“Zəngəzur dəhlizi həqiqətən Qarabağ zəfərinin, əslində Azərbaycanın ən önəmli nəticələrindən biridir. Buna görə də bunun Naxçıvanda edilməsinin daha böyük bir əhəmiyyəti olduğunu düşünürəm. Mən tək Naxçıvana deyil, İğdıra da ilk dəfə gəldim. Buna görə də, həqiqən bu bölgənin nə qədər zəngin, münbit, insanlarının enerjisininin yüksək olduğunu gördüm. Bu gördüklərim həm burada yaşayan vətəndaşlarımız baxımından çox önəmli olacaq, həm də həqiqətən türk dünyasına, dünyaya nəfəs vermiş olacağıq”.
NUHÇIXAN xəbər verir ki, bu sözləri Naxçıvanda keçirilən “Bir millət, iki dövlət” forumundan sonra jurnalistlərə açıqlamasında Türkiyə AK Partiyası Ankara millət vəkili Zeyneb Yıldız deyib. O bildirib ki, forumda danışan natiqlər Türkiyə Cümhuriyyətinin 100-cü ildönümündən də bəhs ediblər:
“Cümhuriyyətin 100-cü ili həm də Azərbaycanın qurucusu, mərhum Heydər Əliyevin anadan olmasının 100-cü ili ilə eyni təqvimə təsadüf edir. Bu, həqiqətən həm tarixi, həm keçirildiyi yer, həm də adı ilə çox güclü bir məna daşıyır. Formun adı “Bir millət, iki dövlət”dir. Həqiqətən mən buradakı bir millət olma vurğusunun çox önəmli olduğunu düşünürəm. Yəni burada bir millət kimi hərəkət etməyimizin bizə necə müsbət nəticələr gətirdiyini Qarabağ zəfərində gördük. O dövrdə Prezidentimiz Rəcəp Tayyip Ərdoğan açıq danışdı və dedi ki, Azərbaycan necə istəyirsə, o formada yanında olacağıq. Diplomatik danışıqlarda da Azərbaycan və Türkiyə qardaşlığı özünü bir daha göstərdi. Həqiqətən bu bir qardaşlıq nişanəsidir, bu qardaşlıq hüququnun, bir millət ola bilməyin gerçəkliyində biz bu gün buradayıq. Bir sıra məsələlər barəsində danışıqlar oldu və ən əsası Zəngəzur dəhlizinin açılması istiqamətində müzakirələr apardıq”.