Ulu Öndər Heydər Əliyevin uzaqgörənliyi və sərkərdəlik məharəti ilə Naxçıvandan başlanan milli ordu quruculuğu prosesi Azərbaycanımızın suverenleyinin təmin edilməsi ilə nəticələndi. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Vətənimizin bütövlüyü uğrunda gedən mübarizədə xalqımız bir yumruq olub düşmənə zərbə endirdi. Güclü potensiala və yenilməz döyüş təcrübəsinə malik Azərbaycan Silahlı Qüvvələrinin Vətən müharibəsi və antiterror tədbirləri ilə yazdığı bu şanlı tarix Azərbaycanımızın inkişafı üçün möhkəm bünövrə olmaqla yanaşı, həm də regionumuz üçün sülhü və təhlükəsizliyi təmin edən önəmli amil rolunu oynadı.
Bu gün Azərbaycan Ordusu Vətənimizin təhlükəsizliyinin və Cənubi Qafqazda sülhün təminatçısına çevrilib. Azərbaycan Silahlı Qüvvələrinin Naxçıvanda yerləşən Ordu, birləşmə, hissə və bölmələri Vətənimizin müdafiəsində ayıq-sayıq dayanır, döyüş növbətçiliyini yüksək peşəkarlıqla aparırlar. Naxçıvanın müdafiəsində uzun illərin böyük təcrübəsinə malik olan Əlahiddə Ümumqoşun Ordunun şəxsi heyəti peşəkarlığı və döyüş qabiliyyəti ilə öyünməyə haqlıdır. Çünki, Əlahiddə Ümumqoşun Ordu ərazi bütövlüyümüzün və suverenliyimizin təmin olunmasında üzərinə düşən vəzifələri layiqincə yerinə yetirib.
Bu il sentyabrın 25-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Türkiyə Respublikasının Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanla birgə Naxçıvan Bərpa-istehsalat hərbi kompleksinin açılışında iştirak etmələri Əlahiddə Ümumqoşun Ordunun müdafiə potensialının və ən müasir silah sistemləri ilə təchizatının yüksək səviyyədə olmağından xəbər verir. Müxtəlif növ hərbi texnika, avadanlıq və cihazların təmiri və modernləşdirilməsi üçün nəzərdə tutulan həmin hərbi kompleks döyüş vasitələrinin həmişə saz və döyüşə hazır vəziyyətdə saxlanılmasına öz töhfəsini verəcək.
Burada Prezident İlham Əliyevin ordu quruculuğunda Azərbaycan Ordusunun Türkiyə modelinə uyğunlaşdırılmasını prioritet elan etməsi nəticəsində Naxçıvanın etibarlı müdafiəsini təmin edən Əlahiddə Ümumqoşun Ordunun döyüş potensialının daha da artırılmasındakı əhəmiyyəti diqqət çəkir. Bu mənada Azərbaycan-Türkiyə dostluq əlaqələri və hərbi əməkdaşlığının inkişafında Şuşa şəhərində imzalanmış “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi"nin mühüm rolu var.
Əlahiddə Ümumqoşun Ordunun hərbçiləri Azərbaycan-Türkiyə birgə təlimlərində hər zaman peşəkarlıq və sarsılmaz qardaşlıq nümayiş etdiriblər. Cari ilin 23-25 oktyabr tarixlərində keçirilmiş "Mustafa Kamal Atatürk - 2023" Azərbaycan-Türkiyə birgə taktiki təlimində qarşıya qoyulan bütün tapşırıqların uğurla icra edilməsi qeyd olunanlara əyani misaldır.
Göründüyü kimi Azərbaycan Ordusu NATO standartlarını özündə ehtiva edən Türkiyə modelinə uğurla uyğunlaşdırılır. Təbii ki, burada Azərbaycan və Türkiyə ordularının zəfərlərlə dolu döyüş yolu xüsusi əhəmiyyət kəsb edir. Əlbəttə ki, bu prosesdə Əlahiddə Ümumqoşun Ordunun hərbi qulluqçularının peşəkarlığı, silah arsenalında mövcud olan müasir texnika, avadanlıq və vasitələr də öz sözünü deyir.
Nəriman Nəcəfov