Zənnimcə, Nikol Paşinyan hakimiyyətdə qalarsa, razılaşma yerinə yetiriləcək. Ola bilər ki, erməni diskursunda bu, Zəngəzur dəhlizi adlanmayacaq, amma həmin nəqliyyat arteriyası fəaliyyətə başlayacaq.
NUHÇIXAN xəbər verir ki, bu barədə “Lenta.ru” sayına müsahibəsində MDBMİ-nin Beynəlxalq Tədqiqatlar İnstitutunun aparıcı elmi işçisi, sosioloq Aleksey Tokarev bildirib.
Azərbaycanın Qarabağda necə “sürətli və effektiv antiterror tədbirləri keçirdiyi” barədə sualı cavablandıran ekspert qeyd edib ki, indi Qarabağ Ermənistan üçün “fiks ideya” olmaqdan çıxıb.
Alim deyib: “Artıq Qarabağın müdafiəsinin zəruri olması mövqeyi erməni ideologiyasının təməl daşı deyil. Bu, bir amildir. İkinci amil Azərbaycanın uzun illər ərzində güclənməsidir. Azərbaycan bütün bu konstruksiyada ən anlaşılan faktordur. Balakəndən Astaraya qədər hər hansı azərbaycanlının evinə zəng edin və Qarabağın kimə məxsus olduğunu və onunla bağlı nə etmək lazım gəldiyini soruşun. Sizə birmənalı cavab verəcəklər. Ermənistanda isə bununla bağlı vəziyyət dəyişib”.
Aleksey Tokarev vurğulayıb ki, Azərbaycan bütün son illər ərzində güclənib. Ekspert bildirib: “Ölkə bütün güc mərkəzləri, o cümlədən Türkiyə və Rusiyanın timsalında iki ən mühüm regional aktorlarla münasibətləri bərbər səviyyədə qurmaqla, effektiv xarici siyasət yürüdüb. Bəli, İranla müəyyən problemlər mövcuddur, lakin Azərbaycan regionda əsas aktorlarla razılığa gəlib və bütün bu illər ərzində ordunu gücləndirib. ÜDM-də orduya faizlə ayırmalara baxaraq, Azərbaycanın hərəkətlərini proqnozlaşdırmaq asan idi. Bu, adi hallarda 1-2 faizlik xərclərin yerinə, 10-11 faiz artıq vəsait olub”.
Qərb ölkələrinin antiterror tədbirlərinə reaksiyasını təhlil edən Aleksey Tokarev bildirib ki, onun fikrincə, həmin dövlətlərin mövqeyi yetərincə təmkinli olub. O əlavə edib: “Ciddi söyləsək, Ermənistan bütün dünyada iki ölkəyə - Rusiya və elə Ermənistanın özünə lazımdır. Xarici siyasəti kimin müəyyən edəcəyindən asılı olmayaraq, vaz keçilməsi mümkün olmayan milli maraqlar var. ABŞ və Fransa üçün isə erməni məsələləri (diasporun çərçivəsindən kənarda) az əhəmiyyət kəsb edir. Kim Kardaşyanın və Emmanuel Makronun sosial şəbəkələrdəki postları heç nəyi dəyişmir, sadəcə havadan asılı qalır. Qərb ölkələrindən ötrü postsovet məkanında hər hansı hadisə ya ticarətdir, ya da Rusiyaya münasibətdə nəzarət altında olan gərginlikdir. Rusiyanın sərhədlərində nə qədər çox münaqişə olarsa, Moskvanın diqqəti daha çox yayınır və xarici siyasətdə onlara daha az problem yaradır”.
Ekspert əlavə edib ki, əgər Rusiya Ermənistana böyük maraq göstərirsə, onda bu ölkə Qərb dövlətləri üçün Rusiyaya problem yaratmaq aləti kimi istifadə edilir. Qərb siyasətçiləri tərəfindən müharibə zamanı çoxlu bəyanatlar verilib, amma bu münaqişə onlar üçün Rusiyanın imkanlarını məhdudlaşdırmaqdan başqa bir şey deyil. Bu, xüsusən indi, Ukraynada tammiqyaslı hərbi əməliyyatlar şəraitində baş verir”.
Rusiyalı alim onu da qeyd edib ki, Azərbaycan hazırda Qərb ölkələri üçün enerji resurslarının tədarükü üzrə etibarlı tərəfdaşdır. O deyib: “Bunun hüquqi səbəbi də var. Azərbaycan antiterror tədbirlərini öz ərazisində aparır. Dünyada heç bir ölkə, o cümlədən Ermənistan Azərbaycanın ərazi bütövlüyünə şübhə ilə yanaşmır”.
Erməni cəmiyyətində hazırkı vəziyyətin izahına gəldikdə, sosioloq qeyd edib ki, indi bu ölkədə cəmiyyət ikiyə bölünüb. Birincilər hesab edirlər ki, Qarabağı qoruyub saxlamaq lazımdır, digərləri isə daimi müharibələrdən, gənc insanların ölməsi xəbərlərindən yorulublar.
Aleksey Tokarev qeyd edib: “Erməni cəmiyyətinin bir hissəsi artıq müasir Türkiyədən qorxmur, başa düşürlər ki, bu ölkə ilə ticarət etmək və neytral qonşuluq münasibətləri saxlamaq olar. Bu təbəqə üçün “bəlkə diqqəti öz erməni ərazimizdə, onun inkişafında, onun bütövlüyündə cəmləşdirmək vaxtıdır” mövqeyi xarakterikdir, Dağlıq Qarabağ isə ayağa bağlanmış ağır bir daşdır. “Miatsum” ideyasına kütləvi dəstək yoxdur...İnsanlar müharibədən, “Qarabağ” deyə bağırmaqdan yorulublar. Onların bir hissəsi deyəcək ki, Türkiyə ilə dostlaşmaq daha vacibdir”.
Zəngəzur dəhlizi ilə bağlı sualı cavablandıran rusiyalı alim vurğulayıb ki, Nikol Paşinyan hakimiyyətdə qalarsa, onda nəqliyyat dəhlizlərinin açılması üzrə üçtərəfli razılaşma yerinə yetiriləcək. “Ola bilər ki, erməni diskursunda bu, Zəngəzur dəhlizi adlanmayacaq, amma həmin nəqliyyat arteriyası fəaliyyətə başlayacaq”, -deyə sosioloq sözlərinə yekun vurub.