iyi verən imperialist keçmişi ilə qürur duyan “Afrika qənimi” “Xoruz”ların buna ən azından mənəvi haqqı yoxdur. Qarabağa “humanitar yardım” aparmağa cəhd edən Fransa bilməlidir ki, bu yardımlara Xankəndidə günlərini əyləncələr, toy-bayramlarla keçirən “aclar”dan daha çox, elə fransızların əsarətində olan, aclıqdan əziyyət çəkən Afrika koloniyalarının ehtiyacı var. “Humanistlər” bu “yardım”ları sözügedən koloniyalara və aclıqdan əziyyət çəkən milyonlarla insana nəyə görə göndərmir?
Görəsən, bütün bu şouya dəstək verən ermənipərəst Qərb “rəsmiləri” artıq 30 ildən çoxdur ki, blokadada olan Naxçıvana nəyə görə kordurlar? Blokadaya görə Naxçıvan 15 il qazsız qalanda, ermənilərin elektrik xətlərini kəsməsi nəticəsində enerji böhranı yaşayanda harada idilər? Muxtar respublika ilə Bakı arasında əlaqələr dəmiryolu üzərində idi və bu da 1992-ci ildə Mehridən gələn son qatar güllə-baran edildikdən sonra kəsildi. Ancaq bütün bunlara baxmayaraq, blokadanın aradan qaldırılması üçün hələ də heç bir addım atılmayıb, Ermənistana bu məsələdə heç bir təzyiq göstərilməyib. Nəyə görə?! Əlbəttə ki, ikili standartlar...
Ancaq Azərbaycan böyük bir səbirlə öz humanistliyini nümayiş etdirir. Belə ki, avqustun 29-dan Azərbaycan Qızıl Aypara Cəmiyyətinin göndərdiyi 40 ton un daşıyan 2 yük avtomobili artıq günlərdir ki, Ağdam-Xankəndi yolunda gözləyir. Bir ovuc separatçı avtomobillərin Xankəndiyə daxil olmasına maneələr yaradırlar. Nə etsinlər? Axı bu avtomobillər həm də “humanitar böhran” şousunun ifşasıdır. Separatçılar yaxşı başa düşür ki, göndərilən yardım və AzQAC-ın ekspertləri bölgəyə keçid etsələr, tərəfimizdən aparılacaq monitorinqlər nəticəsində orada heç bir ərzaq böhranının olmadığı aydınlaşacaq. Əks halda, Qarabağın erməni sakinləri separatçıların iddia etdikləri kimi acdırlarsa, yardımın hansı yolla, kim tərəfindən göndərilməsinin nə fərqi var?
Şübhəsiz ki, İrəvan bu saxta iddialarla beynəlxalq ictimaiyyəti çaşdırmaq və sülhün bərqərar olmasına maneələr yaratmaq niyyətindədir. Əvvəllər Laçın yolundan qaçaqmal və silah-sursat daşıyan haylar, görünür, qeyri-leqal işlərini və təxribatlarını davam etdirmək üçün Laçın yolundan əvvəlki kimi istifadə etmək xülyasına düşüb. Ancaq Ermənistan və separatçı rejim unutmamalıdır ki, üçtərəfli Bəyanatla üzərlərinə götürdükləri öhdəlikdən yayınmaq üçün nə qədər külüng çalsalar da, bu heç bir nəticə verməyəcək. Beynəlxalq hüququn əsas prinsiplərini rəhbər tutan Azərbaycan nəyi necə məqbul bilirsə, elə də davranmaqda davam edəcək. Prezident İlham Əliyevin dediyi kimi: “Miatsum” kitabı bağlandı, separatizmin kitabı bağlandı. Müstəqillik xülyası statusun dalınca getdi. Statusu isə biz hələ İkinci Qarabağ müharibəsi zamanı göndərmişik lazım olan yerə”.
İlham Vəliyev