İTAR-TASS agentliyinin sabiq baş direktoru Vitali İqnatenko Azərbaycanın ümummilli lideri Heydər Əliyevin insanlara olan sevgisini, səmimiliyini və özünə qarşı xeyirxahlığı qiymətləndirmək qabiliyyətini yüksək dəyərləndirib. NUHÇIXAN xəbər verir ki, o, dahi şəxsiyyətlə bağlı düşüncələrini “Moskva-Bakı” portalına danışıb.
-Heydər Əliyev zamanın fövqündə duran şəxsiyyətdir. Onu xatırladıqda, böyük xoşbəxtlik hissi keçirirsən ki, haçansa sənə bu dahi şəxsiyyətin yanında olmaq səadəti nəsib olub. Şəxsiyyətinin miqyası çox nəhəng olan Heydər Əliyev özünün yüksək mədəniyyəti, cazibəsi, güclü iradəsi, geniş intellekti sayəsində çox şeyə qadir idi. Heydər Əliyev Azərbaycan xalqının taleyüklü məsələləri ilə bağlı çox mühüm işlər görüb. Hər bir insanın taleyinə töhfə vermiş bu dahi şəxsiyyətin xatirəsi ildən-ilə yeni keyfiyyətlərlə zənginləşərək, daim yaşayacaq.
Digər tərəfdən, biz hamımız onun necə gözəl ata, baba, ömür-gün yoldaşı, silahdaşları üçün dost və yoldaş olduğunu xatırlamalıyıq. Düşünürəm ki, onun bu keyfiyyətləri hər zaman yaddaşlarda qalacaq. Heydər Əliyev ətrafdakılar üçün çox dərin düşüncəyə malik və əhəmiyyətli bir insan idi. O, gələcək nəsillərə çox vacib miras qoyub. Heydər Əliyevi əvəz edən nəslin nümayəndələri onun şəxsiyyətinin miqyasının böyüklüyünü daim nəzərdən keçirməli, öyrənməli və lazımınca qiymətləndirməlidir.
Yolunun onunla kəsişdiyi ən xoşbəxt insanlardan biri də mənəm. Əlbəttə, həyatda qismətimiz olan xidməti mövqe, vəzifə baxımından mən onun yanında deyildim. Lakin biz bir neçə dəfə görüşmüşük. Bu görüşlər məndə və ailə üzvlərimdə böyük təəssüratlar doğurub.
Prezident Administrasiyasında işlədiyim vaxt mənə yay mövsümü üçün xidməti bağ evi təklif etdilər. Böyük, gözəl və rahat bağ evi idi. Mən ona baxdıqdan və ən kiçik detalları nəzərdən keçirdikdən sonra elə təəssürat yarandı ki, sanki bağ evinin sahibi harasa çıxıb və indi qayıdacaq. Mən burada kimin yaşadığını soruşdum. Cavab verdilər: “Əliyev. O, indi xəstəxanadadır və bu bağ evinə qayıtmayacaq”. Doğrusu, mən bundan çox pis oldum. Nəticə olaraq, mən bağ evindən imtina etdim. Məni gözləməyə məcbur etdilər və uzun müddət heç nə vermədilər...İllər ötdü, mən bu hadisəni unutdum. Bağ evinin xidmətçilərindən biri bu əhvalatı Heydər Əliyevə danışıb. Uzun illər sonra Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti oldu. Biz qəbulların birində görüşdük və o, həmin hadisəni mənim jurnalist həmkarlarıma danışdı. Onun bu əhvalatı xatırlaması məni çox mütəəssir etdi!
...İnsanı həmişə kiçik detalların prizmasından qiymətləndirmişəm. Bu, onun çox yüksək vəzifə daşıdığı vaxt daha da mühümdür. Belə ki, onda insanlara sevgi hissi, səmimilik və hər zaman köməyə çatmaq kimi keyfiyyətlər üzə çıxır. Əgər bütün bunlar mövcuddursa, onda başa düşürsən ki, qarşındakı böyük şəxsiyyətdir. Onda heç bir zaman “başgicəllənmə” olmayacaq və bütün vəziyyətlərdə insani keyfiyyətləri ön planda tutacaq, böyük işlər haqqında düşünəcək və onları həyata keçirəcək. Fikirləşirəm ki, bütün bunlar sonradan kollektivə, şəhərə və ölkəyə sirayət edir. Son nəticədə isə ona gətirib çıxarır ki, ölkənin daxilində və ətrafında tamamilə fərqli mühit yaranır. Yalnız qeyri-adi taleyə və zəngin daxili mədəniyyətə malik olan şəxsiyyət bunu etməyə qadirdir.
Heydər Əliyev mənim üçün məhz bu cür şəxsiyyət idi.