Səudiyyə qəzeti Cənubi Qafqazda yeni reallıqlar və Qarabağ separatçılarının tərk-silah edilməsindən yazıb

A- A A+

Səudiyyə Ərəbistanı Krallığının Londonda nəşr edilən nüfuzlu “Əş-Şərq əl-Avsət” qəzetində “Qarabağ separatçıları silahlarını təhvil verir və qoşunlarını çıxarmaq üçün Azərbaycanla danışıqlar aparır” sərlövhəli məqalə dərc olunub.

NUHÇIXAN xəbər verir ki, yazıda Qarabağdakı separatçıların Bakı ilə atəşkəs sazişi bağladıqdan üç gün sonra ermənilərin əksəriyyətinin yaşadığı bölgədən qanunsuz hərbi birləşmələrini çıxarmaq və silahlarını təhvil vermək üçün Azərbaycanla danışıqlar apardığı qeyd olunub. Eyni zamanda, bu ərazidə qondarma və heç kimin tanımadığı “respublikanın” da özünü buraxdığı vurğulanıb.

Məqalədə diqqətə çatdırılıb ki, Azərbaycanın sürətli antiterror tədbirləri nəticəsində məğlub olan separatçılar həftəsonu boyunca silahlarını təhvil verməyə davam ediblər. Rusiya Müdafiə Nazirliyinin bəyanatında deyilir: “Hərbi əməliyyatların dayandırılması ilə bağlı razılaşmalara uyğun olaraq, Qarabağdakı silahlı birləşmələr Rusiya sülhməramlı qüvvələrinin nəzarəti altında silah və hərbi texnikasını təhvil verməyə başlayıb”. Məlumata görə, altı zirehli texnika, 800-dən çox atıcı və tank əleyhinə silahlar, 5 minə yaxın döyüş sursatı təhvil verilib. Həmçinin bildirilib ki, separatçılar Azərbaycan tərəfi ilə Qarabağ ermənilərinin Azərbaycana reinteqrasiyası ilə bağlı danışıqlara başlayıblar. Bakı daha sonra yeni görüşün mümkün qədər tez keçiriləcəyini elan edib.

“Əş-Şərq əl-Avsət” qəzetinin Qarabağın iqtisadi əhəmiyyətindən bəhs edən digər analitik məqaləsində Azərbaycanın öz ərazisində keçirdiyi uğurlu antiterror tədbirləri nəticəsində Cənubi Qafqaz regionunda yaranan yeni geosiyasi reallıqdan söz açılıb. Yazıda qeyd olunub ki, Qarabağdakı münaqişənin nizamlanması prosesində iqtisadi maraqlar böyük rol oynayıb, çünki bu region nəqliyyat və ticarət üçün mühüm dəhliz sayılır.

Yazıda diqqətə çatdırılıb ki, Qarabağın bəzi əraziləri bir çox mühüm su mənbələrinə sahibdir və Azərbaycanın daxili su ehtiyatlarının təxminən 25 faizi həmin ərazilərin payına düşür. Regionun əsas çayları (Tərtərçay, Həkəri və Bazarçay) böyük hidroenergetika potensialına malikdir. Tərtər Su Elektrik Stansiyası regionun strateji stansiyalarından biridir və bu mühüm obyekt 50 meqavat enerji istehsal edə bilir. Hazırkı hesablamalara görə, Dağlıq Qarabağın 300-500 meqavat külək enerjisi və 3000-4000 meqavat günəş enerjisi potensialı var. Həmin ərazilər həm də geotermal su və kömür ehtiyatları ilə zəngindir.

Məqalədə vurğulanıb ki, 2020-ci ildə imzalanan üçtərəfli Bəyanatın şərtləri arasında Ermənistanın Azərbaycandan Naxçıvan Muxtar Respublikasına dəhliz verməsi öhdəliyi də olub. Sözügedən anlaşmaya görə Azərbaycandan Ermənistan ərazisindən keçməklə Naxçıvan bölgəsinə dəmir yolu xətti çəkilməli idi və onun tikintisi 2023-cü ilin sonunda başa çatmalı idi. Lakin bu, hələ baş verməyib. Müəllif yazıb: “Nəzərə alsaq ki, Azərbaycanın həm Türkiyə, həm də Rusiya, eyni zamanda, Avropa Birliyi və İsrail ilə yaxşı əlaqələri var, onda açıq-aydın görərik ki, Bakının sülh və regional əməkdaşlıq təşəbbüsləri həmin ölkələr üçün də mühümdür. Bir çox Avropa ölkələrinin Qafqazda və Qarabağ regionunda sabitliyin olmasında maraqları var ki, Avropa İttifaqı və digər regional təşkilatlar münaqişənin sülh yolu ilə həllini dəstəkləməyə və regionda iqtisadi inkişafa töhfə verməyə çalışırlar”.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: