Türkiyənin İzmir şəhərində fəaliyyət göstərən Azərbaycan Qadınları Mədəniyyət Mərkəzi Dərnəyi (MMD) Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə mərasim təşkil edib.
NUHÇIXAN xəbər verir ki, mərasimdə Türkiyənin İzmir, Balıkəsir, Manisa, Bursa və digər rayonlarından tanınmış şəxslərlə yanaşı, ümumilikdə, 300 nəfərdən çox qonaq iştirak edib.
Əvvəlcə Azərbaycanın və Türkiyənin dövlət himnləri səsləndirilib, şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Mərasimdə çıxış edən MMD-nin sədri Cəvahir Əhmədova Azərbaycan Xalq Cümhuriyyətinin yaranması və süqutunun səbəbləri, keçmiş sovetlər birliyi dövründə ölkəmizdə baş verən ictimai-siyasi proseslər, həmçinin XX əsrin sonunda dövlət müstəqilliyimizin bərpası və ümummilli lider Heydər Əliyevin xilaskarlıq missiyasından bəhs edib.
Tədqiqatçı-jurnalist Nigar Ögeday Azərbaycanın müasir dövlətçilik tarixi və ölkəmizdə aparılan sosial-iqtisadi inkişaf barədə ətraflı məlumat verib.
Digər çıxış edənlər bildiriblər ki, Azərbaycan Xalq Cümhuriyyətinin yaranması və şərəfli ömür yolu Azərbaycan xalqının iftixar yeridir. Xalqımız hər zaman Azərbaycan Xalq Cümhuriyyətinin qurucularını ehtiramla yad edir, xatirələrini əziz tutur. Diqqətə çatdırılıb ki, ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi sülh və inkişaf strategiyasının Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində Azərbaycan-Türkiyə qardaşlıq münasibətləri daha da genişlənir.