Ermənistan Hindistandan ucuz silahlar alır

A- A A+

Qalib Azərbaycanın bölgədə daimi sülhə nail olmaq cəhdlərinə maneə yaratmağa çalışan Ermənistan yenə də revanşizmə can atır. Son vaxtlar Ermənistanın silahlanma arzuları bu fikri təsdiqləyir. Rusiyadan üz döndərərək qibləsini Qərbə çevirən Ermənistan məhv edilmiş ordusunu yenidən qurmaq üçün Hindistandan silah almaq arzusuna düşüb. Görünən odur ki, Ermənistan silah təchizatını şaxələndirmək üçün uğursuz cəhdlər edərək Hindistandan nisbətən ucuz silahlar almaq istəyir.

Hindistan mətbuatının yazdığına görə iki ölkə arasında imzalanan müqaviləyə əsasən Ermənistana “Pinaka” raket sistemləri ilə yanaşı, tank əleyhinə raketlər və bir sıra digər hərbi sursatlar çatdırılmalıdır. Müqavilə çərçivəsində 80 millimetrlik artilleriya qurğularının, “Akaş” zenit-raket kompleksinin, “ATAGS” və  “MARG 155” haubitsalarının alınmasına dair müzakirələr də aparılıb.

Bir neçə gün əvvəl kütləvi informasiya vasitələrində Hindistanın adı açıqlanmayan bir müştəriyə “Pinaka” raket sistemlərinin ilk partiyasını göndərdiyi barədə məlumat dərc olundu. Həmin raket buraxılış qurğularının ilk alıcısı olan və çoxmilyonluq sifariş verən Ermənistana göndərildiyi ehtimal edilir. Çünki 2022-ci ilin sentyabrında Ermənistan Hindistan şirkətinə 245 milyon dollar dəyərində “Pinaka” buraxılış qurğuları, raketlər və müvafiq avadanlıqlar sifariş edib. Hətta bir müddət əvvəl həmin qurğuların ilk partiyasının Bəndər Abbas limanından İranın avtomobil yolları vasitəsilə Ermənistana çatdırıldığını özündə əks etdirən görüntülər sosial mediada paylaşılmışdı.

Sovet istehsalı “Qrad”ları əvəzləmək üçün hazırlanan “Pinaka” reaktiv yaylım atəşi sistemləri ilk dəfə 1999-cu ildə Hindistan ordusunun silahlanmasına qəbul edilib və Hindistan-Pakistan sərhəd toqquşmalarında tətbiq olunub. Sınaqlarının uğursuz olduğu, hətta sınaqlar zamanı missiya parametrlərinə cavab verə bilmədiyi qeyd olunur. Atış poliqonunda düzgün işləməməsi səbəbindən gözlənilən nəticəni verməyən “Pinaka” raketləri nəzərdə tutulmuş məsafəni qət edə bilməyib. Sınaqların nəticələrinin uğursuz olması həmin silah sisteminin etibarlılığını təhlükəyə atdığından poliqonda baş verən proseslər ictimaiyyətdən gizlədildi. Hətta Hindistan hakimiyyətinə yaxın hesab edilən kütləvi informasiya vasitələrində “Pinaka”nın uğursuzluqları ört-basdır edilərək guya ki, raketlərin tələb olunan dəqiqlik və ardıcıllığa cavab verdiyi yalanı tirajlandı. Ermənistan bütün bunlara baxmayaraq acgözlüklə hind filmlərinin xüsusiyyətlərini özündə daşıyan  silah sistemlərinin ilk müştərisi oldu.

Əlbəttə ki, şəninə tərfilər yağdırılan “Pinaka” Hindistanın Ermənistana ixrac etdiyi ilk silah sistemi deyil. Belə ki, 2020-ci ildə Ermənistan Hindistandan “Svati” əks-artilleriya radarı alıb. 2017-ci ildən Hindistan ordusunda tətbiq edilən bu əks-artilleriya sistemi Pakistanın artilleriya atəşlərinin qarşısını almaqda aciz olub. Bu sistemlər həm də 44 günlük Vətən müharibəsində özünü doğrultmadı və Azərbaycan artilleriyasının qarşısını ala bilmədi.

Bir sözlə, kəmiyyətin keyfiyyəti üstələdiyi fantastik hind filmlərindən ruhlanan erməni hərbçiləri bu dəfə də “hind topları” ilə oynamaq istəyirlər.

 

Nəriman Nəcəfov

NUHÇIXAN

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: