Qərbi Azərbaycan İcması BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarına cavab verib

A- A A+

"BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarı Folker Türk Ermənistan və Azərbaycan ilə bağlı verdiyi 2023-cü il 26 sentyabr tarixli bəyanatında Azərbaycana və azərbaycanlılara qarşı qərəz və ayrı-seçkiliyə yol verib".

Bu barədə NUHÇIXAN-a Qərbi Azərbaycan İcmasından bildirilib.

"Ali Komissara çox yaxşı məlumdur ki, Ermənistan öz ərazisindən və işğal etdiyi Azərbaycan ərazilərindən bir milyona yaxın azərbaycanlını qovaraq, onların hüquq və azadlıqlarını kobud şəkildə pozmuşdur. Ermənistan hökuməti bu ölkənin ərazisindən qovulmuş azərbaycanlıların təhlükəsiz şəkildə və ləyaqətlə geri qayıtmaq hüququnun reallaşmasına imkan vermir. Ali Komissar nədənsə bir dəfə də olsun bu məsələ barədə danışmamış və Qərbi Azərbaycan İcmasının bu barədə müraciətini cavabsız qoymuşdur", - icmadan qeyd olunub.

Bildirilib ki, Qərbi Azərbaycan İcması Ermənistanın suverenliyinə və ərazi bütövlüyünə hörmətlə yanaşır və sülhə, birgəyaşayışa, barışığa və reinteqrasiyaya əsaslanan gündəliyə sahibdir:

"Belə olan təqdirdə, Ali Komissarın beynəlxalq hüquqa hörmətsizlik edən, reinteqrasiyanı rədd edən və separatçı yanaşmaya malik qüvvələri dəstəkləməsi və Ermənistandan qovulmuş azərbaycanlıların geri qayıtmaq hüququnu görməzdən gəlməsi azərbaycanlılara qarşı etnik və dini zəmində ayrı-seçkilikdir. BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarının bu ayrı seçkiliyə yol verməsi siyasi baxımdan yanlış olmaqla bərabər, bütövlükdə insan hüquqları sahəsində beynəlxalq sistemi kökündən sarsıdır.

Biz Ali Komissar Türkü daşıdığı ali vəzifənin mandatına uyğun hərəkət etməyə, rəhbərlik etdiyi təsisatın bəzi dairələrin əlində ucuz siyasi alətə çevrilməsinə imkan verməməyə, dini və etnik zəmində qərəz və ayrı-seçkiliyə son verməyə, Ermənistandan qovulmuş azərbaycanlıların təhlükəsiz şəkildə və ləyaqətlə geri qayıtmaq hüququna dəstək verməyə və hüquqlarımızın müdafiəsi xahişi ilə 10 avqust 2023-cü il tarixində göndərdiyimiz müraciətə cavab verməyə çağırırıq".

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: