20 İLİN UĞURLARI: SOSİAL-İQTİSADİ VƏ MƏDƏNİ İNKİŞAF

A- A A+

Ulu öndər Heydər Əliyev demişdir ki, vaxt gələcək Azərbaycan dünyaya günəş kimi  nur saçacaq. Bu gün Xankəndidə bayrağımızın dalğalanması, ərazi bütövlüyümüzün bərqərar olması, təmin edilməsi o günün gəlib çatdığını, bu müdrik kəlamın həqiqət olduğunu,tam şəkildə reallaşdığını bir daha təsdiq  etdi.

Ümummilli lider müstəqil Azərbaycanın qurucusu olmaqla bərabər, banisi olduğu  dövlətçilik irsinin əbədiyaşarlığını təmin edən, ölkəmizi dünyada  lider dövlətə çevirən, dövlət müstəqilliyini qoruyub möhkəmləndirən  qüdrətli varis də yetişdirib.  Bu varisin – İlham Əliyevin 20 illik siyasi fəaliyyətinin bütün istiqamətləri özünəməxsusluğu ilə seçilir. İlham Əliyev 20 ildir ki, Qafqaz regionunun ən qüdrətli dövləti olan Azərbaycan Respublikasına uğurla rəhbərlik edir.

        Onu da qeyd edək ki, Ümummilli Liderin hakimiyyət irsini və siyasi kursunu ləyaqətlə davam etdirəcək yeganə şəxs ancaq Onun ən yaxın silahdaşı və ən istedadlı yetirməsi İlham Əliyev ola bilərdi. Çünki cənab İlham Əliyev XX əsrin 90-cı illərinin ortalarından başlayaraq yeni tipli siyasi lider olaraq kifayət qədər böyük siyasi nüfuz qazanmış, ilk növbədə yeni tipli siyasi xadim kimi bir sıra uğurlara imza atmışdı. Ümummilli Liderin ən layiqli varisi cənab İlham Əliyev yaxşı təhsil almış, xarici dillərdə sərbəst danışmağı və müxtəlif, xüsusən beynəlxalq səviyyəli siyasi və dövlət xadimləri ilə təmas qurmağı  dərindən mənimsəmiş, dünyanın müasir düşüncə texnologiyalarına yiyələnmişdi. Dövlətimizin dünyaşöhrətli rəhbərinin qısa tərcümeyi-halı da bu fikri təsdiq edir: İlham Əliyev 1994-2003-cü illərdə Azərbaycan Dövlət Neft Şirkətinin əvvəlcə vitse- prezidenti, sonra Birinci vitse-prezidenti olmuş, gənc kadr kimi özünü təsdiq etmiş,diqqəti çəkmiş, öz layiqli fəaliyyəti ilə ölkəmizin iqtisadi dirçəlişində mühüm rol oynamışdır. O, Ulu Öndərin neft strategiyasının gerçəkləşməsində fəal iştirak edərək “Əsrin müqaviləsi”nin həyata keçirilməsində müstəsna xidmətlər göstərmişdir. İlham Əliyevin iki dəfə (1995 və 2000-ci illərdə) Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilməsi onun siyasi fəaliyyət dairəsini daha da genişləndirmişdi.      2003-cü il avqustun 4-də İlham Əliyev Azərbaycan Respublikasının Baş naziri təyin olundu. Bu vəzifədə az müddət ərzində işləsə də, qəbul etdiyi qərarlarla, həyata keçirməyə başladığı işlərlə ölkəyə rəhbərlik etmək bacarığına və səriştəsinə malik olduğunu bir daha sübut etdi. Ona görə də Ulu Öndər Heydər Əliyev xalqa müraciətində 2003-cü ilin prezident seçkilərində  siyasi varisi olan İlham Əliyevi dəstəkləməyə çağırdı. İlham Əliyevin 20 il əvvəl – 2003-cü il 15 oktyabr ilk prezident seçkilərində uğur qazanaraq prezidentlik fəaliyyətinə başlaması xalqımızın Heydər Əliyev ideyalarına verdiyi dəyərin, bu siyasətə dəstəyinin aydın ifadəsi idi.

        Prezident İlham Əliyev, prezidentlik fəaliyyətində həmişə xalqla bir olmuş, xalqın inam və etimadını qazanmışdır. Cənab İlham Əliyevin 2008-ci il prezident seçkilərindən də qalib çıxmasını şərtləndirən əsas amil onun daim xalqın yanında olması, xalqının isə onu alternativsiz etimad ünvanı kimi görməsi idi. Sonrakı seçkilərdə  də o, 86 faiz səs toplamaqla ölkə vətəndaşlarının yeganə inam mənbəyi olduğunu bir daha təsdiq etdi. Xalqımızın dəstəyini hər zaman yüksək dəyərləndirən Prezident İlham Əliyevin aşağıdakı fikirləri də bunu bir daha təsdiq edir: “Mən həmişə Azərbaycanxalqının dəstəyini hiss etmişəm və hiss edirəm. Bu dəstək mənə güc verir. Mən bu dəstəyə arxalanıram və xalqı bir daha əmin etmək istəyirəm ki, bundan sonra da xalqa və Vətənə ləyaqətlə xidmət edəcəyəm...”

         Cənab İlham Əliyev hakimiyyətdə olduğu dövrdə Heydər Əliyevin xilaskarlıq, quruculuq və liderlik missiyasını əsas götürərək bunları uğurla davam etdirmişdir. Bu səbəbdən də Azərbaycan xalqı təhlükəsizlik, sabitlik şəraitində yaşayır, ölkəmiz hərtərəfli səviyyədə inkişaf edir. Cənab İlham Əliyevin Azərbaycanaəsrə bərabər 20 illik rəhbərliyi dövründə ölkəmizin siması əsaslı şəkildə dəyişmiş, xalqımızın maddi-rifah halı yaxşılaşmışdır.

          Dövlət başçısının 24 noyabr 2003-cü il tarixli “Azərbaycan Respublikasında sosial-iqtisadi inkişafın sürətləndirilməsi tədbirləri haqqında”kı  Fərmanı ölkə iqtisadiyyatında mütərəqqi inkişaf meyillərinə böyük təkan vermişdir. Ölkə rəhbəri cənab İlham Əliyevin 11 fevral 2004-cü il tarixdə təsdiqlədiyi “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı (2004-2008-ci illər) Dövlət Proqramı” isə Azərbaycan regionlarının tarazlı və davamlı inkişafına, sosial infrastrukturun yenidən qurulmasına səbəb olmuşdur. Bu 4 Dövlət proqramı çərçivəsində atılmış ardıcıl addımlar uzun illər regionların sosial-iqtisadi tərəqqisinə mane olan köklü problemləri aradan qaldırmış, yerlərdə infrastrukturun yeniləşdirilməsinə maddi zəmin yaratmışdır. Regional inkişaf proqramlarının əsas məqsədi isə bu sahədə həyata keçirilən siyasətin davamı olaraq ölkədə qeyri-neft sektorunun inkişafının sürətləndirilməsinə, tarazlı regional və davamlı sosial-iqtisadi inkişafa, əhalinin həyat səviyyəsinin daha da yaxşılaşdırılmasına nail olmaqdır. Bu proqramların icrası sayəsində respublikada çoxsaylı yeni müəssisələr istifadəyə verilmiş, yollar çəkilmiş, “Asan” xidmət, “Dost” xidməti təşkil olunmuş, sosial obyektlər xalqın istifadəsinə verilmişdir.

       Prezident  İlham Əliyev Ulu Öndərin müəllifi olduğu yeni neft strategiyasını da uğurla davam etdirmişdir. Strateji neft və qaz kəmərlərinin inşasının başa çatdırılması ilə ölkə rəhbəri Azərbaycanın

bölgədəki lider mövqeyini daha da möhkəmləndirmiş, regionun digər

dövlətlərindən fərqli olaraq müstəqil xarici və iqtisadi siyasət yeritdiyini bütün dünyaya sübut etmişdir.

          Ölkə başçısının mütəmadi olaraq regionlara səfəri sürətli inkişafa səbəb olur, şəhər və rayonların sosial-iqtisadi inkişafı üçün əlavə maliyyə dəstəyi göstərilir. Nəticədə, regionların sosial-iqtisadi inkişafı sürətlə irəli gedir, xalqın rifahı naminə ardıcıl və sistemli tədbirlər görülür. Akademik İsmayıl Hacıyevin göstərdiyi kimi, son 20 ildə Azərbaycan iqtisadiyyatı 3,2 dəfə, qeyri-neft sektoru 2,8 dəfə, sənaye istehsalı 2,6 dəfə, kənd təsərrüfatı 1,7 dəfə, qeyri-neft ixracı 4,1 dəfə artmışdır. Ümumi daxili məhsulun həcmi, təqribən 80 milyard manata çatmışdır. Dövlət büdcəsi1,2 milyard manatdan 36 milyarda yüksəlmişdir. Ötən illərdə ölkə iqtisadiyyatına 275 milyard dollardan artıq investisiya qoyulmuş, Azərbaycanın valyuta ehtiyatları 1,8 milyard dollardan 60 milyard dollar həddinə çatmışdır. 2022-ci ildə gerçəkləşdirilən əsaslı sosial siyasət sahəsində çox böyük dəyişikliklər baş vermişdir. Sosial islahat paketləri 4,2 milyon nəfəri əhatə etmiş, minimum əməkhaqqı  345 manata çatmış, pensiya və müavinətlər əhəmiyyətli dərəcədə artmışdır.

          Ölkəmizin dayanıqlı inkişafı, əhalinin normal və yaxşı yaşayışı üçün nə lazımdırsa edilir.Bunlar isə ölkə Prezidentinə respublika əhalisinin inam və sevgisini, hörmət və dəstəyini qazandırmışdır. “Azərbaycanda yoxsul adam olmamalıdır” prinsipi Prezident  İlham Əliyevin fəaliyyətində önəmli yer tutur və bu istiqamətdə əhəmiyyətli addımlar atılır. Prezident  İlham Əliyev XXI əsrin başlanğıcından bütün sahələrdə daha böyük inkişafa nail olmuş və Azərbaycan müstəqil dövlət kimi bölgədə və dünyada layiqli yerini tutmuş, regional liderliyini təmin etmişdir. Bu gün bizim güclü iqtisadiyyatımız, düşünülmüş inkişaf strategiyamız və ən əsası isə dünyada tanınan  və nüfuz sahibi olan İlham Əliyev kimi liderimiz vardır.

       Bu gün dövlət başçısı İlham Əliyevin  rəhbərliyi ilə Azərbaycanın müasir tarixinin şanlı səhifələri yazılır. Xalq-iqtidar  birliyinin yaranması,  xalqın prezident ətrafında  yumruq kimi birləşməsi bütün çətinliklərin  öhdəsindən  gəlinməsini şərtləndirdi. Ölkə başçısının həyata keçirdiyi tədbirlər nəticəsində Azərbayanda söz, fikir azadlığı, güclü iqtisadiyyat, güclü ordu, əhalinin  sosial rifahının  yaxşılaşdırılması kimi mühüm məsələlər öz həllini tapıb.

