Pakistanda ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunan seminar keçirilib

A- A A+

Azərbaycanın Pakistandakı səfirliyinin təşkilatçılığı və Pakistan-Azərbaycan Məzunlar Assosiasiyasının, Xeybər Paxtunxva əyalətinin Hökuməti Qızlar Kollecinin birgə dəstəyi ilə Haripur şəhərinin Saray Saleh qəsəbəsində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin vəfatının ildönümünə həsr olunan “Qadınların hüquq və imkanlarının artırılmasında liderlərin rolu” mövzusunda seminar keçirilib.

NUHÇIXAN xəbər verir ki, əvvəlcə hər iki ölkənin dövlət himnləri səslənib, ümummilli lider Heydər Əliyevin xatirəsinə Qurani Kərimdən ayələr oxunub.

Ölkəmizin Pakistandakı səfiri Əli Əlizadə Azərbaycanda qadınların sosial, siyasi, iqtisadi və mədəni həyatda artan rolunu vurğulayaraq gender bərabərliyinin Azərbaycanın milli dövlətçilik tarixində əhəmiyyətli nailiyyətlərdən biri olduğunu deyib. Səfir 1918-ci ildə Azərbaycanda vətəndaşlara universal seçki hüququnun verildiyini, bununla da Azərbaycanın müsəlman dünyasında qadınlara seçki hüququ verən ilk dövlət olduğunu diqqətə çatdırıb.

Azərbaycanın müstəqilliyini bərpa etdikdən sonra qadınların cəmiyyətdə ilbəil artan roluna toxunan səfir 1993-cü ildə ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlməsinin ölkəmizin sosial, siyasi, iqtisadi və mədəni həyatında yeni dönüş nöqtəsi olduğunu bildirib. Azərbaycan qadınlarının problemlərinin həllinə və onların cəmiyyətdəki rolunun genişləndirilməsinə Heydər Əliyevin xüsusi diqqət və qayğı ilə yanaşdığını vurğulayan Əli Əlizadə Ulu Öndərin rəhbərliyi ilə bu sahədə dövlət tərəfindən həyata keçirilən bütün islahatların Azərbaycan qadınlarının hüquq və imkanlarını daha da artırdığını diqqətə çatdırıb.

Ümummilli Liderin əsasını qoyduğu dövlət siyasətinin hazırda da uğurla davam etdirildiyini qeyd edən səfir Prezident İlham Əliyevin qadınların problemlərinin həllini dövlət siyasətinin prioritetləri sırasına daxil etməsinin bu istiqamətdə böyük nailiyyətlər qazanmağa imkan yaratdığını deyib. Səfir Milli Məclisdə qadın deputatların sayının son 20 ildə 4 dəfə artdığını, həmçinin müxtəlif dövlət qurumlarının rəhbərlərinin, iş adamlarının müəyyən hissəsinin xanımlar olduğunu qeyd edib. Azərbaycan dövlətinin və cəmiyyətinin təhsilə xüsusi diqqətlə yanaşdığını və böyük qiymət verdiyini bildirən səfir bu səbəbdən də qadınların 95 faizinin orta məktəbi bitirdiyini, qadınların hüquq və imkanlarının artırılması üçün təhsil və məşğulluğun vacib amil olduğunu diqqətə çatdırıb. O, Pakistan Hökumətinin qadınların hüquq və imkanlarının artırılmasının təşviqi istiqamətindəki fəaliyyətini və bu sahədə həyata keçirilən islahatları da vurğulayıb.

Pakistanın enerji üzrə federal naziri Ömər Əyyub Xan Azərbaycanın ümummilli lideri Heydər Əliyevin xatirəsini hörmətlə andığını, liderlərin rolunu və qadın hüquqlarının əhəmiyyətini vurğulayaraq, bunun ümumi insan hüquqlarının bir hissəsi olduğunu söyləyib. Nazir Azərbaycan Prezidenti İlham Əliyev və Pakistanın Baş naziri İmran Xanın müdrik və vətənpərvər rəhbərliyi ilə hər iki ölkənin daha da inkişaf edəcəyinə əminliyini ifadə edib. O, bu prosesdə Pakistan və Azərbaycan qadınlarının əhəmiyyətli rol oynayacağına ümidvar olduğunu bildirib.

Pakistan-Azərbaycan Məzunlar Assosiasiyasının həmtəsisçisi Qeysər Nəvab xalqlarımız və hökumətlərimiz arasındakı səmimi və qardaşlıq münasibətlərindən danışıb, iki ölkənin gəncləri və qadınları arasındakı əlaqələrin əhəmiyyətini vurğulayıb, gənclərin millətin gələcəyi olduğunu və qadınların hüquq və imkanlarının artırılmasının önəmini qeyd edib.

Seminarın keçirildiyi kollecin direktoru, professor Azra Yasmin Azərbaycanın sosial həyatı və mədəniyyəti barədə fikirlərini bölüşüb, ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu müasir müstəqil Azərbaycanda qadınların çox yüksək hüquqlara malik olduğunu və bu hüquqları bütün sahələrdə reallaşdırmağı bacardıqlarını bildirib. O, həmçinin Pakistan cəmiyyətində qadınların artan rolunu əks etdirən faktlara toxunub, rəhbərlik etdiyi kollecdəki nizam-intizamın və keyfiyyətli təhsilin Pakistan qadınlarının istedadının bariz nümunəsi olduğunu vurğulayıb.

Sonda tələbələrin sualları cavablandırılıb, həmçinin Azərbaycan-Pakistan münasibətlərinə dair videomateriallar nümayiş etdirilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: