Prezident İlham Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsinin 20-ci ildönümü münasibətilə Ali Məclisin xüsusi iclası keçirilib - FOTOLAR

A- A A+

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, oktyabrın 14-də İlham Heydər oğlu Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsinin 20-ci ildönümü münasibətilə Ali Məclisin xüsusi iclası keçirilib.

İclasın gündəliyinə aşağıdakı məsələ verilib:

İlham Heydər oğlu Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsinin 20-ci ildönümü ilə əlaqədar Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Bəyanatı

Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin müavini Anar İbrahimov bildirib ki, 20 il bundan əvvəl – 2003-cü ildə cənab İlham Əliyev ilk dəfə Azərbaycan Respublikasının Prezidenti vəzifəsinə seçilib. Çoxşaxəli və zəngin fəaliyətində cənab Prezidentin nailiyyətlərindən biri Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi, işğalda olan ərazilərimizin geri qaytarılması ilə nəticələnən 44 günlük Vətən müharibəsində qazanılan şanlı Zəfərdir. Bu gün bizim mükəmməl institutlarımız, güclü iqtisadiyyatımız, müdafiə potensialımız, düşünülmüş inkişaf strategiyamız və ən əsası isə dünyada tanınan və nüfuz sahibi olan cənab İlham Əliyev kimi liderimiz var. 

Anar İbrahimov deputat həmkarlarını və onların seçicilərini əlamətdar hadisə münasibətilə təbrik edib.

Gündəlikdə duran məsələ ilə bağlı Ali Məclisin deputatları - Əmir Babayev, Ehtibar İsmayılov, Yeganə Məmmədova, Hacıfəxrəddin Səfərli, Ehtimad Məmmədov, Vüsalə Əliyeva və Asim Əliyev çıxış ediblər.

Çıxışlarda Azərbaycan Respublikasında bütün sahələrdə əldə edilən yüksək göstəricilərin Ulu Öndər Heydər Əliyevin milli inkişaf modelinin uğurlu tətbiqinin nəticəsi olduğu, sosial-siyasi islahatların ardıcıl həyata keçirilməsi, qanunvericilik bazasının təkmilləşdirilməsi, vətəndaş cəmiyyətinin formalaşdırılması və digər bu kimi strateji tədbirlərin Azərbaycanın dinamik inkişafını təmin edən əsas faktorlar olduğu diqqətə çatdırılıb. Ümummilli Liderimiz müstəqil Azərbaycanın qurucusu, bugünkü uğurların müəllifi olmaqla bərabər, banisi olduğu dövlətçilik irsinin əbədiyaşarlığını təmin edən, ölkəmizi dünyada lider dövlətə çevirən, nəyin bahasına olursa-olsun dövlət müstəqilliyini qoruyub möhkəmləndirən qüdrətli varisi də yetişdirib. Bu gün Ulu Öndərin mənəvi-siyasi irsinin layiqli davamçısı, dövlət başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın müasir tarixinin şanlı səhifələri yazılır.

Deputatlar Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ümumxalq seçkilərində xalqın səsini qazanaraq dəfələrlə qalib gəldiyini, ölkə başçısı seçildiyi ilk gündən bu günə kimi verdiyi vədləri yerinə yetirdiyini, bununla da Azərbaycanı dünyanın güclü dövlətlərindən birinə çevirdiyini diqqətə çatdırıblar. Qeyd olunub ki, Xalq-İqtidar birliyinin yaranması, xalqın Prezidentinin ətrafında bir yumruq kimi birləşməsi bütün çətinliklərin öhdəsindən gəlinməsini şərtləndirdi. Ölkə başçısının həyata keçirdiyi tədbirlər nəticəsində Azərbaycanda söz, fikir azadlığı, güclü iqtisadiyyat, güclü ordu, əhalinin sosial rifahının yaxşılaşdırılması kimi mühüm məsələlər öz həllini tapıb.

Qeyd olunub ki, 44 günlük Vətən müharibəsində Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi dövründə yetişən gənclik və şanlı ordumuz qızıl hərflərlə Zəfər salnaməsi yazdı, 30 illik işğalçılıq siyasətinə son qoyuldu, ərazi bütövlüyümüz, tarixi ədalət bərpa olundu. Uğurla başa çatan antiterror tədbirləri ilə isə Azərbaycan bütün dünyaya öz gücünü bir daha nümayiş etdirdi, suverenliyimiz təmin olundu. Hazırda dövlət başçısının rəhbərliyi ilə işğaldan azad edilən ərazilərdə bərpa və quruculuq işləri sürətlə davam etdirilir, keçmiş məcburi köçkünlərin öz doğma yurdlarında məskunlaşması prosesi həyata keçirilir.

Bildirilib ki, dövlət başçısının diqqət və qayğısı nəticəsində Azərbaycan bütün sahələrdə - iqtisadiyyat, müdafiə, təhsil, səhiyyə, turizm, mədəniyyət və digər istiqamətlərdə böyük uğurlara imza atıb. Buna görədir ki, ölkəmiz inkişaf dinamikasına görə dünyada lider dövlətlərdən biri kimi özünü təsdiqləyib. Hazırda ölkənin bütün bölgələri kimi Naxçıvan Muxtar Respublikası da dinamik inkişaf edir. Muxtar respublikanın sosial-iqtisadi inkişafı ilə bağlı 2023-2027-ci illəri əhatə edən dövlət proqramının qəbul olunması, Zəngəzur dəhlizinin açılması istiqamətində həyata keçirilən tədbirlər bunun əyani sübutudur.

Çıxışlarda deputatlar Ulu Öndərimizin əsasını qoyduğu inkişaf strategiyasını uğurla davam etdirən cənab İlham Əliyevin rəhbərliyi altında ölkəmizin inkişafının daha da sürətlənəcəyini, yeni-yeni uğurlara imza atılacağını vurğulayıb, təbriklərini çatdırıb, İlham Heydər oğlu Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsinin 20-ci ildönümü ilə əlaqədar Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Bəyanatına dəstək ifadə edilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin müavini Anar İbrahimov bildirib ki, İlham Heydər oğlu Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsinin 20-ci ildönümü ilə əlaqədar Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Bəyanatının layihəsi hazırlanıb.

İclasda Ali Məclisin deputatı Aidə Cəlilzadə İlham Heydər oğlu Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsinin 20-ci ildönümü ilə əlaqədar Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Bəyanatını səsləndirib.

Bəyanatın təsdiq edilməsi ilə əlaqədar hazırlanmış qərar layihəsi oxunduqdan sonra səsə qoyularaq qəbul edilib.

Bununla da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 14 oktyabr 2023-cü il tarixli xüsusi iclası öz işini başa çatdırdı.

 

İlham Heydər oğlu Əliyevin Azərbaycan Respublikasının

Prezidenti seçilməsinin 20-ci ildönümü ilə əlaqədar

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Bəyanatı

 

Möhtərəm Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan tarixinə şanlı səhifələr yazılır.

“Mən məsuliyyətə də, çətinliklərə də hazıram. Əminəm ki, Azərbaycan xalqının dəstəyi ilə qarşıda duran bütün vəzifələri ləyaqətlə yerinə yetirəcəyəm. Demişəm, Azərbaycan xalqı görəcək ki, mən Azərbaycan üçün, xalqımız üçün yaxşı Prezident olacağam”, -deyən Cənab İlham Əliyev ötən 20 ildə sübut etdi ki, O verdiyi bütün vədləri gerçəkləşdirən, Ümummilli Liderimiz Heydər Əliyevin yolunu uğurla davam etdirən praqmatik siyasətçi, tarixi şəxsiyyət və güclü liderdir.

Azərbaycanın inkişaf edən ölkəyə və dünyada söz sahibinə çevrilməsi cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasətinin ən mühüm nəticələridir. Qüdrətli ordu, güclü iqtisadiyyat, beynəlxalq arenada önəmli mövqe, müstəqil xarici siyasət və qalib ölkə - bütün bunlar tarixinin ən güclü dövrünü yaşayan müstəqil Azərbaycanın bugünkü reallıqlarıdır. Bu gün Azərbaycan cənab İlham Əliyevin rəhbərliyi ilə nəhəng iqtisadi layihələrin əsas iştirakçısı kimi regional və beynəlxalq səviyyədə öz mövqeyini möhkəmləndirir.

Ölkəmizdə həyata keçirilən sosial-iqtisadi islahatların mərkəzində Azərbaycan vətəndaşların rifahı və mənafeyi dayanır. 2003-cü ildən ötən dövrdə ölkəmizin iqtisadi göstəriciləri və valyuta ehtiyatları davamlı olaraq artıb, ictimai-siyasi sabitliyə, milli birliyə və dayanıqlı inkişafa nail olunub, yeni iş yerləri açılıb, əhalinin rifahı yüksəlib,  vətəndaşlar layiqli həyat şəraiti ilə təmin edilib. Sözsüz ki, bütün bu islahatların effektivliyini təmin edən başlıca strateji faktor Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin siyasi iradəsi, birbaşa Onun rəhbərliyi ilə reallaşdırılan inkişaf strategiyasıdır.

Azərbaycan dünyada etibarlı tərəfdaş və nüfuzlu dövlət kimi tanınır. 155 dövlətin dəstəyi ilə BMT-nin Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi, 2019-2022-ci illərdə dövlətimizin Qoşulmama Hərəkatına sədr seçilməsi və yenidən yekdil qərarla sədrlik müddətinin daha bir il uzadılması, regional və beynəlxalq enerji təhlükəsizliyinə töhfə verməsi, Avrasiyada mühüm nəqliyyat qovşağına çevrilməsi Azərbaycan dövlətinin və Liderinin yüksək nüfuzunun nəticəsidir.

Ordu quruculuğu sahəsində köklü islahatların aparılması, ordumuzun döyüş potensialının artırılması 2020-ci ildə işğal altındakı torpaqlarımızın azad olunması ilə nəticələndi. 44 günlük Vətən Müharibəsində Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev Azərbaycanın ərazi bütövlüyünü və tarixi ədaləti bərpa etdi, Ermənistanın işğalçılıq siyasətinə son qoydu, regionda yeni geostrateji reallıqlar yaratdı, ən əsası isə Ümummilli Liderimiz Heydər Əliyevin arzularını reallaşdırdı. 2023-cü il sentyabrın 19-20-də Qarabağda həyata keçirilən lokal antiterror tədbirləri isə erməni silahlı dəstələrinin tərk-silah edilməsi, kriminal xunta rejiminin fəaliyyətinə son qoyulması və dövlətimizin suverenliyinin onun bütün ərazisində bərpa olunması ilə nəticələndi. Hazırda Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının dirçəldilməsi və inkişafı, Zəngəzur dəhlizinin açılması istiqamətində görülən işlər, Naxçıvan Muxtar Respublikasının ölkəmizin digər bölgələri ilə quru əlaqəsinin təmin olunması sahəsində həyata keçirilən tədbirlər, muxtar respublikanın sosial-iqtisadi inkişafı ilə bağlı 2023-2027-ci illəri əhatə edən dövlət proqramının qəbul olunması müstəqil Azərbaycanın siyasi və iqtisadi qüdrətinin daha bir göstəricisidir.

Cənab İlham Əliyevin fəaliyyətinin əsasında real iş və əməl dayanır. O, Azərbaycan dövlətinin və xalqının maraqlarını ən ali məqsəd kimi görən, bütün qüvvəsini bu istiqamətdə səfərbər edən, xalqın birmənalı şəkildə dəstəklədiyi, etimad göstərdiyi və etibar etdiyi qalib liderdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi möhtərəm cənab İlham Əliyevi Prezident seçilməsinin 20-ci ildönümü münasibəti ilə təbrik edir, müstəqil və suveren Azərbaycanın tərəqqisi naminə ali dövlətçilik fəaliyyətində uğurlar arzulayır.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi ölkə Prezidenti cənab İlham Əliyevin uzaqgörən daxili və xarici siyasətini bundan sonra da daim dəstəkləyəcəyini bəyan edir.

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: