Azərbaycan öz erməni vətəndaşlarına sahib çıxır

A- A A+

Dünyada irqindən, dinindən və milli mənsubiyyətindən asılı olmayaraq hər bir vətəndaşın hüquqlarına hörmətlə yanaşılan azsaylı ölkələrdən biri də Azərbaycandır. Vətənimizdə hər kəs birgəyaşayışın qazandırdığı üstünlüklərdən faydalanmaqla öz gündəlik fəaliyyəti ilə məşğuldur.

Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində rəşadətli Ordumuzun qazandığı Zəfər bölgədə yeni reallıqlar yaratdı. Artıq Cənubi Qafqazın yeganə güclü dövləti olan Azərbaycan müharibə səhifəsini bağlayaraq sülh əlini Ermənistana uzatdı. Ermənistan hakimiyyəti isə öz növbəsində həm dolayı yollarla sülh çağırışlarına əməl etmədi və həm də Azərbaycanın suveren ərazisində saxladığı silahlı terrorçuları çıxarmadı.

Fransanın və digər havadarlarının yalan dolu vədlərinə aldanan Qarabağdakı separatçılar Azərbaycanın erməniəsilli vətəndaşlarını girov saxlamaqla yanaşı onların həyatı üçün təhlükə yaradır və ləyaqətli yaşamaq hüquqlarını tapdalayırdılar. Əlbəttə ki, Azərbaycan dövləti ərazisində “Boz zona”nın olmasına və erməniəsilli vətəndaşlarının girovluqda saxlanılmasına göz yuma bilməzdi. Eyni zamanda qeyri-qanuni silahlı birləşmələrin başda mina terroru olmaqla digər cinayətkar əməllərinə son qoymaq üçün antiterror əməliyyatı keçirildi. Cəmi 23 saat ərzində 10 minlik qanunsuz silahlı birləşmələr diz çökdürüldü. Bir sözlə 44 günlük müharibədən sonra ərazi bütövlüyünü bərpa edən Azərbaycan cəmi 1 sutkaya yaxın zaman kəsimində bütün ərazilərində tam suverenliyə nail oldu.

30 illik erməni işğalına göz yuman bəzi Qərb dairələri Azərbaycanın haqlı mübarizəsinə yenə də fərqli don geydirməyə çalışdılar. Fransa, Almaniya və Avropa İttifaqı, xüsusilə də cibini erməni lobbisinin “ianələri” ilə dolduran Aİ təmsilçisi Cozef Borrel ölkəmizə qarşı qərəz nümayiş etdirməkdən çəkinmədilər. Dostun və düşmənin seçildiyi belə məqamda Azərbaycanın haqlı mübarizəsini dəstəkləyənlər erməni lobbisinin quluna çevrilənlərdən daha çox oldu.

Rusiyalı hərbi ekspert İqor Korotçenko hadisələrin gedişinə dair şərhində bildirdi ki, “BMT Təhlükəsizlik Şurasının Qarabağla bağlı iclası Ermənistan və Fransanın birgə diplomatik fiaskosu ilə nəticələndi. Sonda heç bir qətnamə və qərar qəbul edilmədi. Eyni zamanda Macarıstan veto qoyaraq erməni lobbiçilərinin başlatdığı Qarabağdakı vəziyyətlə bağlı Avropa İttifaqının anti-Azərbaycan bəyanatını blokladı. Bütün bunlar Azərbaycanın Prezident Administrasiyasının və digər dövlət qurumlarının səmərəli və koordinasiyalı işinin, eləcə də etibarlı kəşfiyyat qiymətləndirmələri və analitikaya əsaslanan aydın xarici siyasət planlaşdırmasının nəticəsidir”.

Azərbaycanın humanistliyi və öz vətəndaşlarına verdiyi dəyəri Qarabağda separatçıların girovuna çevrilmiş erməni sakinlər də hiss etməyə başlayıblar. Təbii ki, kim nə deyir desin, Qarabağ məsələsi Azərbaycanın öz daxili işidir. Hətta Ermənistanın Baş naziri Nikol Paşinyanın Qarabağda ermənilərin həyatı üçün heç bir təhlükə olmadığını etiraf etməsinə baxmayaraq ciblərini erməni lobbisinin pulları ilə dolduran bəzi Qrəb nümayəndələrinin səsləndirdiyi iddia və iftiraların əsası və mənası yoxdur. Deməli, 30 il susanların dilini son zamanlarda açan da məhz elə bölgədə sülhü istəməyənlərin verdiyi rüşvətdir.

Göründüyü kimi Prezidentimiz, Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin dediyi “Nəyi, necə, nə vaxt etmək lazımdır, biz bunu bilirik” fikri növbəti dəfə öz təsdiqini tapdı. Artıq ermənipərəst qüvvələr də belə dərk etməyə başlayıblar ki, bölgədə əsas söz sahibi Qalib Azərbaycandır.

Nəriman Nəcəfov

NUHÇIXAN

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: