20 il bundan əvvəl Azərbaycan xalqının böyük etimad göstərdiyi İlham Əliyev prezident seçkilərində qalib gələrək Ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi siyasəti uğurla davam etdirməyə başladı. Müzəffər Ali Baş Komandan olaraq tarixə keçən Prezident İlham Əliyev ölkəmizin ərazi bütövlüyünü təmin etməklə düşmənlərə göz dağı verdi.
Prezident İlham Əliyevin oktyabrın 15-də Xankəndi şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaldarkən səsləndirdiyi fikirlər Azərbaycan Silahlı Qüvvələrinin hər bir mənsubuna göstərilən etimad və hörmətdən xəbər verir: “Ordumuzun gücləndirilməsi işində yorulmadan çalışdıq. Elə bir güclü ordu yaratdıq ki, bu gün Azərbaycan Silahlı Qüvvələri istənilən vəzifəni şərəflə yerinə yetirə bilər və biz bunu döyüş meydanında sübut etdik, həm üç il bundan əvvəl Vətən müharibəsi dövründə cəmi 44 gün ərzində düşməni kapitulyasiya aktına imza atmağa məcbur etdik, eyni zamanda, keçən ay cəmi 23 saat davam edən antiterror əməliyyatı bizim gücümüzü göstərdi və yenə də düşmən ağ bayraq qaldıraraq təslim oldu. Biz haqlı olaraq Silahlı Qüvvələrimizlə fəxr edirik”.
Ölkə başçısının Xankəndi şəhərinin mərkəzi meydanındakı çıxışı Azərbaycan xalqına və dostlarımıza qürur dolu anlar yaşatmaqla bərabər, həm də düşmənlərimizə bir daha revanşizmə qapılmamaq mesajı idi. Müzəffər Ali Baş Komandanımız çıxışında Ermənistana və onun havadarlarına bir daha səsləndi: “…mən nəyi demişəmsə, onu da etmişəm, bunu hər kəs bilir, o cümlədən Ermənistanda da bunu bilirlər və bunu unutmasınlar. Vətən müharibəsini unutmasınlar! Antiterror tədbirlərini unutmasınlar! Əgər yenə də Ermənistanda hansısa qüvvə revanş haqqında düşünürsə, bax, bu kadrlara yaxşı baxsın”.
Azərbaycan Prezidenti Fransanın hələ 1980-ci illərin sonundan Qarabağ münaqişəsinin alovlanmasındakı roluna da toxunaraq kənar qüvvələrin, xüsusilə də Fransanın bu gün Cənubi Qafqazda sülh üçün yaranan şəraitə kölgə salmağa çalışdığını da vurğuladı. Bölgədə sabitliyə nail olmağa çalışan Azərbaycanın mülki əhaliyə zərər yetirmədən, yalnız legitim hərbi hədəfləri zərərsizləşdirməklə qanunsuz xunta rejiminə son qoyması bu istiqamətdə atılan uğurlu addımdır. Gəl gör ki, hərbi müstəvidə yaranmış bu sabitliyə bəzi ölkələr və dairələr, ölkə başçısının dediyi kimi yenə də Fransa diplomatik müstəvidə zərər verəcək addımlar atır. Fransanın Ermənistanı silahlandırması, fransız rəsmilərin anti-Azərbaycan çıxışları, ermənilərin Azərbaycana qayıdışına dair BMT-nin Təhlükəsizlik Şurasında qətnamə qəbul edilməsi istiqamətində təşəbbüs irəli sürmələri bölgədə sülh istəməyən Fransanın çirkin diplomatik oyunlarını aydın şəkildə ortaya qoyur. Əlbəttə ki, məqsəd hərbi qarşıdurma və gərginlik fonunda bölgədə möhkəmlənməkdir.
Bu gün hansı münaqişə ocağına baxsaq, orada Qərbin ikili standartlarının, ikiüzlü siyasətinin, separatizmə dəstəyinin şahidi olarıq. Elə Cənubi Qafqazı qan gölünə çevirməyə çalışanlar da erməni lobbisinin rüşvəti ilə cibini dolduran Qərb və xüsusilə də fransız “rəsmiləri”dir. Amma onlar da unudurlar ki, bu gün bölgədə Azərbaycanın yaratdığı yeni reallıqlar hökm sürür. Bu reallıqlar da beynəlxalq sülhə öz töhfəsini verəcək. Çünki artıq Azərbaycan hərbi yolla müharibəni qazanaraq diplomatik yolla münaqişəni bitirib.
Nəriman Nəcəfov