“Heydər Əliyev Azərbaycanın Övladıdır. Bu barədə əlavə heç nə deməmək də olar... Bununla hər şey deyilib. O, öz xalqının Övladıdır. Heydər Əliyev mənimlə söhbətində həmişə Azərbaycan barədə danışırdı. O, özünü ölkəsindən kənarda təsəvvür etmirdi”.
Ukraynanın birinci prezidenti Leonid Kravçuk bu sözləri “Moskva-Bakı” portalına müsahibəsində söyləyib.
NUHÇIXAN xəbər verir ki, L.Kravçuk Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev haqqında xatirələrini bölüşüb. O deyib:
-Heydər Əliyevi ilk dəfə Sov. İKP qurultayında gördüm. O, çıxış edirdi, mən isə zalda onu dinləyirdim. Heydər Əliyev çox parlaq, emosional çıxış edir, şərqlilərə xas olan müqayisələr aparırdı. Onda həmkarlarımdan soruşdum: “Heydər Əliyev əvvəllər harada işləyib?” Mənə dedilər ki, təhlükəsizlik xidmətində çalışıb. Mən heyrətləndim, çünki DTK-da işləyən adamlar, bir qayda olaraq, parlaq natiqlər deyildi, onlar şəxsiyyətləri ilə seçilməyən, kölgədə işləməyə vərdiş etmiş adamlar olur. İndi isə bu adam belə bir səhnəyə, qurultayın tribunasına çıxıb, zal adamla doludur (bu hadisə Qurultaylar Sarayında olmuşdu), zal onu dinləyirdi. Zalda 4 min adam olanda auditoriyanı ələ almaq çox çətindir. Sənin qarşında 20 nəfər olanda onların hamısını görürsən, 4 min nəfəri görmək isə çətindir. Amma Heydər Əliyev bunu bacardı. Heydər Əliyev mənim yaddaşımda ilk dəfə bu epizodla qaldı.
Daha bir məqam. L.İ.Brejnev Bakıya gəlmişdi. Onu necə qarşıladıqlarını televizorda müşahidə edirdim. Leonid İliçi bütün Bakı qarşılayırdı. Demək olar ki, bütün evlərin balkonlarında xalçalar asılmışdı. Bu cür qarşılamanı, bu qədər xalçanı görəndə dərhal bunlar diqqətimi cəlb etdi. Mən həmkarlarımdan soruşdum: “Sov. İKP MK-nın baş katibini bu cür fəal, belə emosional şəkildə və səmimi qarşılayırlar...” Mənə cavab verdilər: “Bizdə ənənə belədir, ali qonaq gələndə onu dəbdəbə ilə, qəşəng, kütləvi şəkildə qarşılayırıq”. Maraqlandım: “İndi sizdə bu cür ənənələri kim davam etdirir?”. “Əliyev”, - deyə cavab verdilər.
Heydər Əliyevlə şəxsən görüşənə qədər bu iki məqam yaddaşıma həkk olundu və məndə onun haqqında təsəvvür yarandı. Ümumiyyətlə, mənim fikrim qeyri-standart idi, çünki bu insan özü qeyri-standart idi...
Daha bir epizod. Bu hadisə Moskvada, MDB dövlət başçılarının iclasında olub. İclası Boris Nikolayeviç Yeltsin aparırdı. İclas zamanı Heydər Əliyev ona müraciətlə bəzi məsələlərin həllində Azərbaycana kömək göstərilməsini xahiş etdi. Hafizəm məni aldatmırsa, Heydər Əliyev, o cümlədən, ərzaq məsələsində kömək istədi, habelə MDB-nin ümumi məkanının qorunması üçün şərait yaradılması məsələsini qaldırdı. Heydər Əliyevin bu təklifinin cavabında Yeltsin dedi ki, biz bu suala dərhal cavab verməyə hələ hazır deyilik, çünki bütün bunlar Rusiyaya həvalə olunacaq, Rusiya isə hələ buna hazır deyil. Onda mən Heydər Əliyevi şəxsən dəstəkləməyi qərara aldım və dedim: “Boris Nikolayeviç, Əliyev məsələni düzgün qoyur. Ukraynada da bu məsələlər var. Bu məsələni qaldırdığına görə biz ona sadəcə təşəkkür etməli və məsələni həll etməyə başlamalıyıq”. Yeltsin cavab verdi: “Yaxşı, əgər Ukrayna bunu belə dəstəkləyirsə, qoy olsun”. Sonra fasilədə Əliyevlə görüşdüm. Onu dəstəklədiyimə görə mənə təşəkkürünü bildirdi, mən isə izah etdim ki, o, məsələni düzgün qoyub, buna görə mənim onu dəstəkləməyim təbiidir.
Heydər Əliyev Azərbaycanın Övladıdır. Bu barədə əlavə heç nə deməmək də olar... Bununla hər şey deyilib. O, öz xalqının Övladıdır. Heydər Əliyev mənimlə söhbətində həmişə Azərbaycan barədə danışırdı. O, özünü ölkəsindən kənarda təsəvvür etmirdi.
Məndə olan məlumata görə, Heydər Əliyevin SSRİ Nazirlər Sovetinin sədri vəzifəsinə namizədliyi təklif olunmuşdu. Əliyevin Sov. İKP MK-nın baş katibi vəzifəsinə namizədliyinin təklif olunması məsələsinə gəldikdə isə, mənim belə məlumatım olmayıb. Baş nazir təyinatı barədə Ukrayna ilə söhbət olmuşdu, belə müzakirələr gedirdi ki, bu vəzifəyə Şerbitski namizəd ola bilər. Ola bilsin, Şerbitskinin namizədliyini bilirdim, çünki bu söhbətin birbaşa Ukraynaya aidiyyəti vardı və belə məlumat tez bir vaxtda mənim əlimə keçirdi.
Əgər Heydər Əliyev Sovet İttifaqına başçılıq etsəydi, nəyinsə başqa cür olub-olmayacağı barədə indi danışmaq çətindir. Niyəsini deyim. Partiyada (Sov. İKP-də), xüsusən Rusiyada kadr məsələləri çox mürəkkəb şəkildə həll edilir. Müttəfiq respublikadan olan adamın ümumittifaq vəzifəsinə irəli çəkilməsi heç də asan olmur. Onlar partiyanın, Sovetin birinci vəzifələrinə, Ali Sovetin Rəyasət Heyətinə çox nadir hallarda irəli sürülürdü. İkinci, üçüncü rollara ola bilərdi, amma birinci vəzifələrə irəli sürülmək çox-çox çətin idi. Hətta belə bir hadisə baş versəydi və deyək ki, Heydər Əliyevi Sov. İKP MK-nın birinci katibi və ya baş katibi seçsəydilər, nəyinsə dəyişib-dəyişməyəcəyi məlum deyil... Əlbəttə, ola bilərdi. Mən güman etmirəm ki, bu halda yenidənqurma həmin variantda həyata keçirilərdi. Heydər Əliyev “dil pəhləvanı” deyildi. O, necə deyərlər, az danışır, amma söz danışırdı. Mixail Qorbaçov isə gəlişigözəl danışmağı ilə məşhurlaşmışdı, “tutuquşu” kimi danışmağı bacarırdı: adamları toplayır, onlarla danışır, ilk baxışda çox demokratik rol oynayır, daim vədlər verir, qarşıda duran vəzifələri tez-tez dəyişirdi. Düşünürəm ki, əgər onun yerində Əliyev olsaydı, hər şey daha sakit və daha ciddi şəkildə cərəyan edərdi.
O vaxt Azərbaycan birinci Belovejsk Sazişində iştirak etməmişdi, amma bu Sazişi dəstəkləmişdi. MDB-ni möhkəmlətmək lazım olanda Heydər Əliyev işləyir və həmişə elə həllər tapırdı ki, onlar Azərbaycan xalqının milli maraqlarını zəiflətməsin. O, öz ölkəsini möhkəmlətmək ideyası vasitəsilə MDB çərçivəsində məsələlərin həlli yollarını tapırdı.
İndi, Prezident İlham Əliyevin dövründə Azərbaycan həm milli, həm də beynəlxalq baxımdan yaxşı mövqe tutur. Bakıda tikinti işlərinin vüsəti məni heyrətləndirdi. Bu, Yaxın Şərqin zəngin ölkələri ilə müqayisə edilə biləcək genişmiqyaslı, müasir tədbirlərdir. Təəssüf ki, bütün ölkəni görməyə imkan tapmadım. Azərbaycana 3 il bundan əvvəl gəlmişəm və yalnız Bakıda olmuşam. Lakin paytaxt mənə müsbət təsir bağışlayıb.
Mənim fikrimcə, bu gün Azərbaycan ağıllı xarici siyasət yürüdür. O, regionda münaqişələrin səbəbi və ya münaqişə ocağı deyil, hər hansı münaqişəli mövzular və problemlərlə bağlı deyil. Deməli, bu ölkə rahat inkişaf edə bilər.
Mən müasir Azərbaycanın yürütdüyü siyasəti, onun atdığı addımları müsbət qiymətləndirirəm. Ən başlıcası, ölkə yaşayır və inkişaf edir. Mən köhnə Bakını da xatırlayıram, indi onun necə dəyişməsini də görürəm. Bu, paytaxtın simasını qısa müddətdə necə dəyişmək olduğunu göstərən nümunədir. Bu, çox böyük işdir. Bu işə böyük vəsait qoyulub, böyük qüvvə sərf edilib. Azərbaycan bunu necə edib?! Düşünürəm ki, Azərbaycandan öyrənilməli məsələlər var – bu ölkədə mövcud olan asayişi, görülən təşkilati işləri və məsuliyyət hissini öyrənməyə dəyər.