Rafael Hüseynov: Ermənistanın təcavüzü nəticəsində torpaqlarla yanaşı, qeyri-maddi mədəni irsi yaşadan mühit də qəsb edilib
Parisdə Avropa Şurası Parlament Assambleyasının (AŞPA) mədəniyyət, elm, təhsil və media komitəsinin iclasında mədəni irs və onun qorunmasının müxtəlif problemlərindən sonra Avropada hərbi münaqişələrdən danışılıb. Bildirilib ki, qitənin ayrı-ayrı bölgələrində cərəyan etmiş və davam etməkdə olan hərbi qarşıdurma və müharibələr həyatın müxtəlif sahələri ilə yanaşı, mədəni sərvətlərə də böyük zərər vurub.
NUHÇIXAN xəbər verir ki, komitə iclasında belçikalı deputat Andres Qrifroyun hazırladığı və 2019-cu ilin martında AŞPA Daimi Komitəsinin iclasında təqdim ediləcək “Avropada qeyri-maddi mədəni irsin dəyərləndirilməsi və qorunması” adlı məruzə ətrafında geniş fikir mübadiləsi aparılıb.
Müzakirələrə qatılan komitənin üzvü Rafael Hüseynov Azərbaycanın qeyri-maddi mədəni irsin qorunması sahəsində uğurlu fəaliyyətindən, UNESCO ilə bu sahədə sıx əməkdaşlığından bəhs edib.
“Qeyri-maddi mədəni irs hər bir xalqın milli dili kimidir. Bu sərvətlər xalqın əsl təkrarsız siması, mənəvi zənginliyidir. Hazırda Azərbaycanın UNESCO-da rəsmən qeydiyyatdan keçmiş 11 qeyri-maddi mədəni irs nümunəsi var. Daha ikisi qeydəalınma prosesindədir və ehtiyat siyahıda daha üç nümunə gözləməkdədir. Azərbaycanın bu qəbildən olan, yəqin ki, gələcəkdə rəsmi qeydiyyata düşəcək onlarla başqa qiymətli qeyri-maddi irs nümunələri mövcuddur. Azərbaycan müstəqilliyini bərpa edəndən bir il sonra - 1992-ci ildə UNESCO-ya üzv olsa da, birbaşa sıx əlaqələri hələ 1996-cı ildən başlayıb. Azərbaycanla UNESCO arasında əməkdaşlıq haqqında memorandum imzalanıb. Tarixi baxımdan çox da böyük olmayan müddətdə yalnız bir istiqamət üzrə bu qədər mədəni irs nümunəsinin rəsmi qeydiyyata düşməsi, təbii ki, sıx əməkdaşlığın nəticəsidir”, - deyə R.Hüseynov bildirib.
Azərbaycanlı deputat hazırlanmış məruzədə Avropadakı qeyri-maddi irs nümunələrinin ümumi mənzərəsinin yaradılmasını qənaətbəxş hesab etsə də, hərbi münaqişələr nəticəsində mədəni irsə vurulan zərbələrdən bəhs edilməməsini ciddi qüsur saydığını vurğulayıb. Qeyd edib ki, dünyanın ən müxtəlif guşələrində, eləcə də Avropada sonu görünməyən hərbi münaqişələr, qarşıdurmalar davam edir. Qaçqınların, öz daimi yaşayış yerini itirən insanların sayı durmadan artır. 300 mindən artıq azərbaycanlı artıq 30 ildir Ermənistan ərazisindəki tarixi-etnik torpaqlarından, 700 min azərbaycanlı ermənilər və onlara dəstək olan xarici qüvvələr tərəfindən işğal edilmiş 20 faiz Azərbaycan torpağındakı daimi yurdlarından didərgin salınıb. Bu gün Avropada da yüz minlərlə insan öz doğma yurdlarından didərgin salınıb: “İnsan öz doğulub böyüdüyü mühitdən uzun illər ayrı düşəndə onun ənənələri, milli-mədəni dəyərləri, qeyri-maddi irsinin misilsiz nümunələri tədricən eroziyaya uğrayır, dağılır, məhv olur. Münaqişələr nəticəsində vətənini, doğma yerlərini itirən insanlar çətin də olsa yaşamaqda davam edirlər. Amma müxtəlif yerlərdə sığınacaq tapmağa məcbur olduqları üçün bir-biriləri ilə daimi təmasları qırılır. Bu minvalla tədricən ortaq mühitdə, onların daimi sıx ünsiyyətdə yaşaya bilən qeyri-maddi mədəni irs nümunələri də tədricən yoxa çıxır. Yaşamaq haqqı olan belə inciləri qorumaq isə hər birimizin vəzifəsi, insanlıq borcudur. İtən, zədələnən sərvətlər onu hansı xalqın yaratmağından asılı olmayaraq hamımızındır, Avropanındır, dünyanındır”.
R.Hüseynov UNESCO-nu münaqişələr nəticəsində zədələnmək, itmək, yox olmaq təhlükəsi ilə üzləşən qeyri-maddi mədəni irs nümunələrinin qeydə alınması, mühafizəsi, bərpası və inkişafı istiqamətində fəaliyyətlərini daha da gücləndirməyə çağırıb. AŞPA-dakı nümayəndə heyətimizin üzvü Azərbaycanda, eləcə də digər Avropa ölkələrində hərbi münaqişələr nəticəsində qeyri-maddi mədəni irsin məhv olması təhlükələrinin və onlara dəyən zərbələrin məruzədə əks etdirilməsinin vacibliyini qeyd edib.
Məruzəçi bununla bağlı başqa bir müstəqil məruzənin hazırlanmasının lazım olduğunu bildirsə də, Rafael Hüseynov bu izahı yetərli saymayıb. “Əlbəttə, bu elə həssas və əhəmiyyətli məsələdir ki, haqqında bir yox, bir neçə müstəqil məruzə də hazırlamaq olar, həm də lazımdır. Lakin bu məruzə bilavasitə qeyri-maddi irsin qorunması probleminə həsr edilibsə və burada işğala uğramış Azərbaycanın, eləcə də oxşar fəlakətləri yaşayan digər Avropa xalqlarının qeyri-maddi mədəni irsinə dəyən real ziyanlardan bircə cümlə belə yoxdursa, bu mövqe ilə razılaşmaq mümkünsüzdür. Ona görə də mətndəki həmin ciddi qüsur hökmən aradan qaldırılmalıdır”, - deyə R.Hüseynov bildirib.
Avstriyalı deputat S.Şennax və digərləri çıxış edərək Azərbaycan təmsilçisinin fikirlərini dəstəkləyib, bu iradın nəzərə alınmasının zəruriliyini söyləyiblər.