Nə yazım, haradan başlayım, sevincimi necə qələmə alım? Doğrusu bilmirəm. Xəyalımda tarixi varaqlayıram, aranı dağa, dağı arana aparıram. Yüz illərin gerçəkliklərini sintez edirəm, böyük təəssüf hissi keçir ürəyimdən. Yaxşı ki, dastanlarımız, şairlərimiz, aşıqlarımız olublar. Yoxsa nəhəng bir boşluğun, insanı məhv edən xaosun məngənəsində nəfəsimiz kəsilərdi. Fikirlərimi Qarabağla bağlı mövzu üzərində cəmləməyə çalışdığım vaxtı ağlımdan əbədiyaşar şairimiz Məmməd Arazın bu beytləri gəlib keçir.
Səninləyəm, ulu babam!
Bu məsəli kimdi yazan?
Hansı soysuz ata idi
Ataların imzasını
Çəkib, ona möhür basan?!
Adınızı dastanlardan oğrayaram.
Ruhunuzu qıyma-qıyma doğrayaram,
Qara Çoban,
Ey Xan Eyvaz,
Giziroğlu Mustafa bəy,
Əgər ki, siz
Bu məsələ qol çəkdiniz!
Bəli, Vətən dediyimiz Azərbaycan adlı bu nəhəg diyar oğuz türklərinin, əzəli və əbədi torpaqları, ata-baba yurdlarıdır. Bizim bu coğrafiyanın əbədi sakinləri olmağımız barədə daşlar, qayalar, yurd yerləri, yer adları maddi mədəniyyət nümunələri, qala divarları, bir sözlə maddi olan əllə toxunulan, gözlə görünən nə varsa hamısı təsdiq edir. Bircə sovetlər zamanında yandırılan, məhv edilən, yenidən xain qonşularımız tərəfindən yazılan tarix kitablarından başqa. Bəli bizə 70 il saxta tarixlər, yad xalqların qəhrəmanlıq epopeyalarını öyrətdilər. Türkün şanlı tarixini yox edib bizə slavyanların çəfəng uydurmalarını oxutdurdular. Bizə Vladimir Monomaxı, qəhrəman İvan Qroznunu adil çar, I Pyotru yenilməz sərkərdə kimi göstərdilər. Şah İsmayıl Xətaini, Nadir şah Əfşarı, Ağa Məhəmməd Şah Qacarı, Səttərxanı, Bağır xanı, Şeyx Məhəmməd Xiyabanini unutdurub, əvəzinə Stepan Razini, Suvorovu, Kutuzovu milliləşdirdilər. İstədik Füzulidən, Nəsimidən sitat gətirək, dedilər Puşkinin, Lermontovun qabağında siz kimdənsə sitat gətirə bilmərsiniz. Hətta məqam o yerə gəlib çatdı ki, bizə ən yaxın tariximizi belə unutdurdular. Biz milli dövlət quranları xain zənn etdik. Xalq cümhuriyyətimizi 70 il düşmən bildik. Elə bildik ki, Müsavat hökümətini ingilislər qurub. 26 Bakı komissarlarının qırğınına düz 70 il ağladıq. Yetməmiş kimi sonra ermənilərin saxtalaşdırdığı Urartu dövlətinin coğrafi kordinatlarını da ermənilərə aparıb bağladıq. Bu qədər rəzillikmi olardı? Biz yaşadıq və ya bizə yaşatdılar?
Tariximizi yox etmək istəyənlər, bizi bəyliklərə, xanlıqlara böldülər. Ancaq türkün böyük qan yaddaşına sahib olduğunu unutdular. Dünyanın nizamını pozub yenidən tarix yazanlar yaddaşlarından çıxardılar ki, qərb yazının-pozunun nə olduğunu bilməyəndə, babalarımız Bilgə xaqan, Kültekin, Tonyukuk Orxon və Yenisey çaylarının vadilərində türkün qəhrəmanlıq səlnaməsini, daşlara həkk edib tarix yazıblar. Qərb unutdu ki, türklər nəhəng Çin imperiyasının içərisində əriməsin deyə buddizm dinini qəbul etmədilər. Tək olan Allaha inanıb, inanclarından dönmədilər.
I Pyotrun əsasını qoyduğu Rasiya İmperiyası Qafqaza ayaq açan ilk gündən bu torpaqlar qana boyanıb. Çar Rusiyasının Qafqazı işğalı türk dünyasının kürəyinə arxadan saplanan xəncər kimi idi. Yarası 200 ildən çoxdur ki, nə qaysaq bağlayır nə də sağalır.
Bir tarixə baxın. Xanlıqlar dövründən bu yana biz həm torpaqlarımızı itirmişik, həm də igid oğullarımızı. Biz nədən danışaq, nədən gileylənək? Xain qonşularımızın fitnələrindən, özlərindən uydurduqları tarixdən, yoxsa əsrlər boyu qəsb olunan coğrafiyamızdan? Hansı sərkərdə, hansı padşah oğuz elinin qəsb olunan torpaqlarını xain düşmənlərin qanlı caynaqlarından xilas edə bildi?
Bəli son 200 ildə belə bir sərkərdə görülməmişdi. Cəhd etsək də, bəzi məqamlara gerçək don geyindirməyə çalışsaq da göstərə bilməyəcəyik. Çünki yoxdur, çünki biz “mənəm-mənəm” deyənlərin ucbatından, namusunu satanların nadanlığından torpaq itkisi ilə daim imtahan olunmuşuq.
Bəs bu qara qanlı ləkəni kim təmizlədi? Kim bizi 100 illər əvvəl itirilmiş, qəsb olunmuş, pay verilmiş, girov qoyulmuş torpaqların bütövlüyünə qovuşdurdu. Kim yenidən Xankəndinə bayraq sancdı? Kim dünyanın ən nəhəng tribunlarından səsləndirdi ki, Azərbaycan öz bütövlüyünə qovuşmayınca, bir addımda geri çəkilməyəcəyik? Hansı sərkərdədir ki, xəçpərəst təsübkeşliyinin tüğyan etdiyi qərb ölkələrinə səfər edib Vatikana meydan oxudu. İkinci erməni dövləti yaratmaq istəyənləri Marselə istiqamətləndirdi? Bəli, bu Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Heydər oğlu Əliyevdir.
1921-ci ildə Qarabağı Azərbaycanın daxilində Muxtar Vilayət edərək erməniləri Qarabağda möhkəmləndirən xaçlı xainlər, buyurun bu da sizin son cəhdiniz. Məkrli planlarınız, çirkin oyunlarınız, yalan vədləriniz, boş ümidləriniz, Xocavənddə qanlı cəllad Melkonyanın heykəli ilə birlikdə yerlə-yeksan oldu.
3 il əvvəl Şuşadan verilən ismarıc Azərbaycan torpaqlarının bütövlüyü üçün verilmişdi.
Yüz illərin qaranlıq dəhlizlərində Azərbaycanın oğurlanan, gizlədilən xoşbəxt gələcəyi Müzəffər Ali Baş Komandanın sayəsində özünə qaytarıldı. Bəli, tarix yenidən yazılır. Tarixi yenidən yazan igid oğullarımız buraxılan səhvləri düzəldirlər. Azərbaycan xalqının tarixini məhv etməyə çalışanlara tarix yenidən başa salınır. Bu dəfə Qafqazın tarixi Onun diktəsi, Onun təcrübəsi, Onun qüdrətli zəkası ilə yazılır. İlham Əliyev Azərbaycanın əzəli və əbədi torpaqlarını özünə qaytarmaqla yanaşı, dünyanı da ədalətli olmağa çağırır. Gözün aydın, Azərbaycan! Qələbən mübarək, Azərbaycan əsgəri! Uğurun davamlı olsun, Müzəffər Ali Baş Komandan!
Müzəffər Zəfər
Naxçıvan Televiziyasının baş redaktoru