Azərbaycanın öz suveren ərazisində antiterror əməliyyatı keçirməsi separatçılardan daha çox 30 il erməni işğalına göz yuman ermənipərəst dairələri narahat etməyə başladı. Çünki, Azərbaycanın Dəmir yumruğundan nəsibini alan erməni separatizminin yalan və dezinformasiyaları da ifşa edilir. Belə ki, Qarabağda uzun illər kök salmış separatçıların qondarma “rəhbərləri” sadə erməni əhalisini ərzaqsız buraxmaqla dünyaya “acından ölürük” mesajı verməyə çalışıblar. Lakin antiterror əməliyyatından sonra ərazidə aşkar edilən qanunsuz silah və hərbi texnika ilə yanaşı, anbarlarda kifayət qədər ərzaq məhsullarının olduğu və həmin məhsulların separatçıbaşılar tərəfindən əhalidən gizlədildiyi ortaya çıxıb.
Erməni jurnalistlər də etiraf edirlər ki, Qarabağda anbarlar ərzaqla dolu olub. Qondarma rejimin “məmurları” əhalini ac saxlayıblar. Hətta erməni bloger Roman Baqdasaryan xunta rejiminin keçmiş “rəhbəri” Arayik Arutunyanın bir illik günəbaxan yağı ehtiyatının olduğunu yazıb.
Bir müddət əvvəl “blokada” şousu ilə dünyaya hay salan separatizmin dəstəkçiləri indi də “etnik təmizləmə” yalanını ortaya atıblar. Ermənilərin Qarabağı könüllü tərk etməsinə “deportasiya” donu geydirməyə çalışan Nikol Paşinyan və komandası bu prosesdən də yararlanmağa çalışırlar. Qarabağ ermənilərinin Azərbaycanın humanistliyi qarşısında kövrəlməsi və hətta bunu etiraf edəcək qədər cəsarətlə danışmaları Ermənistan hakimiyyətini qane etmədi. Qərbdəki ağalarına, xüsusilə də ABŞ və BMT-yə müraciət edən Paşinyan hakimiyyəti buradan da istədiklərinə ala bilməyərək bərk məyus olublar. Belə ki, separatçıların dəstəkçiləri “etnik təmizləmə” ilə bağlı nə BMT-yə, nə də ki, Birləşmiş Ştatlara tutarlı bir sübut təqdim edə bilməyiblər.
BMT-nin Qarabağa səfərin nəticələrinə dair bəyanatında qeyd olunur ki, “Missiya üzvlərinin Xankəndi şəhərində getdikləri yerlərdə mülki və ictimai infrastruktura, o cümlədən xəstəxana, məktəb, yaşayış binaları, mədəni və dini obyektlərə heç bir ziyan dəyməyib. Mülki vətəndaşlara qarşı zorakılıq barədə heç bir xəbər eşitməmişik. Əksinə, missiya Azərbaycan hökumətinin şəhərdə səhiyyə və digər məişət xidmətlərinin bərpasına hazırlaşdığını müşahidə edib”. Təbii ki, bu bəyanat da Ermənistanın “etnik təmizləmə” yalanını ifşa edir.
Rusiyalı hərbi ekspert İqor Korotçenkonun dediyi kimi “Qarabağ münaqişəsinin tarixini nə qədər diqqətlə, detallı və hərtərəfli araşdırsanız erməni millətçilərinin yalanlarının miqyasına bir o qədər də heyrətlənərsiniz. Dünya ictimaiyyətinin böyük bir hissəsini “köməyə” çağırmaq nə qədər pul və səy tələb etsə də, sonda həqiqət (Azərbaycan) qalib gəldi”.
Nəriman Nəcəfov