Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT-nin Avropa üzrə İqtisadi Komissiyasının (UNECE) icraçı katibi Tatyana Molçanı Ermənistan tərəfindən törədilmiş ekoloji terror, işğal nəticəsində dağıntılar, bölgədə geniş mina təhdidləri, eləcə də işğalın fəsadlarının aradan qaldırılması səyləri barədə məlumatlandırıb.
NUHÇIXAN xəbər verir ki, bu barədə Azərbaycan XİN-in yaydığı məlumatda deyilir.
Bildirilib ki, həmçinin işğaldan azad edilmiş ərazilərində 2050-ci ilə qədər “xalis sıfır emissiya” zonasının elan edilməsi, “yaşıl enerji zonası”nın yaradılması, bərpa olunan enerji mənbələrindən istifadə, “Ağıllı şəhər” və “Ağıllı kənd” konsepsiyasının yaradılması, transsərhəd su ehtiyatlarının davamlı idarə olunması və yaşıllıqların artırılması kimi bərpa və reabilitasiya layihələri və planları haqqında da qarşı tərəfə məlumat verilib.
Görüşdə Dayanıqlı İnkişaf Məqsədlərindən irəli gələn vəzifələri həyata keçirmək üçün reallaşdırılan layihələrə birgə dəstək verməyin vacibliyi vurğulanıb.