      Tədqiqat göstərir ki, 2003-cü ildən başlayaraq Azərbaycanın hərtərəfli sürətli inkişafı, uğurları və davamlı yüksəlişi məhz cənab Prezidentin adı ilə bağlıdır. O, məhz Azərbaycan xalqının milli mənafeyindən irəli gələn müstəqil siyasət yürüdür. 2004-cü ildə Prezident cənab İlham Əliyevin bəyan etdiyi strateji hədəflər, qarşıya qoyduğu vəzifələr reallığa çevrilmişdir. Təsadüfi deyil ki, Azərbaycan artıq 2009-cu ildə iqtisadi keçid dövrünü başa çatdıraraq hazırda dünyanın müasir və inkişaf etmiş ölkələri ilə bir sırada dayanmışdır. Son illərdə Azərbaycan iqtisadiyyatını şaxələndirməyə, ümumi daxili məhsulu 3,6 dəfə artırmağa və qeyri-neft sektorunu bir neçə dəfə yüksəltməyə nail olunmuşdur. Bu gün Cənubi Qafqaz iqtisadiyyatının, təxminən, 75-80 faizi Azərbaycanın payına düşür.

       Azərbaycan 20 ilə yaxındır ki, Dünya Bankının bütün hesabatlarında islahatçı ölkə kimi mövqeyini möhkəmləndirib, inkişaf modeli dünyaya nümunə göstərilib. Bu, ilk növbədə, cənab İlham Əliyevin yenilikçi, təkmil islahatlara meyilli olmasından irəli gəlir. İslahatların mərkəzində isə Azərbaycan vətəndaşı, onun qayğıları dayanır. Həyatın bütün sahələrini əhatə edən, dünyada maraqla qarşılanan islahatların təşəbbüskarı ölkə Prezidentidir.

        Qeyd edək ki, böyük nailiyyətlərin əldə olunduğu 20 il ərzində ölkəmizdə beynəlxalq səviyyəli, müxtəlif xarakterli tədbirlər ən yüksək səviyyədə həyata keçirilib.  BMT-nin İnternet İdarəçilik Forumu, Davos İqtisadi Forumu, I Avropa Oyunları, Beynəlxalq Humanitar Forum, İqtisadi Əməkdaşlıq Təşkilatının Zirvə Toplantısı, Dünya dini liderlərinin beynəlxalq tədbiri və onlarla digər mühüm beynəlxalq tədbirlərə ev sahibliyi edən ölkəmiz həm də sosial, iqtisadi, mədəni-humanitar və digər sahələrdə qlobal məsələlərin müzakirə edildiyi əlverişli məkana çevrilmişdir. Azərbaycanda kosmik sənayenin yaradılması inkişafımızın zirvəsi olmaqla uğurlarımızın, nailiyyətlərimizin miqyasını təcəssüm etdirir. Prezident  İlham Əliyevin qeyd etdiyi kimi, inkişafımızın əsasında düşünülmüş siyasət, liberal islahatlar, dövlətin həyata keçirdiyi siyasətin xalq tərəfindən dəstəklənməsi, güclü hakimiyyət və sabitlik amilləri dayanır. İqtisadçı alimlər müstəqil Azərbaycanın cənab İlham Əliyev mərhələsini hərtərəfli inkişaf dövrü kimi səciyyələndirirlər.

          Ölkə prezidentinin 2008-ci ildən ideya müəllifi olduğu multikulturalizm siyasəti Azərbaycanda gedən müsbət yönlü mədəni proseslərin əyani götəricisi kimi diqqəti cəlb edir.Məhz multikulturalizm siyasəti sayəsində  ölkədə azsaylı xalqların mədəni hüquqlarının həyata keçirilməsi üçün hər cür şərait yaradılmışdır.

       Ölkəmizin dayanıqlı inkişafı, əhalinin normal və yaxşı yaşayışı üçün dövlət nə lazımdırsa edir. Bunlar isə ölkə Prezidentinə respublika əhalisinin inam və sevgisini, hörmət və dəstəyini qazandırmışdır. Respublikamızın tarixə qızıl hərflərlə yazılan 20 illik inkişafı təhlil ediləndə onun hərtərəfli inkişafı göz önünə gəlir. İlham Əliyevin başqa sahələrlə yanaşı, elm, təhsil və mədəniyyətimizin inkişafı istiqamətində həyata keçirdiyi siyasət Ulu Öndərin formalaşdırdığı ənənələrin uğurlu davamıdır. Bu sahələrdə qazanılmış nailiyyətlər möhkəmləndirilmiş, onların inkişafına diqqət və qayğı artırılmışdır. Təsadüfi deyildir ki, ölkə Prezidenti respublikanın zəngin iqtisadi potensialının insan kapitalı ilə əvəzlənməsini son dərəcə vacib sayaraq demişdir: “İqtisadi inkişaf sürətinə görə Azərbaycan qabaqcıl ölkələrsırasındadır. Biz bu maddi dəyərləri, iqtisadi potensialımızı insan kapitalına çevirməliyik,çünki insanın savadı, biliyi onun gələcək həyatını müəyyən edir, ölkənin hərtərəfli inkişafına xidmət edir və beləliklə, ölkənin intellektual potensialı da möhkəmlənir”.

        Prezident  İlham Əliyevin özünəməxsus liderlik keyfiyyətləri, siyasi prosesləri yönəltmək məharəti, nəyi nə vaxt və necə etmək bacarığı, cəmiyyətin maraq və mənafelərini ümumi bir nöqtədə birləşdirmək qabiliyyəti ona imkan vermişdir ki, qarşıya qoyulan vəzifələrə nail olunsun. Bu keyfiyyətlər cənab İlham Əliyevi yeni əsrin yeni lideri səviyyəsinə yüksəltmişdir. O, postsovet məkanında tamamilə yeni tipli siyasi liderin nümunəsinə çevrilmişdir.

       Cənab İlham Əliyev xalqın güvəndiyi şəxsiyyətdir.    O, praqmatik, peşəkar siyasətçi olaraq əməli addımları ilə hər bir fərdin maraq və mənfəətlərinin qorunmasına dövlət təminatının olduğunu praktik surətdə nümayiş etdirir. O, dövlətçilik, böyük siyasət və idarəetmə baxımından əsl liderə məxsus xüsusiyyətləri kompleks şəkildə özündə təcəssüm etdirir. Yüksək dövlətçilik istedadı, əsl liderlik qabiliyyəti, aydın siyasəti, zəngin idarəetmə təcrübəsi prezidentimizə böyük nüfuz qazandırmışdır(akademik İsmayıl Hacıyev).

        Prezident  İlham Əliyev möhtəşəm 20 il ərzində   Ümummilli Lider Heydər Əliyevin dövlətçilik irsini inkişaf etdirərək yeni, müasir, demokratik və hüquqi Azərbaycan dövlətini qurdu. Dövlət başçısının bütün çıxışlarının mahiyyətində dayanan “Azərbaycan heç vaxt indiki qədər güclü olmayıb. Biz öz taleyimizin sahibiyik, biz müstəqil ölkəyik, biz azad xalqıq, biz dünya miqyasında öz layiqli yerimizi tutmuşuq və bundan sonra da müstəqillik yolu ilə, inkişaf yolu ilə gedəcəyik” tezisi dünənimizə və işıqlı gələcəyimizə dünyaşöhrətli liderimizin qəti və inamlı baxışıdır.

               Beləliklə, Cənab İlham Əliyev ilk prezident seçilməsindən keçən şanlı 20 il ərzində dövlətçiliyimiz tarixində layiqli varis, görkəmli dövlət xadimi, beynəlxalq miqyasda tanınmış təcrübəli siyasi xadim olduğunu bütün parametrlər üzrə sübut etmişdir.

 

ƏBÜLFƏZ QULİYEV

AMEA-nın müxbir üzvü

AMEA Naxçıvan Bölməsi İncəsənət,Dil və Ədəbiyyat İnstitutunun baş direktoru

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: