Erməni riyakarlığı tarixinin ən pik nöqtəsini yaşayır desək, yanılmarıq. Azərbaycanımızın bütövlüyünün parçalandığı “Gülüstan” və “Türkmənçay”dan bu günə rusların əlinin altında maşaya çevrilən ermənilər, Rusiyanın başının müharibəyə qarışdığı bir vaxtda üzünü Qərbə çevirir. Necə ki, Birinci Dünya müharibəsi illərində Osmanlıya xəyanət edərək döyüşlərin qızğın vaxtında müdafiəsiz qalan türk kəndlərinə hücum edərək qətllər törədiblər. İndi də riyakar ermənilər Osmanlıya etdikləri xəyanəti Rusiyaya etməyə çalışırlar. Həmin vaxt “Soyqırımı” yalanını ortaya atan ermənilər indi də Qarabağda “humanitar böhran” var deyə boğazlarını yırtırlar.
Fransanın fitnəsinə uyan, Hindistanın kəmiyyətin keyfiyyəti üstələdiyi silahlarına güvənən və hətta daha da irəli gedərək ABŞ ordusu ilə birgə təlimlər keçirməyə hazırlaşan Ermənistan əsl ağası olan Rusiyadan icazə alıbmı? Əlbəttə ki, yox! Son günlər erməni və rus rəsmilərinin söz savaşına çıxması da vəziyyətin get-gedə gərginləşdiyini göstərir. Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatındakı nümayəndəsini geri çağırması Paşinyan hakimiyyətinin “Rus natosu”ndan imtina etməsi deməkdir.
Rusiya-Ermənistan gərginliyini daha da alovlandıran ABŞ hərbi qüvvələrinin Ermənistana dəvət edilməsidir. Sentyabrın 11-dən 20-dək Ermənistan ərazisində keçiriləcək erməni-amerikan birgə hərbi təlimlərinə rus rəsmilərinin kəskin reaksiya verməsi vəziyyətin ciddiliyindən və Paşinyan hakimiyyətinin odla oynamağından xəbər verir. Belə ki, Rusiya Prezidentinin sözçüsü Dmitri Peskov məsələyə münasibət bildirərkən Ermənistan-ABŞ hərbi təlimlərinin narahatlıq doğurduğunu deyib. Eyni zamanda Rusiya Prezidenti yanında Beynəlxalq Münasibətlər Şurasının üzvü, politoloq Boqdan Bezpalko qeyd edib ki, Paşinyan ölkəsi ilə Rusiya arasında müttəfiqlik münasibətləri fonunda qəbuledilməz olan bir sıra nümayişkaranə addımlar atır və bununla da Rusiyanın səbrini sınamağa başlayır. Atılan addımlar da öz növbəsində Ermənistan rəhbərliyinin Rusiya ilə münasibətləri pozmaq istədiyinin əyani sübutudur.
Rusiyalı siyasi analitik, “Milli Müdafiə” jurnalının baş redaktoru İqor Korotçenko Ermənistan rəhbərliyinin Rusiyanın Cənubi Qafqazdakı mövqeyinə köklü təsir edə bilmədiyinə toxunaraq son vaxtlar erməni rəsmilərinin davranışlarında aqressiv anti-Rusiya əhvalının hökm sürdüyünü vurğulayıb. Korotçenko mövzu ilə bağlı açıqlamasında bildirib ki, “Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbərinin əvvəlcə təxribatçı şərhi, sonra parlament spikerinin anti-Rusiya çıxışı, indi də Nikol Paşinyanın özünün kobud şəkildə qalmaqallı müsahibəsi Rusiya-Ermənistan münasibətlərinə ziyandır. Bundan başqa Ermənistan üçtərəfli bəyanatdakı öhdəlikləri yerinə yetirmir. Paşinyan ötən ilin sonunda Zəngəzur Dəhlizinin açılması öhdəliyini rəsmən "dəfn" etdi. İrəvanın həm Cənubi Qafqazda, həm Afrikada, həm də dünyada tamamilə dağıdıcı siyasətlə məşğul olan Qərb güc mərkəzləri ilə, Aİ və ABŞ ilə, xüsusilə Fransa ilə hərbi, hərbi-texniki və siyasi əlaqələrinin fəal inkişafını görürük. Əlbəttə ki, Rusiya buna imkan verməz. Əgər Paşinyan bu cür davam etsə və bunu praktiki hərəkətlərlə dəstəkləsə, Moskvanın cavabı olduqca adekvat və sərt olacaq".
Siyasi şərhçilərin gəldiyi digər qənaət ondan ibarətdir ki, Nikol Paşinyanın Azərbaycanın ərazi bütövlüyünü tanıması ilə bağlı dedikləri cəfəngiyyatdan başqa bir şey deyil. Paşinyanın gah nala, gah da ki, mıxa vuraraq hərdən absurd və ikiüzlü bəyanatlar verməsi fonunda Azərbaycanla sülh müqaviləsinin imzalanmasına qarşı çıxan Köçəryan-Sarkisyan qruplaşması aktivləşməyə başlayıb. Bu cinayətkar qruplaşma Rusiyaya arxalanaraq mövqelərini gücləndirməyə və Ermənistanda hakimiyyət çevrilişinə hazırlaşır.
Göründüyü kimi hər dəfə təxribat törətdikdən sonra qaçıb ağalarının arxasında gizlənən Ermənistan rəhbərliyi bu dəfə də riyakarlıq göstərərək Rusiyadan daha güclü hesab etdiyi Qərbə sığınıb. Əlbəttə ki, bu da Rusiyanı bərk qəzəbləndirib. Bir sözlə, Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiyanın səbrini sınamağa başlayıb.
Nəriman Nəcəfov